Kaveh Enteghamjou (İntiqamçı Kave) — İranda baş vermiş rejim əleyhinə etirazların çox sərt və qanlı şəkildə yatırılmasından sonra, rejim əleyhdarları tərəfindən sosial media platformalarında rejim qüvvələrinə qarşı yaradılmış bir intiqam strukturu.

Arxa plan

28 dekabr 2025-ci il tarixində Tehranda başlamış və qısa müddət ərzində ölkə üzrə yayılmış kütləvi nümayişlər, İrandakı dərin iqtisadi böhrana və avtoritar idarəetmə üsullarına etiraz əlaməti olaraq meydana çıxmışdır. Sürətlə artan inflyasiya, ərzaq qiymətlərinin yüksəlməsi, rialın dəyər itirməsi və geniş yayılmış insan hüquqları pozuntuları etirazların əsas səbəblərini təşkil etmişdir.

Əvvəlcə dükan sahiblərinin (əsnaf) təşəbbüsü ilə başlamış nümayişlər universitet tələbələrinin də qoşulması ilə daha da genişlənmişdir. Nümayişçilər xüsusilə ali dini lider Əli Xameneini hədəf alan hökumət əleyhinə şüarlar səsləndirmişdirlər. Müxalif "Iran International" xəbər saytının məlumatına görə, etirazlar zamanı rejim qüvvələri tərəfindən təxminən 36.500 nəfər öldürülmüşdür.

İranda etirazlar rejim tərəfindən qətliam səviyyəsinə çatan zorakılıqla yatırılmışdır. Rejim qüvvələri nümayişçilərə qarşı həqiqi güllələrdən istifadə etmişdir. Xəstəxanalarda müalicə olunan etirazçıların edam edildiyi bildirilmişdir. Həmçinin kimyəvi maddələrin istifadəsi, xarici milislərin cəlb olunması, qanunsuz edamlar, işgəncə və cinsi zorakılıq, həmçinin dəfn mərasimlərinə qarşı pis rəftar haqqında hesabatlar təqdim edilmişdir. Bu üsullar etirazların sərt şəkildə nəzarət altına alınması və müxaliflərə qarşı qorxu mühiti yaradılması məqsədi daşımışdır.

Sosial media və küçə aktivizmi

Kaveh Enteghamjou YouTube və Instagram platformalarında video və şəkil məzmunları vasitəsilə etirazçılar tərəfindən qan tökməkdə ittiham olunan rejim əməkdaşlarını və onların ailələrini müəyyənləşdirib ifşa edir. Etirazçılar tərəfindən idarə olunan hesab İran xalqını küçələrə çıxmağa və etirazçılara qarşı qan tökən rejim əməkdaşlarından fərdi intiqam almağa çağırır.

Hesabın məzmununun paylaşımlarına etirazçılar arasında mülki geyimdə (gizli) olan, lakin bir-birini tanımaq üçün eyni rəngli paltarlar geyinən rejim məmurlarının etirazçılar tərəfindən necə müəyyən edilə biləcəyi, etirazçıların rejim qüvvələrinin şiddətindən necə mühafizə olunacağı və şəxsiyyətlərini ifşa etmədən etirazlara necə davam edə biləcəklərinə dair tövsiyələr də daxildir. Kaveh Enteghamjou, İrandakı internet məhdudiyyətlərinə baxmayaraq, İran xalqını VPN vasitəsilə sosial mediada rejim əleyhinə aktivliyə dəvət edir.

Korporativ mediada əks-sədası

Türkiyədə yayımlanan "Yeni Şafak" qəzeti 12 yanvar 2026-cı il tarixli xəbərində İranda hökumət əleyhinə nümayişlərin təhlükəsizlik qüvvələri və yüksək səviyyəli rəsmilərə qarşı yeni bir ölçü qazandığını bildirmişdir. Xəbərdə etirazçıların ölkənin rəsmi şəxslərinin yaşayış ünvanlarını sosial mediada ifşa edərək "işarələmə" üsulunu tətbiq etdikləri və bu yolla psixoloji təzyiq yaratmağı hədəflədikləri qeyd edilmişdir.

Habelə xəbərdə Malikşahi regionunda İran İnqilab Keşikçiləri Korpusunun polkovniki Mehdi Rəhiminin evinə təşkil edilən hücum nəticəsində həlak olduğu və bunun etirazlar zamanı yaşanan zorakılıq hadisələrinə reaksiya olaraq baş verdiyi vurğulanmışdır. Xəbər mətnində "Kaveh Enteghamjou" adlı hesabın adına yer verilməsə də, xəbərin məzmununu zənginləşdirmək üçün istifadə olunan şəkil və ekran görüntülərində rejim əleyhdarı olan bu hesabın loqosu və adı aydın şəkildə görünür.

Mifoloji mənşəyi

Kaveh Enteghamjou () hesabının İran və Kürd xalq nağıllarında adı keçən Kaveh adından istifadə etməsi təsadüfi deyildir. İran mifologiyasının bir hissəsi olan Dəmirçi Kave (; Kave Ahenger, Kürdcə: Kawayê Hesinkar) əfsanəsinin məzmununu belə xülasələşdirmək mümkündür:

İran coğrafiyasına hakim olan Kral Dehak, şəxsiyyəti və xalqa verdiyi zülmlərlə tanınmış qəddar bir hökmdardır. Zamanla Dehakın beynində şiş yaranır və o, ölümcül bir xəstəliyə tutulur. Dövrün həkimləri onun ağrılarını yüngülləşdirmək və yarasını sağaltmaq üçün uşaqların beynindən məlhəm kimi istifadə etməyi təklif edirlər. Bunun nəticəsində İranda illərlə davam edən qanlı bir qırğın yaşanır. Hər gün gənclər zorla aparılaraq öldürülür və beyinləri Dehakın yarasına sürtülür. Bu vaxt, əvvəllər on yeddi oğlunu itirmiş dəmirçi Kavenin ən kiçik oğluna növbə çatır.

Gənclərin hər gün Dehakın əsgərləri tərəfindən aparıldığı bir vaxtda Kave üsyan fikrini formalaşdırmağa başlayır və planını etibar etdiyi bir neçə nəfərlə bölüşür. Dəmirçilik bacarığından istifadə edərək döyüş alətləri hazırlayır və eyni zamanda müqavimətə qoşulacaq şəxslərə təlim keçir. Bu hərəkat tədricən yayılır və martın 20-dən 21-nə keçən gecə (Novruz), Kavenin rəhbərliyi ilə müqavimət başlayır. O gecə kralın sarayı ələ keçirilir və üsyan Dehakın nəzarətindəki bütün regionlarda davam edir. Müqavimətçilər dağlarda yandırılan tonqallarla bir-birləri ilə əlaqə saxlayırlar. Üsyanın sonunda Kavenin başçılıq etdiyi xalq Dehakı və onun hakimiyyətini devirir. Xalq böyük sevinclə dağlara çıxır və yandırılan tonqalların ətrafında bayram tədbirləri keçirir.

Həmçinin bax

İran etirazları (2025–2026) Rza Pəhləvi

İstinadlar

Kateqoriya:İran etirazları (2025–2026)