COVID-19 pandemiyası genişmiqyaslı iqtisadi nəticələrə səbəb olmuşdur; The return of Keynesianism? Exploring path dependency and ideational change in post-covid fiscal policy. Policy & Society. Cild 41, №1, Yanvar 2022, s. 68–82 bunlara COVID-19 resessiyası, müasir tarixdə ikinci ən böyük qlobal resessiya, COVID-19 qapanmaları dövründə xidmət sektorunda biznesin azalması, 2020 fond bazarı çökməsi (buraya 2008 maliyyə böhranından bəri ən böyük həftəlik fond bazarı enişi daxildir), COVID-19 pandemiyasının maliyyə bazarlarına təsiri, 2021–2023 qlobal təchizat zənciri böhranı, 2021–2023 inflyasiya dalğası, COVID-19 pandemiyası ilə bağlı çatışmazlıqlar (buraya 2020–2023 qlobal çip çatışmazlığı daxildir), kütləvi alış-veriş, və qiymət manipulyasiyası. Pandemiya hökumətləri misli görünməmiş həcmdə iqtisadi stimullaşdırma tədbirləri görməyə vadar etmiş və həmçinin 2021–2022 qlobal enerji böhranına və 2022–2023 qida böhranlarına təsir edən amillərdən biri olmuşdur.
Pandemiya dünya üzrə iqtisadi fəaliyyətə təsir göstərmiş və 2020-ci ildə qlobal kommersiya ticarətində 7%-lik azalmaya səbəb olmuşdur. Pandemiya nəticəsində yaranmış bir sıra tələb və təklif uyğunsuzluqları bərpa dövründə — 2021 və 2022-ci illərdə — yenidən üzə çıxmış və ticarət vasitəsilə qlobal miqyasda yayılmışdır.
COVID-19 pandemiyasının ilk dalğası zamanı müəssisələr gəlirlərinin 25%-ni, işçi qüvvəsinin isə 11%-ni itirmişdir. Əlaqə-intensiv sahələr və KOB-lar xüsusilə güclü zərbə almışdır. Bununla belə, genişmiqyaslı siyasət dəstəyi böyük iflasların qarşısını almağa kömək etmiş, pandemiya dövründə cəmi 4% müəssisə İflas elan etmiş və ya daimi olaraq bağlanmışdır.
2021-ci ildə aparılmış qlobal modelləşdirmə tədqiqatına görə, pandemiya 2020-ci ilin sonuna qədər davam edərsə, yalnız səyahət və turizm sektoru dünya ÜDM-itə 12,8 trilyon ABŞ dollarına qədər itki verə bilərdi. Tədqiqat həmçinin əlaqəli sahələrdə 500 milyondan çox məşğulluq itkisi proqnozlaşdırmış və turizmi ən çox zərər çəkən sektor kimi qiymətləndirmişdir.
Bərpa və məhdudiyyətlərin davam etdiyi dövrdə dünya iqtisadi sistemi əhəmiyyətli və genişmiqyaslı qeyri-müəyyənliklə xarakterizə olunurdu. İqtisadi proqnozlar və makroiqtisad üzrə ekspertlərin konsensusu pandemiyanın ümumi təsiri, uzunmüddətli nəticələri və bərpa tempi barədə ciddi fikir ayrılıqları göstərirdi.
2021–2023-cü illər inflyasiya artımı da qismən pandemiya ilə əlaqələndirilmişdir. Ən yüksək səviyyələrə çatan enerji qiymətləri iqtisadi tənəzzüldən çıxış dövründə qlobal tələbin artması, xüsusilə Asiyada enerji istehlakının güclü yüksəlməsi ilə izah olunurdu.
Ümumi iqtisadi daralma
2020-ci ildə qlobal fond bazarları 1987-ci ildən bəri ən pis bazar çökməsini yaşadı, və 2020-ci ilin ilk üç ayında G20 iqtisadiyyatları illik müqayisədə 3,4% azaldı. 2020-ci ilin aprel–iyun ayları arasında Beynəlxalq Əmək Təşkilatı dünyada tam ştatlı əmək ekvivalenti üzrə 400 milyon iş yerinin itirildiyini təxmin etdi, və işçilər tərəfindən qazanılan qlobal gəlirlər 2020-ci ilin ilk doqquz ayında 10% azalmışdır ki, bu da 3,5 trilyon ABŞ dollarından çox itkiyə bərabərdir.
