«Kralovets diyarı» () — Rusiyanın Ukrayna vilayətlərini ilhaq etmək üçün keçirdiyi referendumlara cavab olaraq, Kalininqrad vilayətinin Çexiya tərəfindən ilhaq edilməsini nəzərdə tutan satirik konsepsiya və internet memi. Çexiyanın bu əraziyə dair parodiya xarakterli "iddiaları" II Prjemısl Otakar ilə Köniqsberq (Kalininqrad) arasındakı tarixi bağlılığa əsaslanmışdır.
Tarixi
Zəmin Konsepsiya ideyası Rusiyanın Ukraynanın şərq vilayətlərini ilhaq etmək məqsədilə keçirdiyi və beynəlxalq ictimaiyyət tərəfindən saxtalaşdırılmış kimi tanınan referendumlara, habelə Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın hətta qoşunlarının tam nəzarət etmədiyi Ukrayna ərazilərini belə öz tərkib hissəsi hesab etməsi barədə bəyanatına cavab olaraq yaranmışdır. Kalininqrad vilayətinin "ilhaqı" da analoji qaydada, yəni referendum əsasında nəzərdə tutulurdu. Bu zaman referendumun əvvəlcədən müəyyən edilmiş nəticələrinin 90%-dən çox olması "təmin edilməli idi".
Yaranması Bu konsepsiya 27 sentyabr 2022-ci il tarixdə "AZ247.cz" satirik saytında Kalininqrad vilayətinin ilhaqı ilə bağlı petisiyanın yaradılması nəticəsində ortaya çıxmışdır. Petisiyada 98% "lehinə" nəticə ilə referendumun keçirilməsi və ərazinin ilhaq edilməsi tələb olunurdu. Bu, dərhal Polşa mediasının diqqətini çəkmişdir. Layihənin müəllifi iddia edirdi ki, Rusiya nümunəsi sayəsində Çexiya üçün "öz ərazisini genişləndirmək və nəhayət dənizə çıxış əldə etmək üçün unikal fürsət yaranmışdır". Petisiyada Çexiya hakimiyyətindən qoşunlarını Kalininqrada yeritmək, orada birləşmə haqqında referendum keçirmək (98% səs çoxluğu ilə), daha sonra isə ərazini ilhaq edərək Kalininqradın adını Kralovets olaraq dəyişdirmək xahiş olunurdu. 4 oktyabr tarixinədək petisiya 6 mindən çox, 5 oktyabrda isə 16 min imza toplamışdır. Ayın sonuna qədər imzaların sayı 20 minə çatmışdır.
28 sentyabr 2022-ci il tarixdə "papież internetu" () ləqəbli anonim polyak istifadəçi "Twitter" (indiki "X") sosial şəbəkəsində Kalininqrad vilayətini cənubda Polşa və şimalda Bohemiya arasında bölən xəritə dərc etmişdir. O, bu paylaşımı "Çex qardaşlarımızın nəhayət dənizə çıxış əldə etmələri üçün Kalininqradı bölmək vaxtıdır" sözləri ilə şərh etmişdir. Polşalı istifadəçinin bu paylaşımı çex ictimaiyyəti tərəfindən dərhal qəbul edilən zarafatcıl konsepsiyanın əsasını qoymuşdur. Avropa Parlamentinin deputatı Tomaş Zdexovski bu paylaşımı "Polşalıları necə sevməmək olar" şərhi ilə yenidən paylaşdıqdan bir gün sonra mem Çexiyanın internet dairələrində geniş populyarlıq qazanmışdır.
Memlər Virus xarakterli bu konsepsiya həm çex, həm də polyak istifadəçilər tərəfindən çoxsaylı memlərin yaranmasına səbəb olmuşdur. Polşada, məsələn, Vladimir Putinin telefonla "Salam, Kalininqradda vəziyyət necədir?" deyə soruşduğu və sonra təəccüblə "Necə yəni 'ahoy'?" (çex dilində salamlaşma forması) deyə təkrar soruşduğu bir mem geniş yayılmışdır. Polşalı istifadəçilər tərəfindən "Helena Vondráčková" və "Jožin" sualtı qayıqları, habelə "Karel Gott" aviadaşıyıcısı mövzusunda memlər dərc edilmişdir. "Çexiya atom sualtı donanması"nın "xəbərlərində" bildirilmişdir ki, Çexiya tərəfindən ilhaq edilmiş Kalininqradın yaxınlığında "Quldur Rumtsays" atom sualtı kreyseri "Lalə qız" ballistik raketinin sınaq buraxılışını həyata keçirmişdir. Çexiya hərbi-dəniz gəmiləri üçün təklif olunan digər adlar arasında "Krteček", "Štaflík" və "Špagetka" kimi obrazlar yer almışdır.
Çexiya internet məkanında paylaşılan memlərdə Çexiya xəritəsi ilə yanaşı, yeni eksklavın xəritəsinin də əks olunduğu yeni hava proqnozu və ya tarixi "sübutlar" nümayiş etdirilmişdir. Məsələn, ABŞ Prezidenti Con Kennedinin 1963-cü ildə Kalininqrada "səfəri" zamanı Çexiyanın iddialarını "təsdiqlədiyi" və özünün Qərbi Berlində məşhur nitqinə istinadən "Ich bin ein Kralovečák" dediyi iddia edilmişdir. Digər memlərdə çex tramvayları, "Pendolino" qatarı, habelə çexiyalı turistlərlə dolu olan Kalininqrad çimərlikləri fonunda boş qalmış Xorvatiya təsvir olunmuşdur. Yeni "çex" regionunda Kralovetsdən Praqa və Ostravaya uçuşlar həyata keçirən aviaşirkət, filarmoniya, teatr və Kral II Prjemısl Otakar adına universitetin "yaradıldığı" qeyd edilmişdir. "Kralovets diyarı" öz fəaliyyətinə "Pivə axını – 1" adlı Praqa-Kralovets pivə kəməri kimi strateji infrastruktur layihələri ilə başlamış, Praqa metrosunun "B" xəttinin isə ölkənin "Uzaq Şərqi Bohemiya" (və ya "Uzaq Şimali Moraviya") adlı yeni regionuna qədər uzandığı vurğulanmışdır.
Hesablar thumb|«Kralovets diyarı» müəllif loqotipi.
"Twitter" platformasında eksklavın "@KralovecCzechia" adlı "rəsmi" hesabı yaradılmışdır. 4 oktyabr tarixində bu hesabda ilk mesaj paylaşılmışdır: "Kralovetsin rəsmi hesabına xoş gəlmisiniz. Uğurlu referendumun nəticələrinə əsasən, Kalininqrad sakinlərinin 97,9%-i Çexiya Respublikasına birləşməyin və Kalininqradın adının Kralovets olaraq dəyişdirilməsinin lehinə səs vermişdir". "Kralovets diyarı"nın "rəsmi" saytında Çexiya hökumətinin həmin gün Kalininqrad vilayətinin ilhaqı haqqında akt imzaladığı iddia edilmişdir, lakin istifadə olunan fotoşəkil əslində 2021-ci ildə koalisiya sazişinin imzalanma mərasiminə aid olmuşdur.
İnternetdə, həmçinin şəhər adlarının çex dilində göstərildiyi "Kralovets diyarı" xəritəsi yayılmışdır. Bu xəritədə şəhərlər Beneşov-nad-Baltem (ilkin adı Baltiysk), Svetlaya Qora (Svetloqorsk) və Ukrayna Prezidenti Volodimir Zelenskiyə ehtiram əlaməti olaraq Zelenskioqradsk (Zelenoqradsk) kimi adlandırılmışdır. Bir çox memlərdə Kralovets sakinləri məşhur "Krot" çex cizgi serialının qəhrəmanları obrazında təsvir edilmişdir.
Hadisələrin inkişafı 10 oktyabr 2022-ci il tarixdə Praqada Rusiyanın səfirliyi qarşısında təqribən 200 nəfər toplaşmış, satirik "referendum"un nəticələri barədə məlumat vermişdir. Bu qərarın şərəfinə səfirlik önündə Çexiya dövlət himni səsləndirilmişdir. Aksiya iştirakçıları qeyd etmişdilər ki, bu tədbir hər hansı siyasi proqramı olan nümayiş yox, totalitarizmə qarşı ən yaxşı silah olan yumorun ifadəsidir.
2023-cü ilin may ayının əvvəlində Polşanın Xaricdəki Coğrafi Adların Standartlaşdırılması Komitəsi şəhər üçün yalnız polyakca "Krulevets" () adının istifadə olunmasını tövsiyə etmiş və bununla əlaqədar yollardakı göstəricilər dəyişdirilmişdir.
Səbəbi Bu satira Tevton qalasının — Köniqsberqin (çex dilində "Kralovets") gələcəkdəki sovet Kalininqradının yerində inşa edilməsi və XII əsrin ortalarında bu torpaqlara təşkil olunan Prussiya səlib yürüşündə iştirak etmiş Çexiya kralı II Prjemısl Otakarın şərəfinə adlandırılması faktına əsaslanır. Əksəriyyəti almanlardan ibarət olan səlibçilər, yanlarında kral kimi mühüm bir şəxsiyyətin olmasından qürur duyduqları üçün qalaya bu adı vermişdilər. II Prjemısl Otakarın anası tanınmış alman zadəgan ailəsi olan Ştaufenlərdən olduğu üçün o, həm də Almaniyada nüfuzlu bir şəxs hesab edilirdi.
Çexiyanın "Deník N" nəşri bu satiranı ciddi şəkildə təhlil etməyə çalışmış, jurnalist Filip Titlbax isə publisist Petr Kubski ilə müsahibəsində bu zarafatın hər hansı real əsasının olub-olmadığını araşdırmışdır. Müsahibə zamanı bildirilmişdir ki, Rusiyanın Ukrayna ərazilərinə olan iddiaları kimi tarixi fantazmalara qapılmasa, Çexiyanın Kalininqrad vilayətinə dair heç bir tarixi və ya digər hüququ yoxdur. Qeyd olunmuşdur ki, hətta ərazi onlara keçsə belə, özgə torpağının işğalı və ilhaqı beynəlxalq hüquq baxımından heç bir legitimlik qazanmayacaqdır. Bundan əlavə, Çexiya Respublikasının ordusu böyük ərazilərin fəthi və işğalı üçün nəzərdə tutulmamışdır; belə bir ssenari mümkün olsaydı belə, Kalininqrad vilayətinin ələ keçirilməsi Çexiya üçün sənaye istehsalından qaynaqlanan böyük ekoloji yüklər kimi ciddi problemlər yaradardı. Petr Kubski bu ssenarinin reallaşmasını qətiyyən istəmədiyini vurğulamışdır. O, satiranın əsas ideyasını gülməli hesab edərək, bunu çex xalqının Ukraynadakı gərgin və sarsıdıcı müharibə ilə bağlı psixoloji gərginliyi yumor vasitəsilə aradan qaldırmaq cəhdi kimi qiymətləndirmişdir.
Siyasi coğrafiya mütəxəssislərinin fikrinə görə, Kalininqrad vilayətinin Çexiyaya birləşdirilməsi yalnız dənizə çıxış, nüvə silahı və ya donanma kimi üstünlüklər yox, həm də mövcud əhalinin dil və mədəni fərqlilikləri, eləcə də müasir Çexiya ilə heç bir ortaq tərəfi olmayan və heç vaxt Bohemiya krallığına məxsus olmayan bu bölgə ilə nəqliyyat əlaqələrinin qurulması zərurəti kimi problemlər gətirərdi.
Reaksiyalar : Çexiya Daxili İşlər Nazirliyi zarafatla qeyd etmişdir: "Hazırda işlərimiz çoxdur, biz isə burada təcili olaraq dəniz sərhədləri üzrə mütəxəssisi haradan tapacağımız barədə baş sındırırıq. Təsadüfən tanıdığınız yoxdur?". Xarici işlər naziri Yan Lipavski "çex" Kalininqradı haqqında zarafatları belə qiymətləndirmişdir: "Baltikyanı qonşularımızla tərəfdaşlığımız heç vaxt bu qədər güclü olmamışdır". Bəzi rəsmi qurumlar, məsələn, "Prague Integrated Transport", "Alza.cz" və Çexiya Dəmir Yolları kimi brendlər də bu memə reaksiya vermişdilər. Pyotr Kubskinin fikrinə görə, çexlər bu absurd yumor forması vasitəsilə Rusiyanın Ukraynaya davam edən müdaxiləsi ilə bağlı psixoloji sarsıntıların öhdəsindən uğurla gəlməyə çalışmışlar. : Bəzi Rusiya media orqanları Tomaş Zdexovskinin paylaşımına diqqət yetirərək, Avropa hakimiyyətinin regionun ilhaqını ciddi şəkildə müzakirə etdiyi barədə zarafatı real xəbər kimi təqdim etmişdilər. "EurAsia Daily" nəşri satiraya təəccüblə yanaşaraq, çexiyalı deputatı revanşist bəyanatda ittiham etmiş və onun polşalı istifadəçinin "şübhəli ideyasını" dəstəklədiyini bildirmişdir. "PolitExpert" saytı hərbi ekspert Mixail Timoşenkonun şərhini dərc etmiş və o, Çexiya ilə Polşanın Kalininqradın bölünməsinə ümid etməməli olduqlarını bəyan etmişdir. "Meduza" nəşri zarafatla bildirmişdir ki, Kralovetsin hazırda "yalnız Veyşnoriya ilə dostluq və qarşılıqlı yardım haqqında müqaviləsi çatmır". : ABŞ-nin Çexiyadakı səfirliyi də satiraya qoşulmuşdur. Səfirlik Çexiya Müdafiə Nazirliyinin "F-35" qırıcılarının alınması barədə paylaşımına "Bəlkə sizə təsadüfən aviadaşıyıcı da lazımdır?" sualı ilə cavab vermişdir. : Slovakiya Prezidenti Zuzana Çaputova bildirmişdir: "Mən dövlət səfəri barədə düşünə bilərdim. Yaxud yox. Rusiyanın Ukraynadakı qondarma referendumlarının absurdluğunu ifşa edən çex dostlarımız afərin".
Ümumilikdə, Polşa və Çexiya mediası bu "iddianı" perspektivli bir zarafat kimi, Ukrayna mediası isə uğurlu satira kimi işıqlandırmışdır.
İstinadlar
Kateqoriya:2022-ci ildə tanıdılanlar Kateqoriya:Çexiya mədəniyyəti Kateqoriya:Kalininqrad vilayəti Kateqoriya:Virtual dövlətlər Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)