Qaya (, ‎, ) — Hindistanın Bihar ştatında şəhər, Qaya dairəsinin inzibati mərkəzi. Biharın paytaxtı Patnadan 100 km cənubda yerləşir. Qaya Falqo (hind epik əsəri Ramayanada Nirancana adlandırılır) çayının sahillərində salınmışdır və həm hinduizm, həm də buddizm üçün müqəddəs məkan hesab olunur. Şəhər digər üç tərəfdən nisbətən alçaq, daşlı təpələrlə (Manqla-Qauri, Şrinqa-sthan, Ram-şila və Brahmayoni) əhatələnmişdir.

Qaya qədim Maqadha dövlətinin bir hissəsi olmuşdur. Şəhərin adı “Qaya demon”u mənasını verən demon Qayasuranın (demon — hindu mifologiyasında şər qüvvəni təmsil edən varlıq. Hindu mifologiyasındakı adı asuradır) adından gəlir. Rəvayətə görə, Vişnu Qayasuranı ayağı ilə tapdalayaraq öldürmüşdür. Nəticədə Qayasura şəhəri hazırda əhatə edən təpələrin formasını almışdır. Vişnunun ayağının toxunuşundan sonra Qayasura o qədər təmizlənmişdi ki, ona toxunan və ya sadəcə ona baxan insanları günahlardan azad etmək gücünə sahib olmuşdu. Qayasuranın ölümündən sonra çoxlu insanlar Qayaya gələrək mərhum qohumlarını günahlardan təmizləmək üçün şraddha (hinduların ölülər üçün icra etdiyi dini mərasim) ayinlərini icra etməyə başlamışlar. Devalar (hinduizmdə tanrılar, ilahi varlıqlar) isə onun ölümündən sonra Qayasuranın bədənində yaşayacaqlarına söz verdiklərindən, Qayanı əhatə edən təpələrin üzərində hinduizmin müxtəlif tanrılarına həsr edilmiş çoxsaylı məbədlər və ziyarətgahlar salınmışdır. Bu təpələrin zirvələrinə qalxmaq ənənəvi zəvvarlığın bir hissəsidir. Şəhərin əsas görməli yeri isə Vişnupada məbədidir; burada daş üzərində Vişnunun ayaq izinə darşan (müqəddəs obyektə baxmaqla mənəvi xeyir-dua alma mərasimi) almaq mümkündür.

Qaya şəhəri yaxınlığında Daşrat Manci anadan olmuşdur. O, doğma kəndindən şəhərə qədər yolu qısaltmaq üçün təkbaşına dağın içindən keçid açaraq məşhurlaşmışdır.

İstinadlar

Xarici keçidlər

Gaya Info & Photo Gallery Chronology-1945 Mahatama Gandhi Had Discussion With Anugrah Narayan Sinha Biography: Anugrah Narayan Sinha Members of Constituent Assembly from Bihar

Kateqoriya:Hindistan şəhərləri