Əbu Abdillah Bədrəddin Məhəmməd ibn Abdullah əş-Şibli əd-Dəməşqi ət-Trablusi (; ) — Hənəfi hüquqçusu.

Bioqrafiyası Hicri 712-ci (1312) Dəməşqin Şibliyyə qəsəbəsində anadan olmuşdur. İlk təhsilini burada almışdır. Hicri 730-cu (1330) ildən sonra Qahirəyə gedərək Əbu Həyyan əl-Əndəlüsi, Zəhəbi, Cəmaləddin əl-Mizzi, İbn Fəzlullah əl-Öməri kimi alimlərin dərs məclislərində iştirak etmişdir. Hicri 737-ci (1336) ildə Qüdsə gedərək Məscidül-Əqsanın baş imamı Əbu Səid Xəlil ibn Keykəldi əl-Əlaiyə tələbəlik etmişdir. Şam bölgəsinin tanınmış alimlərindən olan Şibli hicri 755-ci (1354) ildə Tripoli-Şam qazısı təyin edilmiş və hicri 769-cu ilin Səfər ayında (1367-ci ilin oktyabrı) vəfat edənə qədər bu vəzifədə qalmışdır. Müəllimi Zəhəbi Şiblini fəqih, mühəddis, alim, tələbələrin zəkalılarından və gənclərin fəzilətlilərindən biri kimi xarakterizə etmişdir. İbn Həbib əl-Hələbi də Şiblini dəyərli bir alim olduğunu, silahlanıb sahildəki ribatlarda (gözətçi qülləsi) növbə çəkdiyi, Tripolidə onunla dəfələrlə görüşüb elmindən bəhrələndiyi qeyd etmişdir.

Əsərləri Şiblinin 30-a yaxın əsər qələmə aldığı güman edilir. O, bu əsərlərindən 8-inin adını öz əsərində qeyd etmişdir. Qələmə aldığı əsərlərdən bəziləri aşağıdakılardır:

Məhasinül-vəsail ilə mərifətil-əvail. Əsər 23 fəsildir. Əkamül-mərcan fi əhkamil-can. Əsər "Cinlerin Esrarı" adı altında türk dilinə tərcümə edilmişdir. Şərhul-Quduri. Qudurinin "əl-Müxtəsər" adlı əsərinin şərhidir. Təskifül-əlsinə bi-tərifil-əzminə. Ərəb dili ilə bağlı qələmə alınmış əsər. Zəhvül-bədi fi zəhrir-rəbi. Hədis elmi ilə bağlı qələmə alınmış əsər. Kəşfül-ibham bi-şərhil-əhkam (Şəhrul-Ümdə fil-əhkam). Cəmmailinin "Ümdətül-əhkam" adlı əsərinin şərhidir.

Həmçinin bax Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər