Selin Sayek Böke (; ) — türk siyasətçi və iqtisadçı. Cümhuriyyət Xalq Partiyasının üzvü olan siyasətçi, 2015–2023-cü illərdə Türkiyə Böyük Millət Məclisində millət vəkili olmuşdur.

2020-ci ilin iyul ayından etibarən CXP-nin Baş katibi vəzifəsini icra edir və partiyanın iqtisadi siyasətinin formalaşdırılmasında əsas simalardan biri hesab olunur. 2025-ci ilin may ayında Sosialist İnternasionalı Qadınlar Təşkilatının sədr müavini seçilmişdir.

Həyatı və təhsili Selin Sayek 24 avqust 1972-ci ildə ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində, türk-amerikan ailəsində anadan olmuşdur. Atası İsgəndər Sayek tibb professoru və ümumi cərrahdır. onun ailəsi Hatay ilinin Arsuz ilçəsindən olan antioxiyalı pravoslav yunan mənşəlidir. Anası Füsun Sayek (1947—2006) tanınmış oftalmoloq olub və uzun müddət Türkiyə Təbiblər Birliyinə (TTB) rəhbərlik edib, ana tərəfi isə Niğdədən olan türklərdir.

1989-cu ildə TED Ankara Kollecini bitirmişdir. Ali təhsilini Ankarada Orta Şərq Texniki Universitetində (ODTÜ) almış və 1993-cü ildə iqtisadiyyat fakültəsini tamamlamışdır.

Təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək, burada iqtisadiyyat üzrə əvvəlcə magistr, daha sonra isə fəlsəfə doktoru (PhD) dərəcəsi almışdır (1993—1999). Təhsil aldığı müddətdə universitetdə pedaqoji fəaliyyətlə məşğul olmuş və Dünya Bankının layihələri üzrə məsləhətçi işləmişdir. Bu fəaliyyəti dövründə Cənubi Afrika, Şimali və Mərkəzi Avropadakı layihələrə rəhbərlik etmişdir.

Akademik karyera Siyasətə qoşulmazdan əvvəl Böke akademik sahədə və beynəlxalq maliyyə qurumlarında uğurlu karyera qurmuşdur:

1999–2001: Bentli Universitetinin (Massaçusets, ABŞ) İqtisadiyyat kafedrasında dosent vəzifəsində çalışmışdır. 2001–2003: Beynəlxalq Valyuta Fondunun (BVF) Vaşinqton ofisində iqtisadiyyatçı kimi fəaliyyət göstərmişdir. Bu dövrdə o, həmçinin Corctaun Universitetində mühazirələr oxumuşdur. 2003–2014: Bilkent Universitetinin (Ankara) iqtisadiyyat fakültəsində dərs demişdir. 2010-cu ildə dosent elmi adını almış, 2011–2014-cü illərdə isə İqtisadiyyat kafedrasına rəhbərlik etmişdir. 2013–2014-cü illərdə həmçinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsinin dekan müavini vəzifəsini tutmuşdur.

2011-ci ildən etibarən TÜBİTAK-ın Sosial Elmlər üzrə Tədqiqat Qrupunun (SOBAG) məsləhət şurasının üzvüdür. O, həmçinin Füsun Sayek Sağlamlıq və Təhsilin İnkişafı Fondunun təsisçi üzvüdür.

Mükafatları

2007: Kil Dünya İqtisadiyyatı İnstitutu tərəfindən "Qlobal İqtisadi İşlərdə Mükəmməllik" mükafatı (Excellence Award in Global Economic Affairs). 2010: Beynəlxalq iqtisadiyyat və xarici investisiyaların təsiri sahəsindəki işlərinə görə TÜBİTAK Təşviq Mükafatı. 2011: Orta Şərq Texniki Universitetinin (ODTÜ) Mustafa Parlar Fondu Mükafatı.

Siyasi fəaliyyəti

CHP-yə üzvlük və parlamentdəki fəaliyyəti

Aktiv siyasi fəaliyyətə 2014-cü ildə başlamışdır. Partiyanın 6 sentyabr 2014-cü ildə keçirilən 18-ci növbədənkənar qurultayında Partiya Məclisinə üzv seçilmişdir. Həmin ilin 14 sentyabr tarixində isə iqtisadi siyasətdən məsul sədr müavini təyin edilmişdir.

O, ilk dəfə 2015-ci ilin iyun ayında keçirilən seçkilərdə İzmirin 1-ci seçki dairəsindən Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, həmin ilin noyabrında keçirilən təkrar seçkilərdə yenidən mandatını qorumuşdur. 2018-ci il ümumi seçkilərində isə İzmirin 2-ci seçki dairəsindən deputat seçilmişdir.

Partiya strukturunda iqtisadi məsələlər üzrə sədr müavini və partiyanın mətbuat katibi vəzifələrini icra etmişdir. 6 may 2017-ci ildə bu vəzifələrdən istefa versə də, Partiya Məclisinin üzvü kimi fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin iyulunda keçirilən partiya qurultayından sonra Cümhuriyyət Xalq Partiyasının Baş katibi vəzifəsinə təyin olunmuşdur.

2025-ci ilin noyabrında Türkiyənin iqtisadi transformasiyasını hədəfləyən "Güclü vətəndaş, təhlükəsiz gələcək" adlı yenilənmiş partiya proqramını təqdim edib.

Beynəlxalq fəaliyyəti və AŞPA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) işində iştirak edirdi. 2019-cu ildə o, AŞPA-da Sosialistlər, Demokratlar və Yaşıllar Qrupu (SDY) sədr müavini seçilmiş və bu vəzifəni tutan ilk türkiyəli parlamentari olmuşdur.

30 yanvar 2020-ci ildən 24 yanvar 2022-ci ilə qədər Avropa Sosial Xartiyası üzrə alt komitəyə rəhbərlik etmişdir. 24 yanvar 2022-ci ildən etibarən isə Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin sədri vəzifəsini icra edir.

Bundan əlavə, 21 may 2025-ci ildə İstanbulda keçirilən qurultayda Sosialist İnternasionalın Qadınlar Təşkilatının vitse-prezidenti seçilmişdir.

Şəxsi həyatı İnşaat mühəndisi Mert Böke ilə evlidir. Cütlüyün iki övladı (Can və Aksel) var.

İstinadlar

Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Türkiyə əsilli amerikalılar Kateqoriya:Türkiyə qadın akademikləri Kateqoriya:Bilkent Universitetinin müəllimləri Kateqoriya:Türkiyə iqtisadçıları