Hacı Zülqədər Zülfüqarovun evi — Şəki şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi.

Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Bina 1897-ci ildə Şəkidə yaşayan ipək taciri Hacı Zülqədər Zülfüqarov tərəfindən Şəki qala divarlarının cənub qərb hissəsində tikdirilib. Binanın üzərində konkret tikinti tarixi qeyd olunmayıb. Şəkiyə xas Azərbaycan memarlıq üslubunda inşa edilmiş mülk 3 mərtəbəlidir və 28 otaqdan ibarətdir. Ev mailli ərazidə inşa olunduğu üçün ön fasadda üç, arxa fsadda isə iki mərtəbəlidir. Binanın küçəyə açılan qapısı oyma naxışlı 6 xonçalıdır. Binanın tikintisində qaya daşı və bişmiş kərpicdən istifadə olunub.

Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra 1926–1928-ci illərdə Zülfüqarovların mülkləri müsadirə olunub. Zülqədər Zülfüqarovun evi müsadirə edildikdən sonra Şəki İcraiyyə Komitəsinin Rəyasət Heyətinin qərarı ilə əvvəlcə qızlar seminariyası və teatr binası kimi istifadə olunub. 1930-cu ilin oktyabr ayında Xalq Maarif Komissarlığının əmri ilə binada 2 nömrəli Nuxa uşaq evi təşkil olunub. Uşaq evinə Badisəba xanım Köçərli direktor təyin olunub. Badisəba xanım ömrünün sonunadək bu uşaq evinə rəhbərlik edib.

2001-ci ildən binanın yerləşdiyi Şəki şəhərinin tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra da, binada uşaq evi fəaliyyət göstərib. 2018-ci ildə uşaq evi üçün yeni bina tikildiyinə görə bina boşaldılıb. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2023-cü ildə İtaliya Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universiteti və Milan Politexnik Universiteti ilə birgə Şəkidə Zülfüqarovun evində "Dizayn və memarlıq" fakültəsinin açılışı elan olunub.

Həmçinin bax Zülfüqarovun tikdirdiyi mollaxana

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Şəkidəki binalar və tikililər Kateqoriya:1897-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:XIX əsrdə yarananlar