Məmməd bəy Hacı Paşa bəy oğlu Məmmədbəyov () — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət etmiş azərbaycanlı hərbi xadim, polkovnik, Quba qəzasının hərbi rəisi.

Həyatı

İlk illəri, təhsili və Rusiya İmperator Ordusunda xidməti

Məmməd bəy Məmmədbəyov 1867-ci ildə Bakı quberniyasının Quba qəzasında irsi əsilzadə ailəsində anadan olmuşdur. İlk təhsilini Bakı Real Məktəbində tamamladıqdan sonra Tiflis Hərbi Məktəbinə (Tiflis Piyada Yunker Məktəbi) daxil olmuş və buranı bitirərək 1886-cı ildə zabit kimi hərbi xidmətə başlamışdır. Hərbi xidmət dövründə Podporuçik (1889), Poruçik (1893) və Ştabs-kapitan (1901) zabit rütbələri almışdır.

Məmməd bəy 1903-cü ildən Bakı polismeysterinin köməkçisi vəzifəsini icra etmişdir. 1911-ci ildə Qars vilayətinə ezam olunaraq, hərbi qubernatorun yanında xüsusi tapşırıqlar üzrə qərargah zabiti təyin edilmişdir. 1912-ci ildə nümunəvi xidmətinə görə podpolkovnik rütbəsinə yüksəldilmişdir. 1917-ci ilin oktyabrında Bakıda fəaliyyət göstərən Praporşiklər məktəbinin müdiri vəzifəsində çalışmışdır. AXC-dövründə və Aprel İşğalı Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra Milli Ordunun təşkilində yaxından iştirak etmişdir. 1918-ci ilin dekabrında strateji əhəmiyyətə malik olan Quba qəzasının hərbi rəisi vəzifəsinə təyin olunmuşdur. 1918-ci il hadisələri (Quba soyqırımı) zamanı Məmmədbəyovun ailə mülkiyyətinə və şəxsi əmlakına ciddi ziyan dəymişdir. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən, talanlar zamanı Məmmədbəyovun böyük karvansarası yandırılmış, 15 min rubl nağd pulu, 25 ədəd xalçası, çox sayda ev heyvanı və əşyası qarət edilmişdir. Ailəyə dəymiş ümumi ziyanın miqdarı o dövrün valyutası ilə 1 milyon rubl dəyərində qiymətləndirilmişdir.

1919-cu ilin fevralında Quba qəzasının hərbi rəisi Məmməd bəy Məmmədbəyov Quba şəhər qarnizonunun komandiri təyin edilir. 1920-ci ilin martında "xidmətdəki fərqlənmələrinə və stajının tamam olmasına görə" hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə polkovnik rütbəsinə layiq görülmüşdür.

1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra polkovnik Məmmədbəyovun taleyi haqqında dəqiq məlumat tapılmamışdır.

Təltifləri Müqəddəs Stanislav ordeni, 3-cü dərəcə (1899)

Ailəsi Məmməd bəy Məmmədbəyovun qardaşı Əhməd bəy Məmmədbəyov Bakı Qəza Polis İdarəsinin məmuru və valilik katibi kimi inzibati vəzifələrdə çalışmış, qardaşı oğlu Paşa bəy Məhəmmədbəyov (1898–?) isə Bakı realnı məktəbində tam orta təhsilini başa vurduqdan sonra Moskva Kommersiya İnstitutunda ali iqtisadi təhsil almışdır. Paşa bəy sonradan Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə sistemində Şamaxı qəzası üzrə sülh hakimi və hakim köməkçisi qismində fəaliyyət göstərmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycan zadəganlığı