Ağacəfər Əbdürrəhmanlı, Cəfər Əbdürrəhmanov və ya Cafer Abdurahmanlı () — azərbaycanlı kimyaçı alim, Cümhuriyyət tələbəsi.

Ağacəfər bəy Şamaxı Real Məktəbində təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Berlin Politexnik İnstitutunun kimya fakültəsində təhsil alıb.

Təhsilini bitirdikdən sonra Türkiyəyə köçüb. Burada əczaçılıq sahəsində fəaliyyət göstərib və əczaçılıq fabrikinin sahibi olub.

Həyatı

İlk illəri Ağacəfər Məşədi Səftər oğlu Əbdürrəhmanlı 1896-cı il iyulun 30-da Şamaxıda anadan olub. 1908-ci il sentyabrın 1-dən 1918-ci il martın 13-ə qədər Şamaxı Real Məktəbində təhsil alıb. Şamaxı soyqırımı zamanı onların ailəsi bütün əmlakını itirib. Anası və kiçik qardaşı ilə birlikdə Gəncəyə köçüb. 1918-ci il 28 mayda Azərbaycan Cümhuriyyəti qurulub. Bu dövrdə Ağacəfər bəy Gəncə xəzinədarlığında 2-ci dərəcəli mühasib vəzifəsində işləyib. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.

Ağacəfər bəy də xaricdə təhsil almaq üçün seçilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.

Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Ağacəfər bəy də Berlinə gedib və orada Berlin Politexnik İnstitutunun kimya fakültəsində təhsil alıb. Azərbaycanda sovet işğalından sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün olan hesabatında Ağacəfər bəyin təhsilinin bitməsinə 1 il qaldığı göstərilib.

Türkiyədə Ağacəfər bəy təhsilini bitirdikdən sonra Azərbaycan Cümhuriyyəti işğal olunduğu üçün geri qayıtmayıb və Türkiyəyə köçüb. Burada "Cafer Abdurahmanlı" kimi tanınıb. Türkiyədə yeni dərman preparatları yaradıb və əczaçılıq fabrikinin sahibi olub. 1974-cü ildə İstanbulda vəfat edib.

Ailəsi Ağacəfər bəy Şamaxı sakinləri Məşədi Səftər Hacı Cəfər oğlu Əbdürrəhmanovun və Şirinbikə Məşədi Məhəmmədbağır qızının ailəsində anadan olub.

Ağacəfər bəy İstanbulda yaşayan şamaxılı tacir Baba Qurbangilin qızı ilə ailə qurub. Övladları olmayıb.

Həmçinin bax Cümhuriyyət tələbələri

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri