Köndələnçay su anbarları kompleksi — Füzuli rayonu ərazisində, Köndələnçay üzərində yerləşən su anbarları sistemi. Kompleksə “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarları daxildir.
Tarixi Köndələnçay su anbarları kompleksi Köndələnçay üzərində, Füzuli rayonunun Dövlətyarlı, Yuxarı Yağlıvənd və Mirzəcamallı kəndlərinin ərazilərində yerləşir.
1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində kompleksin fəaliyyəti dayandırılmış və su ehtiyatları işğal dövründə qeyri-səmərəli şəkildə istifadə olunmuşdu.
2020-ci ildə Füzulinin işğaldan azad edilməsindən sonra “Aşağı Köndələnçay” da daxil olmaqla bütün kompleks bərpa proqramına daxil edilib.
2021-ci ildə “Aşağı Köndələnçay” su anbarının suyundan bir neçə kənddə suvarma üçün istifadə olunmağa başlanılıb.
2022-ci il aprelin 21-də Prezident İlham Əliyev kompleks üzrə təmir-bərpa layihəsi ilə tanış olub.
2024-cü il 10 may tarixində kompleks təmir-bərpadan sonra Prezident İlham Əliyevin iştirakı ilə yenidən istifadəyə verilib.
Kompleks vasitəsilə Füzuli rayonunda 6 min hektardan çox, o cümlədən 6,2 min hektara yaxın torpaq sahəsinin suvarılmasının yaxşılaşdırılması nəzərdə tutulur.
2024-cü ildə intensiv yağıntılar nəticəsində kompleksdə suyun səviyyəsi artmış və “Köndələnçay-1”-də 2,1 milyon m³, “Köndələnçay-2”-də 1,7 milyon m³, “Aşağı Köndələnçay”da isə 8 milyon m³ olmaqla ümumilikdə 11,8 milyon m³ su ehtiyatı toplanmışdır.
Texniki göstəricilər
Köndələnçay-1 “Köndələnçay-1” su anbarı 1962-ci ildə istismara verilib. Ümumi su tutumu 3,9 milyon m³, faydalı həcmi 3,6 milyon m³, hündürlüyü isə 14 metrdir.
Təmir-bərpa işləri zamanı bəndin üst örtüyü və beton üzlüklər yenilənmiş, suburaxıcı qurğular, estakada, 283 metr uzunluğunda səthi sutullayıcı, gözətçi evi, çirkab su quyusu və elektrik təchizatı sistemi bərpa edilib.
Köndələnçay-2 “Köndələnçay-2” su anbarı 1951-ci ildə istismara verilib. Ümumi su tutumu 2,1 milyon m³, faydalı həcmi 1,6 milyon m³, hündürlüyü isə 23,35 metrdir.
Bərpa çərçivəsində torpaq bəndin çökmüş örtüyü, drenaj sistemi, nəzarət cihazları, suburaxıcı borular, beton konstruksiyalar, diametri 600 mm olan siyirtmələr və 177 metr uzunluğunda əthi sutullayıcının dəmir-beton üzlüyü yenidən qurulub.
Aşağı Köndələnçay
“Aşağı Köndələnçay” su anbarı 1980-ci ildə istismara verilib. Ümumi tutumu 9,5 milyon m³, faydalı həcmi 9 milyon m³, hündürlüyü isə 25 metrdir.
Bərpa işləri çərçivəsində torpaq bəndin örtüyü, drenaj sistemi, qülləli suburaxıcı qurğular, mexaniki avadanlıqlar, estakada və 780 metr uzunluğunda səthi sutullayıcının bütün beton konstruksiyaları yenilənmiş, yarımstansiya və elektrik xətləri bərpa olunub. Quruçay üzərində inşa edilən suqəbuledici qurğu vasitəsilə həmin çayın suları “Aşağı Köndələnçay”a yönləndirilir.
İstinadlar
Kateqoriya:Azərbaycan su anbarları Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri