Koqnitiv davranış terapiyası (abbr. KDT, ) — psixoloji problemlərin müalicəsində istifadə olunan strukturlaşdırılmış, qısa müddətli və məqsədyönlü psixoterapiya üsulu. Bu terapiya forması insanların düşüncə tərzini, hisslərini və davranışlarını bir-birilə əlaqəli şəkildə araşdırır və neqativ, disfunksional düşüncələrin dəyişdirilməsi vasitəsilə emosional problemlərin həllinə yönəlir.
Tarixi
Koqnitiv davranış terapiyasının tarixi psixoterapiyanın inkişafında mühüm dönüş nöqtələrindən biri hesab olunur. KDT XX əsrin ortalarında iki əsas psixoloji yanaşmanın — klassik davranışçılıq və koqnitiv psixologiya — birləşməsi nəticəsində formalaşmışdır. Bu terapiya növü daha əvvəlki psixoanaliz və humanist psixologiya kimi modellərlə müqayisədə daha strukturlaşdırılmış və elmi əsaslara söykənən yanaşma təqdim etmişdir. KDT-nin ilk mərhələləri 1920–1950-ci illərdə inkişaf edən davranış terapiyası ilə bağlıdır. Bu mərhələdə tədqiqatçılar klassik şərtlənmə (İvan Pavlov), operant şərtlənmə (B.F. Skinner) və modelləşdirmə (Albert Bandura) kimi prinsiplərdən istifadə edərək psixoloji problemlərin davranışlar səviyyəsində dəyişdirilə biləcəyini göstərmişdilər. Bu yanaşma əsasən müşahidə olunan davranışlara fokuslanır, daxili düşüncə və hissləri isə nəzərə almırdı.
1960-cı illərdə Aaron Bek psixoloji problemlərin yalnız davranışlarla deyil, həm də insanların düşüncə tərzi ilə əlaqəli olduğunu vurğuladı. O, depressiya üzərində apardığı tədqiqatlarda xəstələrin avtomatik olaraq neqativ və qeyri-real düşüncələrə meyilli olduqlarını müşahidə etdi. Bek bu düşüncələrin şüurlu şəkildə dəyişdirilməsi ilə emosional vəziyyətin yaxşılaşdırıla biləcəyini irəli sürdü. Onun bu yanaşması sonradan koqnitiv terapiya adlandırıldı. KDT-nin formalaşmasında digər önəmli fiqur Albert Ellis olmuşdur. O, 1955-ci ildə Rasional Emosional Davranış Terapiyasını (REBT) irəli sürdü. Ellis düşünürdü ki, insanlar emosional əziyyətləri hadisələrin özündən deyil, həmin hadisələrə verdikləri subyektiv qiymətdən alırlar. Bu modeldə qeyri-rasional inancların və tələblərin müəyyənləşdirilib dəyişdirilməsi əsas məqsəd idi. Ellis KDT-nin erkən mərhələlərində koqnitiv və davranış yanaşmalarını bir araya gətirən ilk terapevtlərdən biri olmuşdur.
KDT-nin formalaşması 1970–1980-ci illərdə koqnitiv və davranış yanaşmaların birləşməsi ilə Koqnitiv Davranış Terapiyası termini formalaşdı. Bu dövrdə terapevtlər psixi pozuntuların həm düşüncə səviyyəsində, həm də davranış səviyyəsində eyni vaxtda müdaxilə ilə daha uğurlu müalicə oluna biləcəyini sübut etdilər. Beck və həmkarları KDT-nin effektivliyini nümayiş etdirən klinik araşdırmalar dərc etdilər.
KDT-nin effektivliyi depressiya, anksiyete pozuntuları, fobiyalar, panik ataklar, obsessiv-kompulsiv pozuntu və digər psixi pozuntularla bağlı tədqiqatlarla dəfələrlə sübut olundu. Bu da onun psixoterapiyada aparıcı mövqe qazanmasına səbəb oldu.
1990-cı illərdən etibarən KDT qısamüddətli və sübutlara əsaslanan psixoterapiya kimi beynəlxalq səviyyədə qəbul edilməyə başladı. KDT metodikası müxtəlif spesifik sahələrə uyğunlaşdırıldı:
Uşaqlar və yeniyetmələr üçün KDT CBT ilə zehni sağlamlıq problemləri (psixoz, travmalar və s.) Dialektik davranış terapiyası (DBT) və Zehinlilik əsaslı KDT kimi yeni modellər
Eyni zamanda KDT onlayn platformalarda, mobil tətbiqlərdə və özünə kömək proqramlarında da geniş tətbiq edilməyə başladı. Bu, terapiyanın daha çox insana çatmasını təmin etdi.
Tənqidi
KDT araşdırmaları davamlı mübahisə mövzusudur. Bəzi araşdırmalar göstərib ki, KDT başqa üsullardan daha effektivdir. Lakin, bir sıra araşdırıcı və mütəxəssis bu iddiaların doğruluğunu sual altına qoyub.
Araşdırmalar həmçinin göstərir ki, KDT-nin digər müalicə üsulları ilə müqayisədə daha yüksək tərketmə nisbəti () olur. Məsələn, bir metaanaliz göstərib ki, KDT-nin tərketmə dərəcəsi terapiyanın başqa üsullar ilə müqayisədə 17% daha yüksəkdir. Yüksək tərketmə nisbəti bir sıra pozuntuların müalicəsi təcrübəsindən müşahidə olunur. Özəlliklə, tez-tez KDT ilə müalicə olunan anoreksiyanın müalicəsində. Anoreksiyaya qarşı KDT müalicəsini alanların terapiyanı tərk edib, anoreksik davranışlara qayıtma ehtimalı yüksəkdir.
Farhad Dalalın yazdığı KDT: Koqnitiv Davranış Tsunamisi () kitabı KDT-nin Britaniyada populyarlaşmasını tənqid edir. Dalalın fikrincə, KDT-nin araşdırmalarında ölçmə fetişizmi () mövcuddur və KDT yaxşı elmin () tələblərinə cavab vermir. O, həmçinin KDT ilə bağlı ədəbiyyatda işlənilən "KDT-yə davamlı" () və "müalicəyə davamlı depressiya" () ifadələrini tənqid edir.p. 5, p. 149
Slayf və Uilyams yazırlar ki, KDT-nin gizli fərziyyəsi determinizm və ya iradə azadlığının olmamasıdır. Onlar izah edirlər ki, KDT-də xarici stimullar idraka daxil olaraq fərqli fikirlərə səbəb olur və bu da emosional hallarla nəticələnir: burada öz iradəsi ilə hərəkət etmə və sərbəst seçim üçün yer yoxdur.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər Association for Behavioral and Cognitive Therapies (ABCT) British Association for Behavioural and Cognitive Psychotherapies National Association of Cognitive-Behavioral Therapists International Association of Cognitive Psychotherapy Information on Research-based CBT Treatments
Kateqoriya:Asılılıqlar Kateqoriya:Koqnitiv davranış terapiyası