Şahzadə Viktoriya (; ) — Böyük Britaniya kralı VII Eduardın qızı, Britaniya monarx ailəsinin üzvü.
Həyatı 6 iyul 1868-ci ildə Uels şahzadəsi Şahzadə Albert Eduardla xanımı Danimarkalı Aleksandranın dördüncü övladı olaraq Marlboro villasında dünyaya gəldi. Doğulduğu əsnada nənəsi Kraliça Viktoriya hələ də səltənətdə idi. 6 avqustda doğulduğu villada keçirilən mərasimlə vəftiz olundu. Bacılarıyla birlikdə özəl təhsil aldı. Marlboro villası və Sandrinqem sarayında mürəbbiyələr tərəfindən təlim-tərbiyə edildi. Bəzi yay aylarını anasının vətəni olan Danimarkada keçirdi.
Rusiya və Yunanıstan monarx ailəsinə mənsub qohumlarıyla dost münasibətləri saxladı. Xüsusilə də, özüylə həmyaşıd olan xalası oğlu çareviç Nikolay gənclik illərində ona aşiq olmuşdu. Onunla evlənmək niyəti olan digər namizədlər isə dayısı oğlu olan Danimarka vəliəhdi Şahzadə Kristian və Portuqaliya kralı I Karlos oldu. Buna baxmayaraq bu təkliflər müxtəlif səbəblərlə geri çevrildi. Şahzadə Viktoriya heç vaxt evlənmədi və anası tərəfindən onun bu qərarı daim dəstəkləndi.
22 mart 1905-ci ildə Viktoriya, anası Kraliça Aleksandra, kiçik bacısı Şahzadə Maud və dayısı oğlu Şahzadə Karl Haakonla birlikdə Portuqaliyaya rəsmi səfərə göndərildi. 2 gün davam edən səfər əsnasında Portuqaliya kralı I Karlos, Kraliça Amaliya və dul kraliça Savoyyalı Mariya Pia ilə görüşdülər.
1910-cu ildə atasının vəfatı və sevimli qardaşı V Corcun taxta çıxmasının ardından tamamilə anasının kölgəsində qaldı. Anasının qatıldığı rəsmi tədbirlərdə onu müşayiət etdi. Birinci Dünya müharibəsi illərində artan alman düşmənliyi səbəbilə, qardaşı alman köklərindən gələn Saksen-Koburq-Qot soyadından imtina etdi. Onun tələbiylə bütün ailə üzvləri kimi, Şahzadə Viktoriya da 1917-ci ildən etibarən Vindzor soyadını mənimsədi.
1925-ci ildə anasının vəfatının ardından Bukingemşirdəki kiçik villaya köçdü və qalan illərini burada yaşadı. 3 dekabr 1935-ci ildə burada vəfat etdi. Eyni gün planlanan parlament açılışı bu səbəblə təxirə salındı. 4 gün sonra Vindzor sarayında Müqəddəs Corc kilsəsində baş tutan cənazə mərasiminin ardından burada dəfn olundu. Ancaq ertəsi il cənazəsi başqa yerə daşındı.
Qalereya
Mənbə
Ədəbiyyat Basford, Elisabeth (5 February 2021). Princess Mary: The First Modern Princess. The History Press. p. 168. ISBN 9780750997003 Vickers, Hugo (31 March 2013). Elizabeth, the Queen Mother. Random House. ISBN 9781448150724
İstinadlar Kateqoriya:Almanəsilli Britaniya şəxsləri