Vaqo kənd məscidi — 1905-ci ildə Astara rayonunun Vaqo kəndində tikilmiş məscid. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Vaqo kənd məscidi 1905-ci ildə Vaqo kəndində yerli sakinlər tərəfindən tikdirilib. Məscidin tutumu 180 nəfər təşkil edir.
Sovet işğalından sonra 1928-ci ildə Azərbaycanda rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Vaqo kənd məscidi də bu dövrdə fəaliyyətini dayandırıb və məscidin binasından gübrə anbarı kimi istifadə olunub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib. 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məsciddə Vaqo kəndi "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Astara rayonunun məscidləri