Komita Arianiti () — həmçinin Komita Arianiti Komneno, Komina, Komnin və ya Komnena kimi də tanınan, Arianiti sülaləsindən olan 15-ci əsr alban şahzadəsi olmuşdur. O, Qoyko Balşa ilə evləndikdən sonra Misiyanınm birinci xanımı olmuşdur.
Həyatı və evliliyi 15-ci əsrin ortalarında anadan olan Komita Arianiti, görkəmli alban zadəganı və hərbi komandiri Gerg Arianiti və onun birinci həyat yoldaşı, Muzaka ailəsinin üzvü olan Mariya Muzakanın yeddinci qızı olmuşdur. O, Osmanlı genişlənməsinə qarşı müqavimət zamanı Albaniyanın aparıcı aristokratik ailələrindən biri olan nəcib Arianiti sülaləsinin üzvu olmuşdur. Onun erkən həyatı haqqında çox şey məlum deyil.
O, bacısı Donika Arianitinin məşhur alban lideri ilə evliliyi vasitəsilə İskəndərbəyin baldızı olmuşdur.
Komita Misiya hakimi olan Qoyko Balşa ilə evlənmişdir. Misiya Kruya və Leja arasında yerləşən bir ərazi olmuşdur.
İskəndərbəyin bacısı oğlu olan Qoyko, 1444-cü ildə qardaşları Gerg Strez Balşa və Gyon Balşa ilə birlikdə Leja Liqasına qoşulmuş və Osmanlı genişlənməsinə qarşı alban müqavimətinin bir hissəsini təşkil etmişdir.
Sonrakı həyatı və ölümü 1468-ci ildə İskəndərbəyin ölümündən sonra, Komita Arianiti və ailəsi Balkan yarımadasındakı siyasi qarışıqlıq fonunda İtaliyaya qaçmışdır. Onu həyat yoldaşı Qoyko Balşa, 7 yaşlı qızı Mariya Balşa, İskəndərbəyin dul qadını olan bacısı Donika Arianiti və bacısı oğlu II Gyon Kastrioti, həmçinin onlarla birlikdə qaçan bir çox başqa qadın və uşaqlar müşayiət etmişdir. Neapol krallığına gəldikdən sonra onlar mehribanlıqla qarşılanmışlar.
1483-cü ildə Komitanın qızı Mariya, Muro qrafı Cakomo Alfonso Ferrillo ilə evlənmişdir. Cakomo Alfonso, Kalabriya hersoqu II Alfonsonun xəzinədarı kimi xidmət edən və Neapoldakı Araqon sarayında görkəmli bir şəxsiyyət olan Mazzeo Ferrillonun oğlu olmuşdur. Nəcib xarakteri və təhsili ilə tanınan Cakomo Alfonso ən azı 1501-ci ilə qədər Muro qrafı titulunu daşımışdır. 1511 və 1516-cı illər arasında o, Terra-d'Otranto və Bari əyalətlərini idarə etmişdir.
1514-cü ildə Osmanlıya tabe olan Avlona (Vlyora) sancağı tərəfindən Muro qrafı və Neapol krallığında Terra-d'Otranto və Bari qubernatoru Cakomo Alfonso Ferrilloya 22 mart tarixli diplomatik məktub göndərilmişdir. Məktub davam edən regional münaqişələrə baxmayaraq, Osmanlı İmperiyası ilə Neapol arasında dinc və əməkdaşlıq əlaqələrini qorumaq üçün açıq bir səyi ortaya qoyur. O, həmçinin Ferrillonun həyat yoldaşı Mariya Balşaya və Komitanın özünə hörmətli salamlar göndərərək, onların Adriatik dənizi boyunca davam edən ailə və diplomatik əlaqələrini göstərir. Bu sənəd Komita və ailəsinin miqrasiyalarından onilliklər sonra Cənubi İtaliyanın siyasi və iqtisadi işlərində nüfuzlu qaldığını, eyni zamanda Komitanın 1514-cü ildə hələ də sağ olduğunu göstərir.
1514-cü il tarixli məktubu göndərən Avlona sancaqbəyi çox güman ki, alban əsilli olmuşdur. Onun dəqiq kimliyi naməlum olsa da, dəlillər onun Dukagcini ailəsi və ya Kastrioti ailəsi kimi yerli zadəgan ailələrindən birinə mənsub olduğuna işarə edir ki, bu ailələrin bir çox üzvü Osmanlı hakimiyyəti altında nüfuzlarını qorumaq üçün İslamı qəbul etmişdir. Məsələn, Mustafa Bəy adlı bir sancaqbəy Dukagcini ailəsinin üzvü kimi müəyyən edilmiş və 1500-cü illərin əvvəllərində Avlona və ətraf bölgəni idarə etdiyi qeyd olunmuşdur. Həmçinin, Mariya Balşanın eyni zadəgan soyundan olan İskəndərbəy adlı kuzeni də bu dövrdə sancaqbəy vəzifəsində xidmət etmişdir. Osmanlı mənbələri və hesabatları göstərir ki, imperiya sədaqət və itaəti təmin etmək üçün Albaniyada alban əsilli sancaqbəyləri təyin etməyə üstünlük vermişdir, çünki xarici qubernatorlar tez-tez yerli əhali tərəfindən müqavimətlə qarşılaşmışdır. Bu, məktubun mehriban tonunu və sancaqbəyin Mariya Balşa və onun ailəsi ilə tanışlığını izah etməyə kömək edir, Albaniya və cənubi İtaliyanı birləşdirən davam edən ailə bağlarını əks etdirir.
Ailəsi Komita Arianiti Qoyko Balşa ilə evlənmişdir. Cütlüyün üç övladı olmuşdur: Naməlum oğul, Macarıstanda vəfat etmişdir Naməlum oğul, Macarıstanda vəfat etmişdir Mariya Balşa, Muro qrafinyası, Açerentsa və Muro qrafinyası. Açerentsa və Muro qrafı Cakomo Alfonso Ferrillo ilə evlənmişdir. Ledi Beatris Ferrillo və Ledi İzabel Ferrillo adlı iki qızı olmuşdur.
İstinadlar