Kiril və Mefodi Böyük Ensiklopediyası (, qısaca: BEKM) — 1996-cı ildən etibarən "Kiril və Mefodi" şirkəti tərəfindən hər il yenidən nəşr olunan elektron multimedia ensiklopediyası. BEKM-in ilk versiyası "Böyük Ensiklopedik Lüğət"in qismən illüstrasiyalı versiyası idi və bir ədəd CD diskinə yerləşirdi.

BEKM-in sonrakı versiyalarının həcmi xeyli artmış, 2004-cü il versiyası artıq 10 kompakt-diskdə yerləşdirilmişdi. Ensiklopediyanın sonuncu versiyası 2013-cü ilin əvvəlində iki DVD diskində işıq üzü görmüşdür.

Bununla əlaqəli olan Kiril və Mefodi Meqaensiklopediyası (Meqabuk) — əsasını "Kiril və Mefodi Böyük Ensiklopediyası" təşkil edən multimedia formatlı Rusiya onlayn resursudur. Layihənin tərkibinə şirkətin əvvəllər DVD daşıyıcılarında buraxdığı digər tematik ensiklopediyalar və nəşrlər də daxil edilmişdir.

Universal xarakterli olan bu resurs 300.000-dən çox ensiklopedik məqaləni, 90.000-dən çox lüğət və məlumat məqaləsini, 100.000-dən çox media obyektini (fotoşəkillər, video və audio fraqmentlər, xəritələr, animasiyalar və interaktiv obyektlər, taym-laynlar) özündə birləşdirir.

Meqabuk tarix, elm, texnika, ədəbiyyat, incəsənət və mədəniyyət kimi bütün əsas bilik sahələri üzrə təhsil və idraki məqalələri, dünya ölkələri haqqında mühüm sosial-iqtisadi və coğrafi məlumatları, habelə bütün dövrlərin görkəmli şəxsiyyətləri haqqında yazıları əhatə edən geniş internet resursudur.

BEKM dəfələrlə "PC World" jurnalı tərəfindən "Ensiklopediyalar" nominasiyasında "İlin ən yaxşı məhsulu" mükafatına layiq görülmüşdür.

Ensiklopediyanın tərkibi

BEKM-in əsasını 1996-cı ildə "Böyük Rusiya Ensiklopediyası" nəşriyyatı tərəfindən buraxılmış "Böyük Ensiklopedik Lüğət"in materialları təşkil etmişdir. Bu materiallar sonradan aktuallaşdırılmış və genişləndirilmişdir.

1 sentyabr 1997-ci ildə BEKM-in artıq iki CD diskində buraxılmış ikinci nəşri təqdim edildi. Disklərdən biri baza məlumatlarını, ikincisi isə "Rusiya tarixinin videoarxivi"ni (90 video fraqment) özündə birləşdirirdi.

BEKM-in 2013-cü ildə işıq üzü görmüş on altıncı nəşrinə 95 mindən çox ensiklopedik və məlumat xarakterli məqalə, altı ümumi və xüsusi lüğət, 46 mindən çox multimedia illüstrasiyası daxildir. Bundan əlavə, BEKM-in tərkibinə animasiyalı xəritələr, interaktiv sxemlər və cədvəllər, üçölçülü modellər, audio və video fraqmentlər, illüstrasiyalı interaktiv lentlər və multimedia panoramaları əlavə edilmişdir.

Ensiklopediyanın müəllifləri arasında bəzi tanınmış rusiyalı alimlər və publisistlər yer alır: akademiklər Sergey Averintsev, Mixail Qasparov, Aleksandr Fursenko, Siqurd Şmidt, Valentin Yanin, müxbir üzvlər V. İ. Ritus, Boris Florya, həmçinin Y. M. Bruk, Moisey Kaqanov, Y. N. Vavilov, Y. V. Qaponov, Aleksey Zverev, Sergey Boçarov, V. İ. Qriqoryev, A. F. Qryaznov, Aleksandr Kamenski, Leonid Krısin və başqaları.

İstinadlar

Xarici keçidlər

Мегаэнциклопедия Кирилла и Мефодия .

Kateqoriya:Elektron ensiklopediyalar