Əbül-Bərəkət Əhməd ibn Məhəmməd ibn Əhməd əd-Dərdir əl-Ədəvi (; ) — Xəlvətiyyə təriqətinin Dərdiriyyə qolunun banisi, misirli Maliki fəqihi. Onun təriqət silsiləsi Şeyx Hinfi və Qütbəddin əl-Bəkri vasitəsilə Xəlvətiliyin Şabaniyyə-Qarabaşiyyə qoluna gedib çatır.
Dr. Məhəmməd əl-Cavadinin iddiasına görə, Fransa hüquq sisteminə ən böyük təsiri göstərən məhz o olmuşdur, çünki Napoleon Bonapart fransız hüququnu onun maliki fiqhində "Müxtəsəru Xəlil"ə yazdığı şərhlərdən götürmüşdür. Napoleon gəldikdə bu hüquqi elm artıq hazır və sistemləşdirilmiş vəziyyətdə idi.
Həyatı
Doğumu 1715-ci ildə Yuxarı Misirin Mənfəlut qəsəbəsində anadan olub. Ləqəbi "əd-Dərdir"dir. Bu ləqəb ona babasından keçmişdir.
Təhsili və tələbələri İlk təhsilini atasından alıb. On yaşı olanda atası vəfat edib. O da təhsilini davam etdirmək üçün Qahirəyə yollanıb və burada əl-Əzhərə daxil olub. Həmin dövrün Misirdəki ən böyük alimi olan maliki fəqihi Əli əs-Səididən fiqh öyrənib. 1747-ci ildə Xəlfətiliyin Hifniyyə qolunun banisi Şeyx Məhəmməd əl-Hifniyə intisab edib. Əhməd əs-Səbba və Əhməd ibn Əbdülfəttah kimi alimlərə də tələbəlik edib.
Müəllimi Əli əs-Səidinin (1775) vəfatından sonra onun bütün vəzifələrini öz üzərinə götürüb. Malikilərin əl-Əzhər şeyxi və Misir müftüsü olub. Bu səbəblə ona "Kiçik Malik" deyilib. Səidilərin mədrəsələrində dərslər verib, vəqflərinə nəzarət edib. 1758-ci ildə Şeyx Hifnidən icazət aldıqdan sonra təsəvvüf sahəsində məşhurlaşıb və Xəlivətiyə təriqətinin təbliğində mühüm rol oynayıb. Misirin ən məşhur alim, şeyxi və maliki müctəhidi dərəcəsinə yüksəlib. Şeyx Əhməd əs-Səvi, Saleh əs-Sibai, Ərəfə əd-Dəsuqi, Əbdülalim əs-Sənhuri və başqalarına müəllimlik edib.
Əmirlərlə mübarizə Bu dövrdə Misirdə Osmanlı valilərinin hakimiyyəti de-fakto süqut etdiyindən bu boşluğu əmirlər doldurmağa başlamışdılar. Heç bir qayda və qanun tanımayan bu əmirlər həm xalqa, həm də din adamlarına təzyiq edirdilər. Əhməd əd-Dərdir xalqın da dəstəyini qazanaraq bu əmirlərə qarşı mübarizəyə qalxmış və onların müqavimətini qırmağa nail olmuşdur.
Vəfatı Əhməd əd-Dərdir, 1786-cı ildə Qahirə vəfat etmiş və Dərdir zaviyəsində dəfn edilmişdir.
Əsərləri Dərdir, təsəvvüf, təriqət ibadətləri, əqidə, fiqh mövzularında iyirmidən çox əsər qələmə almışdır. Onlardan bəziləri bunlardır:
Əqrəbül-məsalik li-məzhəbil-İmam Malik. Maliki fiqhi ilə bağlı 1779-cu ildə qələmə alınmış əsər. Əş-Şərhus-sağir alə Əqrəbil-məsalik. "Babül-cinayə" fəslinə qədər yazılan əsəri tələbəsi Şeyx Mustafa əl-Uqbəvi tamamlamışdır. Əş-Şərhul-kəbir alə Müxtəsəri-Sidi Xəlil. Maliki fiqhi ilə bağlı olan bu əsər Məhəmməd əd-Dəsuqinin yazdığı haşiyə ilə birlikdə nəşr edilmişdir. Əl-Xəridətül-bəhiyyə. Əqidə ilə bağlı yetmiş bir beyitlik mənzum bir əsərdir. Şərh aləl-əqidə. Qütbəddin əl-Bəkrinin "Fəvaidül-fəraid" adlı əsərinin şərhi. Haşiyə alə Qissətil-merac. Nəcməddin əl-Qəzzinin meracla bağlı əsərinin haşiyəsi. Tühfətül-ixvan fi ədəbi əhlil-irfan. Təriqət ədəbi ilə bağlı qələmə alınmış əsər. Şəvariqül-ənvər. Bəzi salavat mətnlərini ehtiva edən risalə.
Dərdiriyyə qolu Xəlvətiliyin Dərdiriyyə () qolu Səviyyə, Sibəiyyə, Vəfaiyyə olmaqla üç şöbəyə bölünür. Dərdiriyyə qolu daha çox Misir ərazisində yayılmışdır.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Sufilər Kateqoriya:XVIII əsr müsəlman teoloqları Kateqoriya:İslam filosofları