Klara Çervenkova (; ) — Çexiyalı coğrafiyaçı, antropoloq, alim, sufrajist (qadın hüquqları müdafiəçisi) pasifist və feminist olub. O, Karl Universitetinin Fəlsəfə fakültəsini bitirən ilk qadınlardan və universitet dərəcəsi alan ilk çex qadınlarından biri idi. Anti-faşist mövqeyinə görə, İkinci Dünya müharibəsinin sonunda həbs edilib və Ravensbrük həbs düşərgəsinə göndərilib. Həyatı Klara Çervenkova 11 avqust 1873-cü ildə Praqanın Köhnə Şəhər (Old Town) hissəsində, əslən Sedlçanıdan olan dərzi Yozef Çervenka və Mestek Kralovedən olan həyat yoldaşı Mari Çervinkovanın ailəsində doğulub. Klaranın Mariya adlı ekiz bacısı olub. Məktəbi bitirdikdən sonra, 19 yaşında Praqada Mərkəzi Avropada yeni açılmış (1890) ilk özəl qızlar gimnaziyası olan "Minerva"da təhsil almağa başlayıb. Burada o, Alibina Honzakova və Mariya Baborova kimi müəllimlərdən dərs alıb.
Pedaqoji fəaliyyəti 1898-ci ildə həmin məktəbi bitirdikdən sonra Karl Universitetinin Fəlsəfə fakültəsində mühazirələrdə iştirak etməyə başlayıb. 1900-cü ilə qədər qızlara mühazirələrdə yalnız "sərbəst dinləyici" kimi (müntəzəm tələbə statusu olmadan) iştirak etməyə icazə verilsə də, 1900-cü ildə qəbul edilmiş yeni qanun qızlara bütün təhsil müddəti üçün imtahan vermək imkanı yaradıb. Çervenkova yalnız 1906-cı ildə tələbə kimi qəbul edilib. Bu müddət ərzində o, "Çex Qadın İstehsalat Birliyi"nin qızlar və qadınlar məktəbində çex dili və coğrafiya dərslərini keçməyə başlayıb. O dövrdə müəllimlik peşəsi qadınlardan subaylıq əhdi tələb etdiyi üçün, Çervenkova ömrü boyu ailə qurmayıb.
1913-cü ildə coğrafiya və antropologiya fənləri üzrə imtahanları, həmçinin fəlsəfə üzrə orta imtahanı verib və 28 iyul 1913-cü ildə Karl-Ferdinand Universitetindən məzun olub. Onun dissertasiyası "Şərqi Afrikada İqtisadi Şərait" adlanıb.
Çexoslovakiyanın yaradılmasından və ali təhsil sahəsində kişi və qadınların bərabər hüquqlarının bərqərar olmasından sonra, o, Praqada Ali Pedaqoji Araşdırmalar Məktəbində təhsilini davam etdirib və "Minerva" gimnaziyasında müəllim kimi çalışıb. 1923-cü ildə İkinci Çex Qızlar Real Bələdiyyə Gimnaziyasında müəllim vəzifəsinə təyin olunub. İctimai fəaliyyəti Hələ tələbə ikən Çervenkova Çexiyanın ictimai fəaliyyətlərinə cəlb olunmağa başlayıb, bir çox qadın birliklərinin və təşkilatlarının üzvü olub. O, həmçinin siyasi proseslərdə də iştirak edib. Əvvəlcə Masarikin Realist Partiyasında, daha sonra isə Çexiya Sosial Demokrat Fəhlə Partiyasında təmsil olunub. Karla Maxova ilə əməkdaşlıq edərək Qadınların Seçki Hüququ Komitəsinin fəaliyyətlərində iştirak edib. 1918-ci ildən sonra Qadın Milli Şurası yaradıldıqda, onun vitse-prezidenti olub və bu qurumda Frantiska Plaminkova və Milada Horakova kimi şəxslərlə birlikdə çalışıb. Məqalələrində və peşəkar mətnlərində, digər məsələlərlə yanaşı, marksist milli iqtisadiyyatın təhlili ilə də məşğul olub.
1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başladıqdan sonra, o, respublikaçı demokratik hökuməti general Fransisko Frankonun faşist qüvvələrinə qarşı dəstəkləyən qrupun sədr müavini olub və münaqişənin sülh yolu ilə həlli təşəbbüslərində çıxış edib.
Həbsi və ölümü 15 mart 1939-cu ildə Bohemiya və Moraviya protektoratı qurulduqdan sonra çex qadınlarının fəaliyyətləri rəsmi olaraq məhdudlaşdırılıb. Klara Çervenkova 28 oktyabr 1941-ci ildə həbs edilib və solçu siyasi baxışlarına, həmçinin İspaniya vətəndaş müharibəsi zamanı göstərdiyi anti-faşist fəaliyyətlərinə görə 1943-cü ildə Nasist Almaniyasındakı Ravensbrük həbs düşərgəsinin (konslager) qadınlar bölməsinə göndərilib. O, burada bəzi keçmiş tələbələri və Yojka Yaburkova, Anna Krjenova, Mari Urbanova və Qusta Fuçikova kimi solçu qadın ziyalıları ilə birlikdə saxlanılıb. Səhhətinin və görmə qabiliyyətinin zəifləməsinə baxmayaraq, o, gizli toplantılarda iştirak edib və digər məhbuslara tarix mühazirələri oxuyub.
Klara Çervenkova 12 may 1945-ci ildə, 71 yaşında düşərgədə vəfat edib.
Xatirəsi Onun adı İkinci Dünya müharibəsində həlak olmuş Çexiya Sosial Demokratiyasının bədən tərbiyəsi bölməsinin üzvlərinin şərəfinə ucaldılmış xatirə lövhəsinə həkk olunub. Bu lövhə Praqanın Strahovska küçəsində yerləşir.
İstinadlar
Xarici keçidlər
Klára Červenková helped others ...