Tarixu mədinəti-Diməşq () — Dəməşq və Suriyadakı bəzi şəhərlərlə əlaqəli şəxslər haqqında İbn Əsakirin ensiklopedik bioqrafik əsəri.

Əsər Əsərin tam adı "Tarixu mədinəti-Diməşq və zikru fəzlihə və təsmiyətü mən həlləhə minəl-əməsil əv ictəzə bi-nəvahihə min vəridihə və əlihə"dir. Əsərin nə vaxt yazılmağa başladığı haqqında məlumat olmasa da, İbn Əsakirin əsəri gənclik illərindən bəri yazmağa hazırlaşdığı güman edilir. Müəllifi əsəri üç mərhələdə tamalamışdır. Əsər 80 cilddən ibarətdir. Əbu Şamə bildirik ki, əsəri köçürən İbn Əsakirin oğlu Qasım əsərin 80 cilddən ibarət olduğunu demişdir. Zəhəbi də əsərin hər bir cüzünün 20 vərəq olmaqla, 800 cüz olduğunu bildirmişdir.

İbn Əsakir "Tarixu mədinəti-Diməşq" əsərinə Şam sözünün etimologiyası ilə başlayır; Dəməşqin quruluşundan və "Dəmaşq" sözünün iştiqaqından bəhs edir, həmçinin "tarix" sözünün etimologiyası və tarix elminin faydaları haqqında məlumat verir. Ardınca Şam və Dəməşqin fəzilət və üstünlüklərini izah edir, bu mövzu ilə bağlı sadaladığı ayə və hədislər haqqında şərh və izahlar təqdim edir. Dəməşqin coğrafi təsviri və topoqrafiyası barədə ətraflı məlumat verir; ümumilikdə Suriyadakı İslam fəthləri, xüsusilə isə Dəməşqin fəthi haqqında danışır.

Dəməşqdəki məscidlər, xüsusən Əməviyyə məscidi, kilsələr, sinaqoqlar, hamamlar, şəhərin əsas qapıları, su kanalları, dükan və bazarlar, əhəmiyyətli binalar, ziyarət yerləri, saray və qəsrlər barədə məlumatlar verir. Əməviyyə məscidi ilə bağlı, bir hissəsi uydurma olmaqla, çoxsaylı rəvayətlər nəql edir; bu minvalda təxminən 24 mədrəsəni də məscidlər sırasında qeyd edir.

Daha sonra Dəməşqdə yaşamış, orada yetişmiş, ora gəlib-getmiş, Dəməşqlə birbaşa və ya dolayısı ilə əlaqəsi olan peyğəmbərlər, xəlifələr, hökmdarlar, valilər, fəqihlər, qazılar, qurralar, hədis raviləri, ədiblər və şairlər, eləcə də digər tanınmış şəxslərin həyatları barədə məlumat verir. Məhəmməd peyğəmbərin həyatını ətraflı şəkildə nəql edir. Sayda, Hələb, Hüms, Bəəlbək, Əsqəlan, Rəqqa, Rəmlə və qismən Qüds kimi Suriyanın digər şəhərlərinə mənsub təxminən 9000 nəfər haqqında məlumat təqdim edir. Bu səbəbdən "Tarixu mədinəti-Diməşq" əsərini bir Suriya tarixi kimi qiymətləndirmək mümkündür.

Əsərini qələmə alarkən Xətib əl-Bağdadinin "Tarixu Bağdad" əsərini nümunə götürən İbn Əsakir, xüsusilə əsərin ilk cildi və bioqrafiyalara ayırdığı bölümlərdə onun kimi hədisçilərin metodunu tətbiq etmiş, əvvəl sənədləri, sonra isə rəvayətləri nəql etmişdir. Əsərin son cildi qadın mühəddislər və şairələrə həsr olunmuşdur. Bioqrafiyalarda şəxslər haqqında qiymətləndirmələrə, ciddi məzmunlu anekdotlara və doğum-ölüm tarixlərinə də yer verilmişdir.

Müəllif əsərində şifahi və yazılı mənbələrdən istifadə etmiş, Dəməşq, Bağdad və Xorasandakı 150 müəllimindən hədis və xəbərlər nəql etmişdir. Bəhrələndiyi müəllimlər arasında Əbül-Qasım ibn Hüseyn, Əbu Bəkr əl-Fəradi, Əbu Qalib İbnül-Bənna, Əbu Məsud əl-İsfahani, Əbül-Qasım əş-Şəhami, Əbül-Qasım əs-Səmərqəndi, Əbül-Həsən ibn Əbül-Hədid, Əbdülkərim əs-Süləmi, Əbül-Həsən Əli əs-Süləmi və Əbu Məhəmməd Hebətullah ibnül-Əkfani göstərilə bilər. Həmçinin müəllimlərindən 16-sı ona yazılı şəkildə məlumat vermişdir. Həmçinin, bir qismi günümüzə gəlib çatmayan mənbələrdən də bəhrələndiyi məlum olur. Bunlar arasında "Kitabü Əxbəril-Kəbə", "İştiqaqu əsmail-buldan", "Tarixu fəthi-Diməşq", "Kitabüs-Səvaif", "Kitabu Fəzailil-Fürs", "Fəxailüş-Şam və Diməşq", "Tarixu Dərya" kimi mənbələr vardır. Əsərdə Suriya və Dəməşq haqqında məlumat verən Vəqidi, İbn Səd, İbn Macə, Bəlazuri və Buxari kimi erkən dövr İslam tarixçiləri və mühəddislərinin əsərlərindən də istifadə edilmişdir.

Əsərin İstanbul, Dəməşq, Qahirə, Mərakeş və dünyanın digər kitabxanalarında əlyazmaları mövcuddur.

"Tarixu mədinəti-Diməşq" müxtəlif tarix (1987, 1996, 2001 və s.) və yerlərdə (Əmman, Beyrut və s.) dəfələrlə nəşr edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar Kateqoriya:Hədis kitabları Kateqoriya:Sünni ədəbiyyatı