Cam haqqında dua və ya "Bağda ibadət" () — Lorenzo Gibertinin eskizi əsasında Bernardo do Françesko tərəfindən 1443-cü ildə Florensiya kafedralının barabanında yaradılmış vitraj.

Tarixi Baraban vitrajları üzərində işə, Brunelleskinin günbəz üzərində işləri tamamlamasından (1436) sonra başlanılmış, ənənəvi olaraq, vitrajların hazırlanması üçün müsabiqə elan edilmiş, müxtəlif rəssamlar müsabiqədə iştirak üçün tam ölçüdə eskizlər təqdim etmişdilər və onlardan ən gözəlləri seçilmişdir. Beləcə, Giberti vitraj sifarişlərinin bir çoxunu qazanmış, bir sifariş isə Donatello tərəfindən qəbul edilmişdir. 1440-cı illərdə Giberti, vaxtının böyük bir hissəsini Vəftizxananın qapılarına sərf etdiyindən, vitrajların hazırlanması Paolo Uçello və Andrea del Kastanyo kimi müxtəlif rəssamlara həvalə edilmişdir.

Giberti memuarında barabanın üç vitrajını xatırlayır: "Mən bu kilsə üçün çoxlu sayda vitrajlar layihələndirmişəm. Tribunada mənim tərəfimdən üç okulus üçün vitrin çəkilmişdir: onlardan birində səmaya yüksələn Məsih, ikincisində bağda ibadət edən məsih, üçüncüsündə isə Məsihin məbədə gətirilməsini təsvir etmişdim." İlk iki vitraj 1443-cü ilin sentyabrında quraşdırılmışdı. 1444-cü ildə usta Bernardo di Françesko quraşdırılmanı bitirmişdir.

Təsviri Müxtəlif motivlərdən təşkil edilmiş medalyonların sıx düzülməsi sayəsində yaradılmış çərçivə daxilində, qırmızı fon üzərində Gefsiman bağında ibadət səhnəsi ənənəvi sxem əsasında təsvir edilmişdir. Sol arxa tərəfdə Məsih, gələcək qurbanın simvolu aolan camı mələkdən qəbul edir; on planda sağ tərəfdə isə üç həvari ağac altında yatır. Arxa fonda qala divarları arasında Yerusəlim təsviri, keçməkdə olan qotik incəsənətə işarə edir. Vitrajdakı fiqurlar, İntibah incəsənətinə xas tərzdə vahid həcm və ustalıqla həll edilmiş pozalara malik olsalar da, məkan, qotik manerdə, qeyri-rasional nisbətlərlə təsvir edilmişdir ki, bu da ümumi təsvirə nağılvari ab-hava bəxş edir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Florensiya kafedralının vitrajları Kateqoriya:Lorenzo Gibertinin əsərləri Kateqoriya:Gefsiman bağında ibadət