Böyükquyruq keçisağan () — Uzun və geniş quyruğu ilə tanınan keçisağan növü. Əsasən gecə və ya krepuskulyar həyat tərzi sürən və böcəklərlə qidalanan quş növüdür. Cənubi Himalay dağlarının ətəklərində, Şərqi Cənubi Asiyada, Cənub-Şərqi Asiyada və şimali Avstraliyada rast gəlinir. Təbii yaşayış yerləri subtropik və ya tropik rütubətli düzənlik meşələri, subtropik və ya tropik manqrov meşələri və subtropik və ya tropik rütubətli dağ meşələridir.

Təsviri Böyükquyruq keçisağanının uzunluğu təxminən 31.5–33 sm-dir. Gizli lələk quruluşu və rənglənməsi onun təbii yaşayış mühitində effektiv kamuflyaj təmin edir.

Erkəklər açıq rəngli başın üstü və tünd orta zolaqlı işarələrə malikdir. Qara çiyin lələkləri və geniş açıq sarı və ya ağ-sarı kənarları onların görünüşünü daha da diqqət çəkici edir. Bundan əlavə, erkəklərin ağ boğaz ləkəsi və qeyri-bərabər tünd zolaqlarla işarələnmiş uzun, geniş qəhvəyi quyruğu var. Uçuş zamanı əsas lələklərində və xarici quyruq lələklərində böyük ağ ləkələr müşahidə edilə bilər.

Dişilər isə erkəklərə nisbətən daha açıq və boz rəngdədir. Onların açıq sarı qanad ləkələri daha kiçik və quyruq ləkələri daha az parlaqdır, bu da onların daha solğun görünməsinə səbəb olur.

Taksonomiyası Böyükquyruq keçisağan (Caprimulgus macrurus), "Caprimulgidae" fəsiləsinə aid bir keçisağanı növüdür. Hazırda 6 yarımnöv tanınır (C.m. albonotatus, C.m. bimaculatus, C.m. macrurus, C.m. salvadorii, C.m. johnsoni, C.m. schlegelii). Əvvəlcə 12 fərqli yarımnövdən ibarət bir növ kompleksi idi, lakin ərazi çağırışlarındakı fərqlər reproduktiv təcridin sübutu kimi qəbul edildi və nəticədə kompleksin bəzi üzvləri bioloji növ anlayışına əsasən yeni keçisağanı növləri kimi təsnif edildi.

Yaşayış yeri və yayılma arealı Böyükquyruq keçisağanına subtropik və tropik zonalar daxilində müxtəlif yaşayış yerlərində rast gəlinir. Bu növ Avstraliya, Banqladeş, Butan, Bruney, Kamboca, Çin, Hindistan, İndoneziya, Laos, Malayziya, Myanma, Nepal, Pakistan, Papua-Yeni Qvineya, Filippin, Sinqapur, Tailand, Şərqi Timor və Vyetminin daimi sakinidir. Onun yayılma sahəsi şimali Hindistandan şərqi Çin və İndoneziya vasitəsilə şimali Avstraliyaya qədər geniş bir coğrafi ərazini əhatə edir.

Bu növ adətən ikinci dərəcəli meşələrdə, meşə kənarlarında, plantasiyalarda və ağaclı parklarda yaşayır. Həmçinin kənd təsərrüfatı landşaftlarında da müşahidə edilib. Çünki böyükquyruq keçisağanlarının həşərat zərərvericilərinin bioloji nəzarətində rol oynadığı ehtimalı var.

Davranışı Böyükquyruq keçisağanının gözəl kamuflyajı və gecə həyat tərzi onların davranış və ekologiyasını öyrənmək üçün əhəmiyyətli çətinliklər yaradır. Digər keçisağanı növləri kimi, onlar da əsasən akustik kommunikasiyadan istifadə edir və vizual işarələrdən daha az asılıdır.

İstinadlar

Xarici keçidlər

Nightjar videos on the Internet Bird Collection Nightjar sounds on xeno-canto.org

Kateqoriya:Asiya quşları Kateqoriya:Nikolas Eyluord Vigors tərəfindən adlandırılmış taksonlar