Hüseynbala Məhəmmədov və ya Hüseynbala Məmmədov (tam adı: Hüseynbala Cəfərqulu oğlu Məhəmmədov; ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. Təkmilləşdirilmiş 2-ci nəşr. II cild. Bakı: Şərq-Qərb Nəşriyyat Evi, 2014, 472 s., s. 192.
Həyatı Hüseynbala Məhəmmədov 23 oktyabr 1899-cu ildə Quba şəhərində anadan olmuşdur.
İbtidai təhsilini Qubada alıb, orta məktəbi Dərbənd real məktəbində davam etdirib, 1918-ci ildə tam orta təhsil kursunu bitirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edilən qərara əsasən Hüseynbala Məhəmmədova dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsinə dair 513 nömrəli vəsiqə 13 yanvar 1920-ci ildə verilmişdir. Mövcud sənədlərə görə, Məhəmmədov Almaniyanın Ştutqart və Bonn şəhərlərində kənd təsərrüfatı ixtisası üzrə təhsil almışdır. 1925-ci ildə Bonn Universitetində (Bonn Ali Kənd Təsərrüfatı Məktəbi) təhsilini bitirməsinə altı ay qaldığı göstərilir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində onun haqqında istintaq sənədlərinə rast gəlinmir. Bu səbəbdən Hüseynbala Məhəmmədovun SSRİ-yə geri dönmədiyi ehtimal olunur. Repressiya olunmuş həmyaşıdlarının ifadələrində də onun Azərbaycanda görülməsi barədə məlumat yoxdur.
Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Həmçinin bax
Cümhuriyyət tələbələri
İstinadlar
Ədəbiyyat Ədalət Tahirzadə; Tahirli Oğuztoğrul. Azərbaycan Cümhuriyyəti tələbələri. (Tarixi arayış, bəlgələr, yaşamlar). Bakı: TEAS Press, 2016. — ISBN 978-9952-494-55-6. — s. 773–774.
Kateqoriya:1899-cu ildə doğulanlar Kateqoriya:Qubada doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri