Əbül-Həsən Əhməd ibn Abdullah ibn Saleh əl-İcli (; ) — hədis hafizi.
Bioqrafiyası Hicri 182-ci (798) ildə Kufədə doğulub. Sezginin bu tarixi hicri 181-ci il olduğunu desə də, bu doğru hesab edilmir. Hicri 197-ci ildə (812) hədis öyrənməyə başlayan əl-İcli Bağdada köçmüş, bir müddət də Bəsrə və Kufədə yaşamışdır. Təhsil məqsədilə Məkkə, Mədinə, Dəməşq kimi şəhərlərə səfərlər etmişdir. O, başda atası olmaqla, Yəhya ibn Adəm, Əbu Amir əl-Əqadi, Məhəmməd ibn Yusif əl-Firyəbi, Əbu Nueym Fəzl ibn Dükeyn və Əffan ibn Müslüm kimi alimlərdən hədis dinləmişdir. Onun ən qabaqcıl tələbələri Saleh ibn Əhməd (oğlu), Məhəmməd ibn Futeys və Osman ibn Xalid əl-İlbiridir. Əhməd ibn Hənbəl və Yəhya ibn Main isə ondan hədis rəvayət edən alimlərdir.
Quranı məxluq adlandıranları təkfir edən əl-İcli, özünü ibadətə həsr etmək məqsədilə hicri 218-ci (833) ildə Tripoliyə köçmüşdür. Hicri 261-ci (875) ildə orada da vəfat etmişdir.
Hədis elmindəki yeri O, hədis sahəsində Buxari ilə müqayisə edilmiş, Yəhya ibn Məin onu "siqa" adlandırmışdır. Albaniyə görə isə əl-İcli, dəyərləndirmələrdə səhlənkarlıq etdiyindən, həssaslığı ilə tanınan cərh və tədil alimlərinə müxalif olduğu yerlərdə onun fikirlərinə etimad göstərilməməlidir.
Əsərləri Onun məlum olan yeganə əsəri "Tarixus-Siqat"dır (əsl adı "Mərifətüs-Siqat min ricali əhlil-elm vəl-hədis və minəd-duafə və zikru məzahibihim və əxbərihim"dir). Bu əsər eyni zaman aid olduğu sahənin dövrümüzə qədər gəlib çatmış ilk nümunəsidir.
Mənbələr həmçinin əl-İclinin "əl-Cərh vət-Tədil" və "ət-Tarix" adlı əsərlərindən bəhs etmişlər. Əbdülalim Əbdüləzim əl-Bəstəvi isə bunların əsərlər deyil, "əs-Siqat"a verilən müxtəlif adlar olduğunu qeyd etmişdir.
İstinadlar
Kateqoriya:Ravilər