Əbül-Qasım Müsnidüd-Dünya Süleyman ibn Əhməd ibn Əyyub ət-Təbərani (; ) — hədis hafizi.
Həyatı Səfər ayında, hicri 260-cı (dekabr 873) ildə Akkada doğulub. Nisbələri "Ləxmi" və "Təbərani"dir. Kiçik yaşlarında elm öyrənmək məqsədi ilə Dəməşqdəki Təbəriyəyə getdiyi üçün "Təbərani" nisbəsi ilə məşhurlaşmışdır.
O, hədis öyrənmək üçün təqribən 25 il ərzində 50-ə yaxın yerə səhayətlər etmişdir. Bu xüsusiyyətindən ötrü ona "rəhhal-cəvval" (; ) deyilmişdir. Qüds, Qeysəriyyə (Fələstin), Hələb, Dəməşq, Məkkə, Mədinə, Bağdad, Bəsrə, Kufə və İsfahan onun səyahət etdiyi elm mərkəzlərindən bəziləridir.
O, iki minə yaxın müəllimindən hədis rəvayət etmişdir. Haşim ibn Mərsəd ət-Təbərani, Əbu Züra əd-Dəməşqi, Əbu Yalə əl-Mövsili, Mütəyyən, Əbül-Abbas ibn Süreyc, Nəsai, İbn əl-Cərud və Əbu Əvanə əl-İsfərayini onu müəllimlərindən bəziləridir.
Əbu Abdullah ibn Məndə, Əbu Nueym əl-İsfahani, Əbüş-Şeyx, İbn Mərduyə, Əbül-Fəzl Məhəmməd ibn Əhməd ibn Məhəmməd əl-Cərudi, İbn Faris və başqları onun tələbələridir.
İslam Ensiklopediyasındakı məlumata görə, Təbərani gözəl əxlaqlı, natiq və xoşrəftar bir şəxs olmuşdur. O, Hənbəli məzhəbinə mənsub olmuş, həyatı boyunca əhli-hədis düşüncəsindən uzaq firqələrlə mübarizə aparmışdır. O, Əhli-Beytə və Raşidi xəlifələrinə böyük hörmət bəsləmiş, söhbətlərin birində Əbu Bəkr və Ömər əleyhində danışan İsfahan valisi İbn Rüstəmin yanından çıxıb getmiş və birdə ora qayıtmamışdır.
O, 29 Zilqadə hicri 360-cı (23 sentyabr 971) ildə vəfat etmiş, səhabə Həmamə əd-Dövsinin yanında dəfn edilmişdir.
Hədis elmindəki yeri Onu dövrünün hədis hafizi adlandırırlar. O, həmçinin ənsab, tarix, təfsir və qiraət sahələrində də dərin biliklərə malik idi. Mənbələrdə onun "siqa", "səbt" və "ədalətli" olduğu qeyd edilir. Eyni zamanda mənbələr onun, güclü yaddaşa və olduqca dindar bir xarakterə sahib olduğunu vurğulayırlar. Təbərani, hədis sahəsinin "siqa və əmanət sifətlərinə malik süvariləri"ndən biri hesab olunur. Son dərəcə zəngin rəvayət ehtiyatına sahib olan Təbərani, tələbəsi Əbül-Abbas əş-Şiraziyə 300 min hədis yazdırmışdır. Şiə hədis hafizi Əbül-Abbas İbn Uqdə, Təbəraninin bir bənzərinin olmadığını söyləmiş, Büveyhi vəziri Əbül-Fəzl İbnül-Amidin hüzurunda baş tutan bir debatda Təbərani Əbu Bəkr ibn əl-Ciabiyə qalib gəlmiş, bu hadisənin üzərinə Əbül-Fəzl, "indi kaş vəzir deyil, Təbərani olsaydım" demişdir.
Əsərləri Onun 107 əsərin müəllifi olduğu deyilir. "Əl-Mucəm əl-kəbir", "əl-Mucəm əl-əvsat", "əl-Mucəm əs-səğir" və "Təfsiri-Təbərani" adlı əsərlər Təbəraninin ən məşhur əsərləridir.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:X əsr ərəbləri Kateqoriya:Hənbəlilər Kateqoriya:X əsr müsəlmanları Kateqoriya:İslam filosofları