Arif Nəzər oğlu Heydərov () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1970–1978), Azərbaycan SSR Ali Sovetinin deputatı, daxili xidmət general-leytenantı (1976).
Həyatı 250px|thumb|Kiçik leytenant Arif Heydərovun Sovet Hərbi Administrasiyasında xidməti vəsiqəsi, 1945-ci il. Arif Nəzər oğlu Heydərov 1926-cı il iyunun 28-də qulluqçu ailəsində anadan olmuşdur. 17 yaşında, 1943-cü ildə SSRİ Xalq Dövlət Təhlükəsizliyi Komissarlığının Kəşfiyyat İdarəsində işə qəbul olunaraq dövlət təhlükəsizliyi orqanlarında çalışmağa başlamış. Moskvada XDTK-nin xüsusi təyinatlı məktəbini bitirdikdən sonra könüllü olaraq cəbhəyə yollanmış və İkinci Dünya müharibəsinin döyüş əməliyyatlarında – Polşa və Almaniya cəbhələrində kəşfiyyat bölmələrinin tərkibində iştirak etmişdir.
Müharibə başa çatdıqdan sonra Arif Heydərov 1946-cı ilin sentyabrına qədər Leypsiq şəhərində, daha sonra isə 1947-ci ilə qədər Saksoniya vilayətində sovet hərbi komandanlığının operativ şöbəsində xidmət etmişdir. Bəzi təsdiqlənməmiş məlumatlara görə, o, 1945-ci il Vistula-Oder əməliyyatında iştiraka görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunmuş, lakin nəticədə "Qırmızı bayraq" ordeni ilə təltif edilmişdir.
1944–1970-ci illərdə Arif Heydərov Azərbaycan dövlət təhlükəsizliyi orqanlarının kəşfiyyat bölmələrində müxtəlif vəzifələrdə çalışmışdır. Mövcud məlumatlara əsasən onun sonuncu vəzifəsi Türkiyədəki xarici əks-kəşfiyyat sahəsinə nəzarət edən rezidenturanın rəis müavini vəzifəsi olmuşdur.
1970-ci ilin mart ayında Heydər Əliyevin təşəbbüsü ilə Arif Heydərov Azərbaycan SSR daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. 1976-cı ildə ona daxili xidmət general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
SSRİ-nin "Qırmızı bayraq", "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunmuşdur.
Qətli thumb|Arif Heydərov Fəxri Xiyabanda yerləşən məzarı 1978-ci il iyunun 29-da Arif Heydərov Bakıdakı iş otağında Şuşa həbsxanasının əməkdaşı Ziya Muradov tərəfindən güllələnərək ölümcül yaralanmışdır. Hadisə zamanı daxili işlər nazirinin müavini, general-mayor Salahəddin Kazımov da ağır yaralanmışdır.
İstintaq materiallarına əsasən aydın olmuşdur ki, Ziya Muradovun ilkin hədəfi Salahəddin Kazımov olmuşdur. Onlar arasında Ziya Muradovun vəzifədə irəli çəkilməsi məsələsinin uzun müddət həll olunmaması səbəbilə ciddi narazılıq yaranmışdı. Ziya Muradov əvvəlcə nazirin köməkçisi, polkovnik Əziz Safixanovu güllələyərək öldürmüş, daha sonra nazirin iş toplantısı keçirdiyi otağa daxil olmuşdur. Hücum zamanı otaqda olan Salahəddin Kazımova da üç dəfə atəş açmışdır. Toplantının digər iştirakçısı polkovnik İbrahimov hücuma heç bir şəkildə maneə törətmədən otaqdan qaçmışdır. O, sonradan verdiyi ifadəsində qatilin atəşlərin ardıcıllığını təsdiqləsə də, hadisə yerini dərhal tərk etdiyinə görə əlavə məlumat verə bilməmişdir.
Bəzi məlumatlara görə Arif Heydərov Ziya Muradovu silahsızlaşdırmağa cəhd etmiş və bu zaman yaralanmışdı. Hadisədən sonra Ziya Muradov özünü güllələyərək intihar etmişdir. Ağır yaralanan Arif Heydərov xəstəxanaya çatdırılsa da, həmin gün vəfat etmişdir.
Arif Heydərov Fəxri Xiyabanda, atasının məzarının yanında dəfn olunmuşdur.
Qətl hadisəsinin müasir baxışla qiymətləndirilməsi Uzun illər ərzində sovet tarixşünaslığında 1978-ci il iyunun 29-da baş vermiş bu faciə daxili işlər nazirliyinin kadr aparatına qarşı şəxsi qisas zəminində törədilmiş məişət cinayəti kimi təqdim olunmuşdur. Lakin XXI əsrdə arxiv sənədlərinin öyrənilməsi və ictimai müzakirələr nəticəsində bu versiyaya yenidən baxılmışdır. Xüsusilə, 2026-cı ilin iyununda keçirilən yubiley tədbirlərində dövlət xadimləri və tədqiqatçılar sovet dövrünün "məişət qətli" konsepsiyasından tamamilə imtina edilməsinin vacibliyini bəyan etmişlər. Millət vəkili, akademik Rafael Hüseynov vurğulamışdır ki, Heydər Əliyevin komandasında kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı mübarizədə əsas fiqurlardan biri olan prinsipial nazirin aradan qaldırılması dərin siyasi motivlərə malik idi və Azərbaycan dövlətçiliyinə vurulan məqsədyönlü zərbə kimi qiymətləndirilməlidirGeneral-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib // Trend İnformasiya Agentliyi, 26 iyun 2026. Müasir bioqraflar həmçinin Arif Heydərovun həlak olmasının qəhrəmanlıq xarakterini qeyd edirlər: cəbhəçi və təcrübəli kəşfiyyatçı olan nazir hücum anında atəşdən gizlənməmiş, silahlı cinayətkarı zərirsizləşdirmək və tabeliyində olanları qorumaq üçün onunla əlbəyaxa döyüşə girərək ağır yaralanmışdırArif Heydərov. 7 мгновений жизни // Day. Az, 2026.Человек долга и чести: памяти генерал-лейтенанта Арифа Гейдарова // Day. Az, 2026..
Şəxsi həyatı Arif Heydərov Azərbaycan Dövlət Universitetində 1951–1957-ci illərdə təhsil aldığı dövrdə və sonrakı onilliklərdə təhlükəsizlik orqanlarında əməkdaşlıq etdiyi Heydər Əliyevlə yaxın şəxsi və peşəkar münasibətlərə malik olmuşdur. Arif Heydərovun daxili işlər naziri vəzifəsinə irəli çəkilməsi məhz Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə baş tutmuşdur.
Atası Nəzər Heydərov 1949–1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışmışdır. Qardaşı Qaçay Heydərov iqtisad elmləri doktoru, professor olmuşdur.
Arif Heydərov 1963-cü ildə Adilə Heydərova (1935–2015) ilə ailə qurmuşdur. Arif Heydərovun Leyla adlı qızı, Murad və Məqsud adlı iki oğlu olmuşdur.
Arif Heydərov alman, rus, türk və fars dillərini, həmçinin işgüzar səviyyədə ingilis dilini bilirdi. 1950-ci illərdə avarçəkmə üzrə iki dəfə Azərbaycan çempionu olmuşdur.
İrsi Bakıda yerləşən küçələrdən birinə, Daxili İşlər Nazirliyinin hospitalına və Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinə, Dövlət Sərhəd Xidmətinin Astara sərhəd zastavasına Arif Heydərovun adı verilmişdir.
1996-cı il iyunun 28-də Arif Heydərovun 70 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Heydər Əliyev onu "Azərbaycan xalqının generalı" adlandırmış və bildirmişdir: "Bu, bizim üçün böyük itki oldu, xalqımız, respublikamız üçün böyük itki oldu, şəxsən mənim üçün çox böyük itki oldu. Onun vəfatı günü bütün Azərbaycan matəmə batdı. Bu, bizim hamımız üçün matəm oldu, bütün Azərbaycan xalqı üçün matəm oldu."
100 illik yubileyi 2026-cı ilin iyun ayında Azərbaycanda dövlət səviyyəsində general-leytenant Arif Heydərovun anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Yubiley tədbirləri respublika KİV-lərində geniş işıqlandırılmışdır:
Sənədli film: Əsrə bərabər yubiley münasibətilə "Biz səni xatırlayırıq, Arif!" sənədli filmi ərsəyə gətirilmişdir. Filmin təntənəli təqdimatında dövlət və ictimai xadimlər Arif Heydərovun respublikanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının formalaşmasındakı xidmətlərini yüksək qiymətləndirmişlərСостоялась премьера фильма, посвященного 100-летнему юбилею генерал-лейтенанта Арифа Гейдарова // CBC TV, 2026.. Bədii irsi: Yubiley günlərində televiziya və onlayn platformalarda Arif Heydərovun ssenarisi əsasında 1981-ci ildə çəkilmiş "Əlavə iz" bədii filmi nümayiş etdirilmişdir. Media resursları filmin adının rəmzi mənasını qeyd edərək, nazirin ölkə tarixində qoyduğu silinməz izi vurğulamışlar. Sənədli sərgilər və arxiv materialları: Milli Arxiv İdarəsi tərəfindən Arif Heydərovun həyat və fəaliyyətinə həsr olunmuş virtual sənəd sərgisi istifadəçilərin ixtiyarına verilmişdirGörkəmli dövlət xadimi, general-leytenant Arif Heydərovun həyat və fəaliyyətinə həsr edilmiş virtual sənəd sərgisi istifadəçilərin ixtiyarına verilib // Milli Arxiv İdarəsi, 2026.. Eyni zamanda, Xüsusi Xidmət Organları Veteranları İctimai Birliyi ("Alyans") tərəfindən A. Heydərovun Türkiyədəki kəşfiyyatçılıq fəaliyyətini əks etdirən materiallar işıqlandırılmışdır. 3 oktyabr 2026-cı ildə "Biz səni xatırlayırıq, Arif!" sənədli filmi ilk dəfə televiziya ilə — Xəzər TV-də — nümayiş etdirilib.
İstinadlar
Kateqoriya:Azərbaycan general-leytenantları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR daxili işlər nazirləri Kateqoriya:Çilingərlər Kateqoriya:Azərbaycanda qətlə yetirilənlər Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:SSRİ general-leytenantları Kateqoriya:SSRİ kəşfiyyatçıları