Fatimə Mövlamlı (tam adı. Fatimə Qaçay qızı Mövlamlı; 3 noyabr 2000; Bakı, Azərbaycan) — azərbaycanlı jurnalist və siyasi məhbusdur.

Fatimə Mövlamlı 28 fevral 2025-ci ildə polis tərəfindən saxlanılmış və ibtidai istintaqı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) aparılan №240200039 saylı cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunmuşdur. O, 1 mart 2025-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdir. Fatimə Mövlamlı və ondan əvvəl həbs olunmuş daha doqquz jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq) ilə ittiham olunmuşdur. 28 avqust 2025-ci ildə cinayət işi üzrə ittiham ağırlaşdırılmışdır. Mövlamlı və bu iş üzrə həbs edilmiş digər şəxslərə Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslərə 192.2.2 (xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (… mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 193-1.3.2 (… xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergilərin ödənilməsindən yayınma), 320.1 (sənədlərin saxtalaşdırılması), 320.2 (saxta sənədlərdən istifadə) maddələri üzrə yeni ittihamlar irəli sürülmüşdür.

Bir sıra yerli və beynəlxalq insan hüquqları təsisatları Fatimə Mövlamlının həbsini siyasi motivli adlandıraraq pisləmiş və Azərbaycan iqtidarını onu dərhal azad etməyə çağırmışdır.

Hazırda o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.

İstinadlar

Kateqoriya:Azərbaycan demokratiya aktivistləri Kateqoriya:XXI əsr Azərbaycan qadınları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər