Xədicə Nüzhət Göydoğan (; ) — türk astronom, riyaziyyatçı və akademiki.

O, Türkiyə Cümhuriyyətinin ilk qadın alimlərindəndir və "Türkiyənin ilk qadın astronomu və ilk qadın dekanı" kimi də tanınır. İstanbul Universiteti Fənn fakültəsindəki qeydlərinə əsasən o, ilk doktorluq dissertasiyasının müəllifi və fakültənin Astronomiya kafedrasında görəv alan ilk türk dosentdir. 1954-1956 və 1978-1980-ci illərdə İstanbul Universiteti Fənn fakültəsinin dekanı vəzifələrində çalışmışdır.

Nüzhət Göydoğan, İctimai İşlər naziri, siyasətçi Əli Mükbil Göydoğanın həyat yoldaşı və respublika tarixində ilk qadın skripka professoru Könül Göydoğanın da anasıdır. Erkən həyatı və təhsili 1910-cu ildə İstanbulda anadan olan Nüzhət Göydoğanın atası Atatürkün silahdaşı general-mayor Mehmed Zihni Toydəmir, anası isə Nəbihə xanım olub.

1928-ci ildə internat məktəbində oxuduğu Ərənköy Qız Liseyini bitirdikdən sonra dövlət təqaüdü əsasında riyaziyyat və fizika üzrə bakalavr təhsili alması üçün Fransaya göndərildi. Qızlar üçün Lyon Liseyində fransız dilini öyrəndikdən sonra Oğlan Liseyinə keçərək burada riyaziyyata yönəldi. 1932-ci ildə Lyon Universitetində bakalavr təhsilini başa vurduqdan sonra, 1933-cü ildə Paris Universitetində fizika üzrə təhsil almağa başladı və Paris Rəsədxanasında təcrübə keçdi. Şəxsi həyatı Nüzhət Göydoğan memarlıq professoru və keçmiş İctimai işlər naziri Mukbil Göydoğanın həyat yoldaşı idi. Bu evlilikdən onların Könül və Can adlı iki övladı vardır.

Mukbil Göydoğan 1992-ci ildə, Nüzhət Göydoğan 24 aprel 2003-cü ildə ürək çatışmazlığından vəfat edib.

O, Zəncirliquyu qəbiristanlığında dəfn edilib.

Karyerası 1934-cü ildə Türkiyəyə qayıdan Göydoğan Kandilli Rəsədxanasında işləmək üçün müraciət etsə də, müraciəti, direktorun orada qadın işləməsini istəmədiyi üçün rədd edildi. Əvəzində İstanbul Universitetinin Astronomiya fakültəsində müəllimi kimi çalışmağa başladı. O, Universitetin Fənn fakültəsinin ilk qadın üzvü idi. Universitetin bağında rəsədxananın yaradılmasında iştirak etmişdir. 1936-cı ildə Mühəndislik fakültəsinə (İstanbul Texniki Universiteti) dosent vəzifəsinə təyin olundu və bu institutun ilk qadın işçisi oldu. 1946-cı ilə qədər riyaziyyat bölməsində işlədi.

Göydoğanın dissertasiya işi İstanbul Universitetinin Fənn fakültəsində tamamlanan ilk doktorluq dissertasiyası kimi qeydə alınıb.

1948-ci ildə Göydoğan Universitetin tam professoru, eyni zamanda Türk Riyaziyyat Cəmiyyətinin qurucularından biri oldu. O, 1950-ci illərin əvvəllərində Türkiyə Soroptimistlər Birliyinin prezidenti vəzifəsində çalışıb. 1954-cü ildə İstanbul Universitetinin Fənn fakültəsinin dekanı seçilən Göydoğan Universitetdə dekan vəzifəsini icra edən ilk türk qadın oldu. Həmin il o, Türkiyə Astronomiya Dərnəyinin qurucu üzvü olub və sonrakı iki onillikdə dərnəyin prezidenti vəzifəsində çalışıb. 1958-ci ildə İstanbul Universitetinin Astronomiya kafedrasının müdiri vəzifəsinə təyin edildi. Şöbəsini genişləndirərək, işçilərin sayını tədricən 5-dən 18-ə çatdıran Göydoğan Fransa, İtaliya və İsveçrədəki rəsədxanalarla bir sıra yeni əməkdaşlıq proqramları hazırladı. O, türk liseylərində tələbələr üçün astronomiya və spektroskopiya üzrə dərsliklər hazırlayıb. O, həmçinin Türkiyə Universitet Qadınlar Dərnəyinin həmtəsisçisi olub və bir neçə dəfə onun prezidenti seçilib.

Göydoğan Beynəlxalq Astronomiya İttifaqının (İAU) üzvü idi və 1961-ci ildə Türkiyənin İAU-dakı ilk milli nümayəndəsi oldu. 1961-ci ilin avqustunda Kaliforniyanın Berkli şəhərində keçirilən İAU konfransında Türkiyəni təmsil edib. İAU-nun üzvü olduğu müddətdə o, "Ulduz atmosferləri nəzəriyyəsi" və "Günəş radiasiyası və quruluşu" üzrə iki komissiyada iştirak etmişdir.

Türkiyədə bir sıra milli və beynəlxalq astronomiya simpoziumlarını təşkil edib. 1970-ci illərin sonlarında baş verən bu hadisələrdən biri yeni milli rəsədxananın tikintisinə olan marağın möhkəmlənməsi idi.

Göydoğan 1980-ci ildə İstanbul Universitetindən təqaüdə çıxdı.

İrsi 14 avqust 2023-cü ildə Göydoğanın 113 yaşını qeyd edən Google Doodle nəşr olundu.

İstinadlar

Kateqoriya:Lyon Universitetinin məzunları Kateqoriya:Qadın riyaziyyatçılar Kateqoriya:Paris Universitetinin məzunları Kateqoriya:Zəncirliquyu qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Türkiyə professorları Kateqoriya:Türkiyə astronomları Kateqoriya:İstanbul Universitetinin məzunları Kateqoriya:Astrofiziklər