4-cü Quba Piyada Alayı — Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin əsas hərbi hissələrindən biri olmuşdur. Alay 1919-cu ildə yaradılmış və 2-ci piyada diviziyasının tərkibində fəaliyyət göstərmişdir. 1920-ci ilin yazında Qarabağ istiqamətində aparılan hərbi əməliyyatlarda mühüm rol oynamışdır.

Alayın formalaşması Xaçmaz Hərbi Dəstəsinin bazasında təşkil edilən Quba Hərbi Dəstəsi 1919-cu ildə yenidən təşkil edilərək Azərbaycan Xalq Cümhuriyyəti ordusunun strukturuna daxil edilmiş və sonradan 2-ci piyada diviziyasının tərkibində fəaliyyət göstərən 4-cü Quba Piyada Alayının formalaşdırılması üçün əsas hərbi baza rolunu oynamışdır.

1919-cu ilin yayına doğru Azərbaycan Xalq Cümhuriyyəti ordusunun strukturunda 2-ci piyada diviziyasının təşkilinə hərbi nazir Səməd bəy Mehmandarovun 14 iyul 1919-cu il tarixli əmri ilə başlanmışdır. Bu islahat nəticəsində, 4-cü Quba piyada alayı 2-ci piyada diviziyasının tərkibinə verilmişdir.

14 iyul 1919-cu il tarixli Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərəfindən verilmiş müvafiq əmrdə 4-cü Quba Piyada Alayının idarə olunması ilə bağlı kadr dəyişikliklərinə əsasən, alayın komandiri polkovnik Şirin bəy Kəsəmənli Xaçmaz hərbi dəstəsinin rəisi təyin edilmiş, alayın müvəqqəti komandanlığı isə həmin alayın podpolkovniki Hüseyn bəy Ququşova həvalə edilmişdir. 7 dekabr 1919-cu ildə isə Hüseyn bəy Ququşov rəsmi olaraq 4-cü Quba Piyada Alayının komandiri vəzifəsinə təsdiq olunmuşdur.

1920-ci ilin Novruz bayramı münasibətilə keçirilmiş hərbi paradda alayın bir batalyonu iştirak etmişdir.

Döyüşlərdə iştirakı 1920-ci ilin aprel ayına aid məlumatlara görə, Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərinin qorunması üçün 4-cü Quba Piyada Alayının hissələri yerləşdirilmişdi. Polkovnik knyaz Tumanovun rəhbərliyi altında 4 piyada bölüyü, bir dağ artilleriya batareyası və bir zirehli qatar şimal sərhədləri boyunca yerləşdirilmişdi. Bu qüvvələrin dislokasiyası belə idi: bir bölük Yalamada, bir bölük Şirvanda, iki bölük və bir batareya Xudatda, qərargah və zirehli qatar isə Xaçmazda yerləşirdi. Bu dəstə həmin dövrdə Azərbaycanın şimal sərhədinin müdafiəsinə cavabdeh idi.

Azərbaycan-Ermənistan müharibəsi

1920-ci ilin mart–aprel aylarında Qarabağ bölgəsində baş vermiş hərbi əməliyyatlarda, hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə Qarabağ istiqamətinə göndərilən qüvvələr arasında 4-cü Quba Piyada Alayının iki topa malik bir taboru da var idi. Bu birləşməyə podpolkovnik Bəhram bəy Nəbibəyov komandanlıq edirdi. Qarabağ əməliyyatları zamanı cəbhənin mərkəzində (öndə) əsasən 4-cü Quba Piyada Alayının bölmələri fəaliyyət göstərirdi.

Əsgəran əməliyyatı 1920-ci il 3 aprel tarixində Əsgəran qalası uğrunda həlledici hücum həyata keçirilmişdir. Hücum zamanı 4-cü Quba Piyada Alayının bir batalyonu əməliyyatda iştirak edən əsas qüvvələrdən biri olmuşdur. Döyüş nəticəsində qala Azərbaycan ordusunun nəzarətinə keçmiş və bununla da Qarabağın dağlıq hissəsi istiqamətində hərbi əməliyyatların davam etdirilməsi üçün şərait yaranmışdır.

Şuşa istiqamətində döyüşlər Əsgəran əməliyyatından sonra Azərbaycan ordusu Şuşa istiqamətində irəliləmişdir. Bu əməliyyat zamanı 4-cü Quba Piyada Alayının bölmələri cəbhənin mərkəzində yerləşdirilmişdi. Döyüşlər zamanı alayın əsgərləri Daşkənd yüksəkliyini ələ keçirərək düşmənin müdafiə xəttinin yarılmasında mühüm rol oynamışdır. Bundan sonra düşmən qüvvələri geri çəkilmiş və Azərbaycan ordusu Şuşaya daxil olmuşdur. Əməliyyat barədə hərbi rəhbərliyin hesabatlarında Quba Piyada Alayının piyadaları döyüşlərdə göstərdikləri rəşadətə görə xüsusi qeyd edilmişdir.

Keşişkənd əməliyyatı 1920-ci ilin aprelində həyata keçirilmiş Keşişkənd əməliyyatı zamanı 4-cü Quba Piyada Alayının 400 nəfərlik taboru da döyüşlərdə iştirak etmişdir. Əməliyyat zamanı alaya Keşişkənd ətrafındakı strateji yüksəkliklərdən birini ələ keçirmək tapşırılmışdır. Quba alayının taboru sürətli hücumla yüksəkliklərdən birini ələ keçirsə də, sonrakı döyüşlərdə güclü müqavimətlə qarşılaşmış və itkilər vermişdir. Bununla belə, digər hərbi hissələrin dəstəyi ilə hücum davam etdirilmiş və nəticədə Keşişkənd ətrafında yerləşən mövqelər Azərbaycan ordusunun nəzarətinə keçmişdir.

Bu əməliyyatlar nəticəsində Azərbaycan ordusu Qarabağ bölgəsində strateji əhəmiyyətə malik bir sıra mövqeləri nəzarətə götürmüşdür.

XI Qızıl orduya qarşı

Yalama döyüşü

1920-ci il 28 aprel tarixində Samurçay üzərindəki sərhəd xəttini keçərək Azərbaycana daxil olan XI Qırmızı Ordunun zirehli qatarlar və piyada desantla dəstəklənən qüvvələri ilə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu arasında baş vermiş, sayca üstün düşmən qüvvələrinə qarşı təxminən iki saat davam edən və qarnizonun ağır itkilər verərək qəhrəmancasına müqavimət göstərdiyi döyüşdür.

Komandirlər və zabit heyəti

Şirin bəy Kəsəmənli — piyada qoşunlarının polkovniki, alayın komandiri (8 aprel 1919 – 7 dekabr 1919). Hüseyn bəy Ququşov — piyada qoşunlarının polkovniki, alayın komandiri (7 dekabr 1919 – 28 aprel 1920). Konstantin Çxeidze — piyada qoşunları general-mayoru. Nikolay Tumanov — knyaz, polkovnik, alayın təsərrüfat hissəsinin rəisi, komandir əvəzi. Mixail Vladimiroviç Gedevanov — kapitan, batalyon komandiri. İrakli Avaliani — kapitan, batalyon komandiri. Pavel Lordkipanidze — ştab-kapitan, 1 nömrəli zirehli qatarın komandiri. Əli bəy Bəylərbəyov — poruçik, batalyon komandiri. Baxış bəy Rüstəmbəyov — podporuçik, alay adyutantı. Praporşiklər Ağaəli Babazadə (alayın Yalama qarnizonunun komandiri), Böyük ağa Muradov, Hüseyn Hüseynxanov, Mövsüm Hüseynov və Şamil Salehov və digərləri.

Mənbə İstinadlar

Ədəbiyyat

Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Şimal sərhədinin müdafiə sistemi

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin ordusu Kateqoriya:Azərbaycan hərbi birləşmələri Kateqoriya:Azərbaycanın hərb tarixi Kateqoriya:Azərbaycanlıların hərbi birləşmələri