2020-ci ilin may ayında Kembric Universiteti qlobal iqtisadiyyata dəyən zərərin beş il ərzində 3,3 trilyon dollardan 82 trilyon dollara qədər ola biləcəyini təxmin etdi, və 2020-ci ilin ortalarında BMT bu məbləği iki il ərzində 8,5 trilyon dollar olaraq hesabladı. 2023-cü ilin sonlarından olan retrospektiv iqtisadi təhlil ziyanı beş il ərzində 17–35 trilyon dollar arasında qiymətləndirir.
COVID-19 pandemiyası Avropaya yayılanda, regionda investisiya səviyyəsi yüksək olsa da, gözlənilmədən yavaşlamışdı. 2019-cu ildə Avropa İttifaqında ümumi investisiya əvvəlki illə müqayisədə 3% artmış və real ÜDM artım tempini üstələmişdi.
İnvestisiya, digər iqtisadi fəaliyyət növləri kimi, lokdaun məhdudiyyətləri nəticəsində kəskin şəkildə azaldı. Bu təsir xüsusilə 2020-ci ilin ikinci rübündə nəzərə çarpırdı — o zaman investisiya illik müqayisədə 19% azalmışdı; yay aylarında məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılmışdı. 2019-cu ildə şirkətlər artıq iqtisadi vəziyyəti əlverişsiz qiymətləndirirdilər. Sektor-spesifik biznes perspektivlərinə dair ümumi gözləntilər, eləcə də daxili və xarici maliyyələşmənin mövcudluğu 2020-ci ildə daha da pisləşdi. Avropa İnvestisiya Bankının 2020–21-ci il İnvestisiya Hesabatında respondentlərin 81%-i qeyri-müəyyənliyi investisiya üçün ən ciddi maneə kimi göstərmişdir.
Avropa İttifaqında şirkətlərin 20%-i məşğulluqda daimi azalma gözlədiklərini bildirmişdir ki, bu da müəssisələrin əhəmiyyətli hissəsinin COVID-19 böhranı keçdikdən sonra “bərpa olmaq” qabiliyyətinə bi pessimist yanaşmasını göstərir.
Nəticə olaraq pandemiya səbəbindən Avropa şirkətlərinin yarısı gələcəkdə rəqəmsal texnologiyalardan istifadənin artacağını gözləyir. Rəqəmsal texnologiyalardan artıq istifadə edən şirkətlər arasında bu göstərici daha yüksəkdir.
Avropa İttifaqının dövlət borcunun 2021-ci ilin sonuna qədər ÜDM-in 95%-ni keçəcəyi gözlənilir ki, bu da pandemiya başlayandan bəri (2019-dan etibarən) 15 faiz bəndi artım deməkdir.
2020-ci ilin birinci rübündən ikinci rübünə qədər Aİ hökumət borcu ÜDM-in 8,4 faiz bəndi artaraq 88%-ə çatdı. Avropa Komissiyasına görə, borc/ÜDM nisbəti 2020-ci ilin sonuna 94%-ə yüksəldi. 2020-ci ilin payızında pandemiyanın ikinci dalğası və yeni karantinlər vəziyyəti daha da ağırlaşdırdı.
COVID-19 böhranından bir il sonra korporativ investisiyaların ən azı 25% azalacağı gözlənilirdi.
Beynəlxalq Valyuta Fondu (IMF) və digər təşkilatlar Avropa İttifaqının ÜDM-inin 6–8% azalacağını proqnozlaşdırırdı ki, bu da Böyük Depressiyadan bəri görünməmiş bir göstəricidir.
Avropa İttifaqının real ÜDM-i 2020-ci ilin birinci rübü ilə müqayisədə 11%-dən çox azaldı — bu, bir rüb ərzində müşahidə edilən ən böyük azalmadır.
ÜDM-dəki azalma virusun yayılmasını məhdudlaşdırmaq üçün tətbiq edilən dövlət tədbirləri ilə bağlı idi və təsir Üzv Dövlətlər arasında ciddi şəkildə fərqlənirdi. Azalma ən zəif şəkildə Mərkəzi Avropa və Şərqi Avropada müşahidə edildi – burada real ÜDM ikinci rübdə birinci rüblə müqayisədə 9,7% azaldı. Qərbi Avropa və Şimali Avropada azalma 11,5%, Cənubi Avropada isə təxminən 15% oldu. Müqayisə üçün, ABŞ-da real ÜDM həmin dövrdə təxminən 9% azaldı.
2020-ci ilin ikinci rübündə adambaşına düşən sərəncamlı gəlir kəskin azaldı və bu, xüsusilə aşağı gəlirli ailələrdə istehlak xərclərinə mənfi təsir etdi.
COVID-19-un təsiri sənaye sahələri üzrə də kəskin fərqləndi. Fiziki iştirak tələb edən sahələr — sərnişin daşımaları, incəsənət, əyləncə, turizm və qonaqpərvərlik — ən ağır zərbə alan sahələr oldu və real sektor fəaliyyətində birinci rüblə müqayisədə 30%-ə qədər azalma qeydə alındı.
Kənd təsərrüfatı, bankçılıq və daşınmaz əmlak kimi sahələrdə azalma isə 3% və ya daha aşağı olmuşdur. 2008 maliyyə böhranı dövründə də təsir qeyri-bərabər olmuşdu və ən böyük azalma Avropa İttifaqı sənayesində (2009-un ilk rübündə 20%-dən çox) müşahidə edilmişdi.
Aİ-də saatlıq ÜDM 2020-ci ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3% artsa da, işçi başına ÜDM 11,5% azalmışdır. Kapitala çıxış məsələsi şirkətlərin təxminən 55%-i tərəfindən böyük maneə kimi qiymətləndirilir. Xüsusilə KOB-lar və yeni bizneslər üçün bu daha çətindir. Kredit məhdudiyyətləri KOB-ların 24%-nə, yeni bizneslərin isə 27%-nə təsir edir.
Şirkətlərin 44%-i COVID-19 nəticəsində illik satış itkisi yaşamadığını, yarıdan çoxu isə 2022-ci ildə pandemiyadan əvvəlki dövrdən daha yüksək satış gözlədiyini bildirmişdir.
Maliyyə bazarları
Koronavirus pandemiyası ilə əlaqəli iqtisadi çətinliklər maliyyə bazarlarına — o cümlədən səhmlər, istiqrazlar və əmtəə bazarlarına (xam neft və qızıl daxil olmaqla) genişmiqyaslı və ciddi təsir göstərmişdir. Əsas hadisələrdən biri xam neft qiymətlərinin çökməsinə və 2020-ci ilin martında fond bazarının kəskin enişinə səbəb olan 2020 Rusiya–Səudiyyə Ərəbistanı neft qiyməti müharibəsi idi. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı inkişaf etməkdə olan ölkələrdə gəlirin 220 milyard ABŞ dolları azalacağını və COVID-19-un iqtisadi təsirlərinin aylarla, hətta illərlə davam edə biləcəyini gözləyir. Bəzi mütəxəssislər təbii qazın qiymətlərinin də azalacağını proqnozlaşdırır.
COVID-in ilkin mərhələsində — aprel və may aylarında — epidemiya miqyası ilə maliyyə və fond bazarlarında müşahidə olunan dəyişkənlik arasında əhəmiyyətli korrelyasiya qeydə alındı. Bu dəyişkənliyin daha geniş təsirləri kredit bazarlarına da sirayət etmiş, hökumət müdaxilələri və mərkəzi bankların kəmiyyət yüngülləşdirilməsi siyasəti olmasaydı, daha ciddi iqtisadi tənəzzüllər baş verə bilərdi.
İncəsənət, əyləncə və idman
Epidemiya dünya üzrə incəsənət və mədəni irs (GLAM) sektorlarına qəfil və ciddi təsir göstərdi. Qlobal sağlamlıq böhranı və onun doğurduğu qeyri-müəyyənlik sektoru dərin şəkildə zərbə altında qoydu. 2020-ci ilin martına olan məlumatlara əsasən, dünyanın əksər mədəniyyət müəssisələri müddətsiz bağlanmış (və ya xidmətlərini kəskin şəkildə məhdudlaşdırmış), sərgilər, tədbirlər və nümayişlər isə ləğv edilmiş və ya təxirə salınmışdı. Bir çox şəxslər müxtəlif səviyyələrdə xəbərdarlıq və maliyyə dəstəyi ilə müqayisədə müvəqqəti və ya daimi olaraq müqavilələrini və işlərini itirdilər. Həmçinin dövlətlərin və xeyriyyə təşkilatlarının maliyyə stimulu proqramları ölkələrə və sektorların spesifikasına görə sənətçilərə müxtəlif səviyyələrdə dəstək göstərdi. Məsələn, incəsənətin ÜDM-in təxminən 6,4 %-ni təşkil etdiyi Avstraliya kimi ölkələrdə fərdlər və iqtisadiyyat üçün nəticələr xüsusilə əhəmiyyətli olmuşdur.
Kino
Pandemiya kino sənayesinə təsir göstərdi. Dünyanın müxtəlif bölgələrində kinoteatrlar bağlandı, festivallar ləğv edildi və ya təxirə salındı, film nümayişlərinin tarixləri isə irəli çəkildi. Kinoteatrların bağlanması ilə qlobal kassalar milyardlarla dollar azaldı, bununla yanaşı, axın platformaları populyarlaşdı və Netflixin səhmləri yüksəldi; kinoteatr şəbəkələrinin səhmləri isə kəskin şəkildə aşağı düşdü. Mart ayının açılış həftəsindən sonra nümayişə çıxmalı olan demək olar ki, bütün blokbasterlər dünya üzrə təxirə salındı və ya ləğv edildi, film istehsalı isə dayandırıldı. Sənaye üzrə böyük maliyyə itkiləri proqnozlaşdırılır.
İdman
Əksər böyük idman tədbirləri ləğv edildi və ya təxirə salındı, o cümlədən 2020-ci il Tokio Yay Olimpiya Oyunları da 24 mart 2020-ci ildə 2021-ci ilə qədər təxirə salındı.
Televiziya
COVID-19 pandemiyası bir sıra ölkələrdə televiziya proqramlarının istehsalını dayandırmış və ya gecikdirmişdir. Lakin Apptopia və Braze şirkətlərinin birgə hesabatı 2020-ci ilin mart ayında Disney+, Netflix və Hulu kimi platformalarda qlobal səviyyədə yayımlanma sessiyalarında 30,7 % artım olduğunu göstərdi.
Video oyunları
Epidemiya ilk olaraq Çində yayıldığı üçün tədarük zəncirlərindəki pozuntular bəzi video oyun konsollarının istehsalını və buraxılışını ləngitdi və mövcud məhsulların qıtlığına səbəb oldu. Epidemiya və pandemiyanın yayılması ilə bir sıra əsas ticarət sərgiləri, o cümlədən E3 2020, daha çox yoluxma riskini azaltmaq məqsədilə ləğv edildi. Video oyun sektoruna iqtisadi təsirin kino və digər əyləncə sahələrinə nisbətən daha az olacağı gözlənilir, çünki video oyun istehsalının böyük hissəsi məsafədən və mərkəzləşdirilmədən həyata keçirilə bilir, məhsullar isə müxtəlif milli və regional karantinlərə baxmayaraq rəqəmsal şəkildə istehlakçılara çatdırıla bilir.
E-ticarət
Pandemiya e-ticarət satışlarını artırdı. Daha çox insanın həm seçim olaraq, həm də hökumətlərin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində evdə qalması fiziki (ənənəvi) mağazalarda alış-verişin azalmasına səbəb oldu. Digər tərəfdən, e-ticarət 2020-ci ildə 34% artdı və 2021-ci ildə ABŞ-da 843 milyard dollara çataraq yalnız 2025-ci ildə əldə ediləcəyi proqnozlaşdırılan səviyyələri keçdi.