Azərbaycan ostanı — İran İslam Respulikasının şimal-qərbində ostan. İnzibati mərkəzi Təbriz şəhəridir. İranın 31 əyalətindən biridir. Ostanlıq Ermənistan, Azərbaycan Respublikası, Ərdəbil, Qərbi Azərbaycan və Zəncan ostanları ilə həmsərhəddir. Şərqi Azərbaycan ostanı İranın 3-cü bölgəsindədir.
2006-cı il siyahıyaalınmasına əsasən, Şərqi Azərbaycan vilayətinin əhalisi 3,527,267 nəfər, 2011-ci il siyahıyaalmasında 3,724,620 nəfər, 2016-cı il siyahıyaalınmasında isə 3,909,652 nəfər olmuşdur.
Tarix Antik dövr
Bu gün Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhəri qədim zamanlardan yaşayış məntəqəsi olmuşdur. Şəhərin yaxınlığında, Yanıqtəpədə e.ə. 6000-ci illərə aid Neolit dövrü qalıqları aşkar edilib. Lakin şəhərin nə zaman və kim tərəfindən salındığı məlum deyil. Assuriya kralı II. Sarqona (e.ə. 722–705) aid lövhələrdə indiki bölgənin (Təbriz) Manna hakimiyyəti altında olan torpaqlarında anbarı arpa ilə dolu olan Tarmakisa adlı qaladan bəhs edilir. Bizans kralı Faustunun (IV əsr) qeydlərində Sasani şahı II Şapur (309–379) tərəfindən Tavrezin hərbi düşərgə kimi qurulduğu anlaşılır.
Arxeoloqlar, Azərbaycan regionu e.ə I minilliyin əvvəllərində üç irq qrupunun yaşadığını bildirir. Bu üç qrupdan birincisi yerli tayfalar və "Asyani" adı ilə tanınan tayfalardır. İkinci qrupun e.ə II minillikdə bu bölgəyə Fələstin, Suriya və Babil torpaqlarından gətirilən əsir və qullardır. Üçüncü qrup isə Ari xalqı və xüsusilə də Madlardır. Onlar Azərbaycanda e.ə. I minilliyin I yarısında məskunlaşaraq ərazini "Kiçik Mad" adlandırırdılar. Beləliklə, Azərbaycan Madların torpaqlarının bir hissəsi idi. Makedoniyalı İskəndərin zamanında bu bölgənin adı vali Atropatın adına görə Atorpatkan adlanırdı. Daha sonra isə Atorpatgan və Azərbaycan oldu. Bölgə valisi Atropat İskəndərin buraya hücumu zamanı müstəqilliyini elan etdi (e.ə. 328-ci il) və bununla da Kiçik Mad öz müstəqilliyini saxladı. Sonra Azərbaycan Parfiya və Sasanilərin əlinə keçdi. O zaman Azərbaycanın paytaxtı Urmiya gölünün cənub-şərqində yerləşən Şiz idi. Əsas atəşpərəstlik məbədlərindən biri burada yerləşirdi.
Orta əsrlər
Daha sonra Xəlifə Ömərin hakimiyyəti zamanı bölgə ərəb işğalına məruz qalmışdır. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı. Təbriz və ətraf ərazilərin Ərəb xilafətinin tərkibinə qatılması 642-ci ilə təsadüf edir. 730-cu ildə əməvi komandiri Cərrah bin Abdullah Xəzərlər tərəfindən məğlub edilsə də davam edən döyüşlərdə ərazi yenidən ərəblərə tabe olmuşdur. Xəlifə Harun Ər Rəşidin hakimiyyəti illərində Təbriz şəhəri surlarla əhatə edildi. Bu da şəhərin strateji əhəmiyyətini daha da artırmış oldu. Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə ölkə ərazisində baş vermiş ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatı başladı. 778–838-ci illər ərzində geniş vüsət almış üsyan ərazidə Abbasi hakimiyyətini zəiflətdi. 893-cü ildə Əbu Sac Divdad Marağa hakimliyini tutaraq öz dövlətinə birləşdirdi. 890–929-cu illər ərzində vilayət Sacilər tərəfindən idarə edildi. Saci şahı Yusif ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi o zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərirdi. Daha sonra isə ərazi Rəvvadilər dövlətinin hakimiyyəti altına keçdi. Rəvvadi əmri Əbu Mənsur 1054-cü ildə Azərbaycana gələn Səlcuqlu hökmdarı Toğrul bəyə itaətini bildirdi və ölkə Səlcuqlu hakimiyyəti altına keçdi. 1174-cü ildə Eldəniz hökmdarı Məhəmməd Cahan Pəhləvan Təbrizi qardaşı Qızılarslanın tabeliyinə verdi və o da buranı Azərbaycanın mərkəzinə çevirdi. Qızılarslan Təbrizdə böyük bir saray inşa etdirdi. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Təbrizə daxil olması ilə burada Eldənizlərin hakimiyyətinə son qoyuldu. 1231-ci ildə Monqol şahı Arqun ağa Təbrizə gələrək şəhəri hərbi fəaliyyətləri üçün mərkəzə çevirdi.1256-cı ildə isə şəhər Hülakülər dövlətinin idari və siyasi mərkəzi oldu. Şəhər öz yüksəliş dövrünü Qazan xanın hakimiyyəti zamanında yaşadı. Elxanilərdən sonra şəhər Çobanilər, Qızıl Orda , Müzəffərilər və Cəlairilər hakimiyyəti altına keçdi. 1386-cı ildə Təbrizi müharibəsiz tutan Teymur növbəti il şəhərin idarəsini oğlu Miran şaha , 1404-cü ildə isə nəvəsi Ömərə verdi. Şəhər 1408-ci ildə Teymuri Əbu Bəkr Mirzənin və 1410-cu ildə Əhməd Cəlairi məğlub edən Qaraqoyunlu Yusifin əlinə keçdi. Teymuri Şahrux üç dəfə hücum etdiyi Təbrizi 1436-cı ildə Qaraqoyunlu Cahan şaha təslim etdi. 1469-cu ildə isə Uzun Həsən Təbrizi Ağqoyunluların paytaxtı elan etdi. 1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular. Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı oldu. 1514-cü ildə Osmanlı Sultanı I Səlimin qoşunları Təbrizi tutdu. Altı gündən sonra I Səlim Təbrizi tərk etməyə məcbur oldu. O, mindən artıq Təbriz ustasını ailəsi ilə birlikdə İstanbula apardı. Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçirildi və qarət edildi. 1562-ci ildə Təbrizdə olan ingilis səyyahı Cenkinson yazır ki, "bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdır". Bunun əsas səbəbi Osmanlı sultanının hərbi yürüşləri olmuşdu. 1585–1586-cı illərin Osmanlı işğalı zamanı Təbriz ağır zərbələrə məruz qaldı. XVIII əsrin əvvəllərində Səfəvi imperiyasının dərin siyasi, iqtisadi böhran keçirməsi daxili mübarizəyə yol açdığı kimi, qonşu Rusiyanın və Osmanlı imperiyasının Səfəvi mülklərini bölüşdürmək uğrunda mübarizəyə başlamağa şərait yaratdı. 1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar Təbrizi osmanlılardan azad etdi. 1735`də Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. Nadir şahın ölümündən sonra Azərbaycanın digər bölgələri kimi indiki Şərqi Azərbaycan ostanının ərazisində də müstəqil xanlıqlar yarandı. Bunlardan ən başlıcası Təbriz xanlığı idi. XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1758-ci ildə Təbriz Urmiyalı Fətəli xan Əfşarın, 1761-ci ildə isə Xoylu Nəcəfqulu xan Dümbülünün hakimiyyəti altına düşdü. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi.
Ostanlığın ərazisində yaranan bir digər xanlıq olan Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olunmuş. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi. Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.
Bölgədə yaranan digər xanlıqlar Qaradağ, Sərab, Xoy xanlıqları idi. 1791-ci ildə Qacarlar tərəfindən süqut edilən Qaradağ xanlığı vilayətə çevrildi və ərazisinə Əhər, Kəleybər, Çələbiyan, Vərgəhan və Dizmar şəhərləri daxil edildi.
Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826–1828-ci illər Rusiya-Qacar müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz Qacar imperiyasının hakimiyyətində qaldı. Şərqi Azərbaycan ostanlığının mərkəzi olan Təbriz şəhəri 1905–1911-ci illərdə İran inqilabının mərkəzi idi. 1911-ci ilin dekabrında rus kazak ordusunun yardımından istifadə edən Məhəmmədəli şah Təbrizi ələ keçirdi, dinc əhaliyə divan tutuldu.
Müasir dövr
1917–1919-cu illərdə Cənubi Azərbaycanda İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı güclü xalq hərəkatı başladı. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında Təbriz üsyançıları valini şəhərdən qovdular. 1920-ci il iyunun 23-də Ş. M. Xiyabaninin rəhbərliyi altında Milli Hökumət təşkil olundu. 1920-ci il sentyabrın 12-də əks-inqilabi qüvvələr Təbriz üzərinə hücuma keçdilər, Alaqapını ələ keçirdilər, sentyabrın 14-də "Təcəddüd" qəzetinin binasını dağıtdılar. Həmin gün Ş. M. Xiyabani öldürüldü. İrticaçılar üsyançılara divan tutdular. Beləliklə, Cənubi Azərbaycandakı milli azadlıq hərəkatıingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı. Buna baxmayaraq, Təbriz üsyanı Cənubi Azərbaycanda, eləcə də İranda yaşayan xalqların tarixində mühüm rol oynadı. 1941-ci il avqustun 26-da şəhər Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən işğal edildi. Təbrizli ziyalılar Sovet və İran zülmünə qarşı muxtariyyət istəyən Firqə-i Demokrat-ı Azərbaycanı qurdular. Partiyanın səyləri ilə 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Məclisi açıldı və Seyid Cəfər Pişəvərinin sədrliyi ilə Azərbaycan Milli Hökuməti yaradıldı. Milli hökumət 1946-cı il yanvarın 16-da "Dil haqqında" qanun qəbul etdi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İyun ayında Təbriz Universiteti təsis olundu. Az bir vaxtda ana dilində məktəblər, qiraətxanalar, kitabxanalar, birliklər, qəzet və jurnallar fəaliyyətə başladı. Milli-demokratik hərəkatın ictimai həyatın bütün sahələrində uğurları şah hökumətində böyük təşviş yaratdı.
1946-cı il iyunun 14-də İran hökuməti ilə azərbaycanlıların hüquqlarını təmin edən müqavilə imzalansa da, İran hökumət qüvvələri 1946-cı ilin dekabrında Təbrizə daxil olaraq Azərbaycan Muxtar Respublikasını ləğv etdilər. Minlərlə insan güllələndi və həbsə alındı. Kütləvi təqiblər başlandı. ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Cəzadan xilas olmaq üçün on minlərlə vətənpərvər mühacirət etməyə məcbur qaldı. 1941–1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı.
1950-ci ildə Şərqi Azərbaycan ostanı yaradıldı. Təbriz yeni yaradılan ostanın mərkəzi oldu.
İranda 1978–1979-cu illər inqilabında da Təbriz əhalisi ən fəal şəkildə iştirak etdi. 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. İnqilab dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər.
1994-cü ildə Ərdəbil şəhəri Şərqi Azərbaycan ostanlnda ayrıldı və Ərdəbil ostanı yaradıldı.
Coğrafiya Ostanlığın ərazisi təqribi 47830 km²-dir. Əhalisi isə 4 milyon nəfərdir. Bölgə şimaldan Azərbaycan, Ermənistan Respublikaları və Naxçıvan Muxtar Respublikası ilə, qərbdən Zəncan, şərqdən isə Ərdəbil şəhərləri ilə həmsərhəddir. Ostanlığın ərazisinin 40%-ni dağlar təşkil edir. Burada ən hündür nöqtə Təbrizin cənubunda yerləşən Səhənd dağının vulkanik zirvəsidir (3707 m). Bölgədə yerləşən dağlara Səhəndlə yanaşı, Mişo dağı, Bozquş, Qaflan Kuh, Gərədağ, Morodağ, Eynəli, Qoşa dağı misal göstərmək olar. Bundan başqa bölgənin Ərdəbil sərhəddində Savalan dağı yerləşir.
Şərqi Azərbaycanın iqliminə Aralıq dənizi kontinental, eləcə də soyuq yarı quraq iqlim təsir göstərir. Xəzər dənizindən əsən mülayim mehlərin də alçaq ərazilərin iqliminə müəyyən təsiri var. Temperatur Təbrizdə 8,9 °C-ə qədər, Marağada 20 °C-ə qədər yüksəlir, qışda isə ən azı −10 ilə −15 °C-ə düşür. Əyaləti ziyarət etmək üçün ideal fəsillər yaz və yay aylarıdır.
Qaradağ dağ silsiləsi ərazinin şimal hissəsini əhatələyən ən böyük dağ silsiləsidir. Bu silsilə bölgənin qərbində Divandağ ərazisindən başlayaraq Mərənd, Şəbəstər, Təbriz, Əhər, Kəleybər və Meşkinşəhr şəhərləri boyunca uzanır. Ostanlığın bir digər dağ silsiləsi Qoşadağ silsiləsidir. Bu silsilənin ən hündür nöqtəsi (3150 m) Qoşadağ zirvəsidir. Azərbayan vilayətinin ən yüksək zirvəsi olan Savalan volkanik kütləsi isə Qoşadağın şərqində Ərdəbil şəhəri ərazisində yerləşir. +Dağın adıƏn yüksək zirvəsiHündürlüyü (m)SəhəndKamal3750MişoƏli Ələmdar3155BozquşBozquş3304QaflankuhOcaq dağı2981Gərə dağKiyaməki3414Moro dağÇəllə Xana- Pir Musa2210Eynəli dağıEynəli1800Qoşa dağQoşa3150SavalanSultan Dağı4811QaradağNişankuh3660
Daxili sular Ətrafı məlumat üçün: Şərqi Azərbaycan ostanının çayları Ətrafı məlumat üçün: Şərqi Azərbaycan ostanında yerləşən su anbarları Qarasuçay Əhərçay Acıçay Quruçay Araz çayı Urmiya gölü Quru göl Asiyab Xarabə şəlaləsi Gül Axur şəlaləsi Eyş Abad şəlaləsi