Marion Anrietta Luiza Molli () — Milli Skott səhnə adı ilə tanınan, Surinam mənşəli Niderland müğənnisi və aktrisası. Daha çox 1966 Avroviziya Mahnı Müsabiqəsində iştirakı ilə tanınır. O, Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk qaradərili müğənnidir.

Həyatı Skott atasının dəniz piyadası kimi xidmət etdiyi Niderland Kral Donanmasının əsas bazası olan Den-Helderdə anadan olub. Hər iki valideyni Surinam koloniyasından olan immiqrant idi: atası Harri Molli (1941–1943) Kommeveyne əyalətində camaşırxanada paltar yuyan qadının nikahdankənar uşağı kimi dünyaya gəlmiş, anası Lien Brüninger (1903–1986) isə Paramariboda anadan olmuşdu. Cütlüyün beş uşağı var idi, onlardan ən böyüyü Milli Skott idi. Milli həmin dövrdə Den-Helderdə yaşayan azsaylı qaradərili uşaqlardan biri idi və mütəmadi olaraq ksenofobiyaya məruz qalırdı.

1940-cı ildə Almaniyanın Hollandiyaya hücumu zamanı "HNLMS Johan Maurits van Nassau" gəmisi Kallantsoq qəsəbəsi yaxınlığında bombardman edildi və nəticədə Skottun atası ağır yaralandı. Atası sağaldıqdan sonra Milli ailəsi ilə Amsterdama köçdü. 1942-ci ildə Skottun atası hərbi xidmətə çağırıldı və müharibə əsiri kimi Almaniyaya aparıldı. Növbəti il o, ​​Lüdviqsburqda qarın vərəmindən vəfat etdi.

Skottun anasının dostluq münasibətləri qurduğu bir ailə ona uşaqlarının tərbiyəsində dəstək olurdu; Skott bir müddət həmin ailə ilə Vesterblokker qəsəbəsində yaşamışdı. Müharibə zamanı pianoda çalmağı öyrənən balaca Skott atasının ölümündən sonra anasına maddi dəstək olmaq məqsədilə səhnədə çıxış etməyə başladı. 14 yaşında həvəskar orkestrlərdə oxumağa başlayan Skott ən sonda Amsterdamdakı konservatoriyada təhsil almaq üçün təqaüd qazandı. Lakin o, təhsil aldığı müddətdə məruz qaldığı şiddətli irqçilik və zorbalıq səbəbindən təhsilini yarıda qoydu.

Fəaliyyəti İlk illəri 1953-cü ildə 19 yaşında ikən hollandiyalı komediyaçı Ton Hermans Skottdan şoularından birində çıxış etməsini istədi. Hermansın fikrincə, Milli adı ona doğum adı Mariondan daha çox yaraşırdı. Marion anasının əsl soyadından istifadə etməmək barədə məsləhətinə əməl edərək, Milli Skott səhnə adını seçdi. İlk dəfə böyük auditoriya qarşısında çıxış etdikdən sonra o, tez bir zamanda caz müğənnisi kimi karyera qurdu və onun impresariosu Lu van Ris oldu.

Müğənni kimi çalışan Skott 1954-cü ildən Qərbi Almaniyanın Hamburq şəhərində yaşamağa başladı, daha sonra isə İsveçə köçüb orada beş il qaldı. Göteborq və Stokholmda o, səhnəni Cudi Qarlend və Kuinsi Cons kimi dünyaca məşhur sənətçilər ilə bölüşmüşdü. Bundan əlavə, o, İsveç-Niderland müğənnisi Kornelis Vrisveyk ilə yaxın dostluq münasibətləri qurmuş və mütəmadi olaraq Lidingö şəhərindəki evində onunla görüşmüşdü.

Niderlanda qayıdışı və Avroviziya Mahnı Müsabiqəsi 250px|thumb|right|Skott "Nationaal Songfestival" layihəsində "Fernando en Filippo" mahnısını ifa edərkən, 1966-cı il Skott 1962-ci ildə Anneke Qrönlo, Maks Voyski, Mike Telkamp, ​​Xose Marçello və Cok Kopir ilə birlikdə Knokke Mahnı Festivalında iştirak etdikdən sonra Niderlandda yenidən kəşf edildi. Daha sonra o, "Johnny & Rijk" və "Zo is het toevallig ook nog 's een keer" kimi Niderlandın televiziya şoularında tez-tez çıxış etməyə başladı. Sonralar onun VARA televiziyasında özünün aparıcısı olduğu "Scott in de roos" adlı proqram efirə verildi.

1966-cı ildə Skottdan Avroviziya Mahnı Müsabiqəsi üçün Niderlandın milli seçim turu olan "Nationaal Songfestival" layihəsində iştirak etməsi xahiş olundu. O, Gerrit den Braberin yazdığı və Kis de Bruyn tərəfindən bəstələnmiş "Fernando en Filippo" mahnısı ilə milli finalda qalib gəldi. Bu, ona Lüksemburq şəhərində keçirilən on birinci Avroviziya Mahnı Müsabiqəsində Niderlandı təmsil etmək hüququ verdi. Onun mahnısı beynəlxalq münsiflər heyəti tərəfindən cəmi iki bal alaraq on səkkiz mahnı arasında on beşinci yeri tutdu.

"Fernando en Filippo" mahnısı müsabiqədə balladaların üstünlük təşkil etdiyi bir vaxtda yeni bir mahnı olsa da (və yeni tərzdə mahnı kimi də ifa olunsa da), Skott sonradan iddia etmişdi ki, onun məyusedici nəticəsi ən azı qismən səsvermə münsiflərinin irqçi yanaşması ilə əlaqəli idi.

Avroviziyadan sonra karyerası 200px|thumb|right|Skott körpə Miller rolunda, 1994-cü il Skott heç vaxt hit albomlar yaratmasa da, Avropanın müxtəlif ölkələrində çıxış edərək uğurlu caz müğənnisi karyerasını davam etdirməyi bacarmışdı. O, həmçinin aktyorluq sahəsinə də yönəlmiş və "Snip en Snap-revue" (1970) və "West Side Story" (1974) kimi bir sıra teatr və televiziya tamaşalarında rol almışdı. Onun ən məşhur rolu RTL 4 telekanalında yayımlanan "Vrouwenvleugel" (1993–1995) dram serialında canlandırdığı irqi kimliyi ilə barışmağa çalışan məhbus körpə Miller obrazı olmuşdu.

Şəxsi həyatı Skott üç dəfə evlənib və boşanıb, həmçinin evliliklərində dəfələrlə məişət zorakılığına məruz qalıb. O, 2002-ci ildən Horn şəhərində yaşayır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Film aktyorları Kateqoriya:Hollandlar Kateqoriya:Niderland musiqiçiləri Kateqoriya:Niderland müğənniləri Kateqoriya:Niderlandın "Avroviziya" təmsilçiləri Kateqoriya:Təxəllüslər