Səfər Aşurov() — arxeoloq, tarix üzrə fəlsəfə doktoru, dosent. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun "İlk tunc dövrü şöbəsi"nin müdiri.

I Maxta yaşayış kompleksində, Çaqqalıtəpə abidəsində, Çovdar nekropolunda, II Kültəpə abidəsində arxeoloji qazıntılara rəhbərlik edib. 8 kitabın və 200-ə yaxın məqalənin müəllifidir.

Həyatı Səfər Hüseyn oğlu Aşurov 1959-cu il avqustun 11-də Şərur rayonunun Axaməd kəndində anadan olub. 1966-1969-cu illərdə Naxçıvan şəhəri 1 №-li orta məktəbdə, 1969-1974-cü illərdə Axaməd kənd məktəbində, 1974-1976-cı illərdə isə Şərur rayonu Kərimbəyli kənd orta məktəbində orta təhsil alıb. 1980-1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində tarix ixtisası üzrə ali təhsil alıb. 1984-1988-ci illərdə AMEA Tarix İnstitutunda aspirantura pilləsində Arxeologiya ixtisası üzrə təhsilini davam etdirib. 1992-ci ildə “Naxçıvanın ilk tunc dövrü keramikası” adlı dissertasiya mövzusunu müdafiə edib və Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1993-cü ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda işləməyə başlayıb. 2005-2015-ci illərdə institutun “Nəşrlər və Elmi əlaqələr” sektorunun müdiri, 2015-2022-ci illərdə “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, 2022-2024-cü illərdə “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, 2024-2025-ci illərdə isə “Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. 2025-ci ilin mart ayında AMEA Arxeologiya və Antropologiya İnstitutunun “İlk tunc dövrü arxeologiyası” şöbəsinin müdiri təyin olunub. 2018-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb.

Elmi fəaliyyəti Səfər Aşurov tərəfindən Naxçıvanın ilk tunc dövrü abidələri olan II Kültəpə, Ovçulartəpəsi, Aşağı Daşarx, I Maxta yaşayış yerləri tədqiq olunub və bu tədqiqatlara əsasən Kür-Araz mədəniyyətinin tarixi xronologiyasına dair yeni elmi mülahizələr irəli sürülüb. Səfər Aşurov I Maxta yaşayış yerində apardığı tədqiqatların nəticələrinə uyğun olaraq Azərbaycanda inzibati idarəetmənin və dövlətçilik ənənələrinin e.ə.IV minilliyin sonlarından mövcud olduğu mülahizəsini irəli sürüb. 2008-ci ildən-2015-ci ilə qədər I Maxta yaşayış yerində aparılan arxeoloji qazıntılara rəhbərlik edib. 2015-ci ildən etibarən isə Şabran rayonunda yerləşən Çaqqalıtəpə abidəsində arxeoloji qazıntı işlərinə rəhbərlik edir. 2017-ci ildə Almastəpə abidəsində arxeoloji kəşfiyyat işləri, bir il sonra Şabran şəhər yerində xilasetmə işləri aparıb. 2019-cu ildə Çovdar nekropolunda arxeoloji qazıntı işlərinə rəhbərlik edən arxeoloqlardan biri olub.

2021-ci ildən başlayaraq “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğu ərazisində qazıntı işləri aparır. 2022-ci ildə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunda kurqan qazıntısını aparıb. 2024-cü ildən Azərbaycan-Almaniya Beynəlxalq layihəsi çərçivəsində II Kültəpə abidəsində arxeoloji qazıntılara rəhbərlik edir. Bir çox elmi konfranslarda iştirak edib. Türkiyə, Qazaxıstan, Almaniya, Bolqarıstan və bir sıra ölkələrdə beynəlxalq elmi konfranslarda elmi məruzələri ilə çıxış edib. Elmi əsərləri Səfər Aşurov 8 kitabın və 200-ə yaxın məqalənin müəllifidir. "Naxçıvanın ilk tunc dövrü keramikası" adlı kitabı 2002-ci ildə, "Naxçıvanda arxeoloji tədqiqatlar (2001-2002-ci illər)" və "Borsunlu kurqanı" (həmmüəllif Q.Qoşqarlı, N.Müseyibli) adlı kitabları 2003-cü ildə, "Ovçulartəpəsi" (həmmüəllif V.Baxşəliyev, C.Marro) və "Naxçıvanda arxeoloji tədqiqatlar (II Kültəpə, I Maxta Kültəpəsi, Oğlanqala və digər abidələrdə aparılan tədqiqatların ilkin nəticələri)" (həmmüəllif V.Baxşəliyev, L.Ristvet, H.Gopnik) kitabları 2010-cu ildə, "Qədim Şərur" (həmmüəllif A.Seyidov, V.Baxşəliyev, S.Məmmədov) adlı kitabı 2012-ci ildə, "I Maxta ilk tunc dövrü abidəsi – I kitab " ( həmmüəllif S.A.Hüseynova, F.A.Əliyeva) kitabı isə 2020-ci ildə çap olunub.

Mükafatları 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin birgə layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilmiş “Milli irs mükafatı” ilə təltif olunub.

Həmçinin bax

AMEA AMEA Arxeologiya və Antropologiya İnstitutu Arxeologiya

İstinadlar

Xarici keçidlər Kitabları Səfər Aşurov - Naxçıvanın ilk tunc dövrü keramikası, Bakı, Nafra Press nəşriyyatı 2002-ci il. Vəli Baxşəliyev, Catherine Marro, Səfər Aşurov - Ovçulartəpəsi, Bakı, Elm nəşriyyatı, 2010-cu il. Vəli Baxşəliyev, Lauren Ristvet, Hilary Gopnik, Səfər Aşurov - Naxçıvanda arxeoloji tədqiqatlar: II Kültəpə, I Maxta Kültəpəsi, Oğlanqala və digər abidələrdə aparılan tədqiqatların ilkin nəticələri, Naxçıvan, Əcəmi NPB, 2010-cu il. A. Seyidov, Vəli Baxşəliyev, S.Məmmədov, Səfər Aşurov - Qədim Şərur, Bakı, 2012-ci il. Səfər Aşurov, Sevinc Hüseynova, Fidan Əliyeva - I Maxta ilk tunc dövrü abidəsi – I kitab, Bakı, Apostrof A, 2020-ci il.

Kateqoriya:Arxeologiya Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycanlı arxeoloqlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri