"Çətən" sözünün etimoloji mənası "çətmək", yəni "bağlamaq" və ya "birləşdirmək" anlayışı ilə əlaqədardır. Alaçıq tipli evlər köç zamanı asanlıqla sökülüb-yığıla bildiyi kimi, çətənlər də daşınma üçün əlverişli olmuş, həmçinin otaqların arakəsməsində istifadə edilmişdir.

Xalça sənəti Azərbaycanda qədim dövrlərdən bəri mövcuddur və məişətdə, interyerlərin bəzədilməsində mühüm rol oynayır. Xalça naxışları sənətkarlar tərəfindən nəsildən-nəslə ötürülən zəngin ornament nümunələridir ki, onların hər biri müəyyən rəmzi məna daşıyır. Xovlu və xovsuz xalçalar toxunma üsulu, rəng seçimi və süjet həlli ilə bir-birindən fərqlənir. Xovsuz xalçaların növlərindən biri olan çətən xalçaları isə özünəməxsus texnoloji toxunma xüsusiyyətləri ilə seçilir. Çətən xalçaları qamış, fındıq, nar və zoğal ağaclarının çubuqlarından; yun, ipək və kətan saplarla dolama üsulu ilə hazırlanır. Bu sənət növü Azərbaycan və digər türk xalqlarının etnoqrafiyasında geniş yer almışdır; tarixi mənbələrdə türk xalqlarının alaçıqlarını çətən xalçalarla bəzəməsi barədə məlumatlar mövcuddur. "Çətən" sözünün etimoloji mənası "çətmək", yəni "bağlamaq" və ya "birləşdirmək" anlayışı ilə əlaqədardır. Alaçıq tipli evlər köç zamanı asanlıqla sökülüb-yığıla bildiyi kimi, çətənlər də daşınma üçün əlverişli olmuş, həmçinin otaqların arakəsməsində istifadə edilmişdir.

Dekorativ-tətbiqi sənətin bu sahəsində Azərbaycanın Əməkdar rəssamı Tariel Bəşirovun mühüm fəaliyyəti mövcuddur. T. Bəşirov çətən sənətinin inkişafına əhəmiyyətli töhfələr vermiş, xüsusilə qamış və digər ağac materiallarının bahar aylarında (aprel və may) yığılmasının vacibliyini vurğulamışdır. Qədim dövrlərdə evlərdə həsirlərin toxunmasında istifadə edilən qamış nəmişliyin qarşısını almaqla yanaşı, otağın temperaturunu tənzimləmək funksiyasını daşıyırdı. Zaman keçdikcə çətən məmulatları dekorativ tərtibat məqsədilə interyerlərə daxil edilmişdir. Çətən məmulatlarından həmçinin alaçıqların hasarlanmasında, kənd təsərrüfatı məhsullarının yuyulmasında və yunun qurutmasında da istifadə olunmuşdur.

Çətən hazırlama texnologiyası dörd əsas qrupa bölünür: sadə qamış və çubuqların bağlanması ilə hazırlananlar; qamış və çubuqların üzərinə əyrilmiş yun, ipək və ya kətan sapların dolanması ilə hazırlananlar; "çiy çətən" adlanan və üzərinə əyrilməmiş yunun dolanması ilə hazırlananlar; yandırma üsulu ilə bəzədilən nümunələr.

"Çiy çətən" növünə daha çox Mərkəzi Asiyada, xüsusilə Qazaxıstanda rast gəlinir. Çətənin hazırlanması prosesində xovlu və ya digər xovsuz xalçalardan fərqli olaraq ənənəvi xalça dəzgahından (hana) istifadə edilmir. Bu sənət növü üçün zəruri materiallara Azərbaycanın bir çox regionlarında rast gəlmək mümkündür.

T. Bəşirov çətən sənətini qoruyan və təkmilləşdirən sənətkarlardandır. O, bu sahəyə bir sıra yeniliklər daxil etmişdir; məsələn, Xalq rəssamı Lətif Kərimovun 80 illik yubileyinə həsr olunmuş çətən portretini yaratmaqla bu növdə ilk dəfə portret janrını tətbiq etmişdir. Daha sonra Nizami Gəncəvinin 850 illik yubileyi münasibətilə hörmə çətən-xalça portretini hazırlamışdır. O, həmçinin çətən üzərində nəbati ornamentlərlə işləyən ilk rəssamlardan biridir. Tariel Bəşirova görə, çətən sənətinin mənşəyi köçəri türk xalqlarının yaşayış məskənləri olan alaçıqlarla bağlıdır. Müəllif öz əsərlərində həndəsi və bitki ornamentləri, süjet kompozisiyaları və qədim türk damğalarından istifadə edərək unikal nümunələr yaradır. Onun "XX əsrin korifeyi", "İçərişəhər" və "Od elementi" əsərləri kompozisiya həlli baxımından orijinallığı ilə seçilir. T. Bəşirovun yaradıcılığı Azərbaycanın çoxəsrlik dekorativ-tətbiqi sənət ənənələrinin davamı kimi qiymətləndirilir.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müvafiq fakültələrinin məzunları çətən sənətinin sirlərinə öz müəllimləri, xalçaçı-rəssam Tamilla Abdullayevadan yiyələnərək bu sənəti yaşadırlar. Gənc rəssamlardan Əminə Nəcəfzadə və Murad Qurbanovun əsərləri bu sahədə xüsusilə diqqət çəkir. Onlar ənənəvi xalça sənətinin elementlərini çətən toxuculuğunda tərənnüm edirlər. Buna misal olaraq Əminə Nəcəfzadənin "Uqax" xalçası motivləri əsasında işlədiyi ornamentləri, Murad Qurbanovun isə "Dəvələr", "Pirəbədil" və "Göl" ornamentli çətən nümunələrini göstərmək olar. Hazırda çətən xalça sənəti yeni nəsillər tərəfindən yaşadılmaqdadır.

Qalereya

Həmçinin bax Xalça Azərbaycan xalçaları

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Xalçalar Kateqoriya:Otaq bəzəkləri Kateqoriya:Azərbaycan xalçaları Kateqoriya:Azərbaycan ənənələri