Brin Cons (; ) və ya səhnə adı ilə Muslimgauze — Britaniya elektron musiqiçisi. Yaradıcılığında müsəlman və Fələstin lehinə fikirləri ifadə etmişdir.
Cons "Muslimgauze" adı altında çıxan onlarla albomu ilə məhsuldar bir musiqiçi olmuşdur, lakin heç vaxt meynstrim uğur qazana bilməmişdir. Onun musiqisi bir tənqidçi tərəfindən "noyz anderqraund sahəsində ən heyrətləndirici və unikal musiqilərdən biri" kimi təsvir edilmişdir.
Həyatı Brin Cons 17 iyun 1961-ci ildə Mançesterdə anadan olmuşdur. 1982-ci ildə musiqiyə başlayan Consun ilk layihəsi "E.g Oblique Graph" adlanırdı, lakin Livan müharibəsinin başlaması onda dərin təsir buraxməşdır. Xəbərləri izləyərək Yaxın Şərq problemini və münaqişənin köklərini araşdırmağa başlamışdır. Müsəlman olmayan və şərqli köklərə malik olmayan Cons yaradıcılıq fəaliyyətini müsəlman dünyasının müdafiəsinə yönəltmişdir.
1983-cü ildə "Kabul" albomunda yer alan "Muslim Gauze Muslim Prayer" treki yeni layihəsinin adı olan "Muslimgauze"a ilham vermişdir. Buna baxmayaraq, o, islam dininə keçməmiş və heç vaxt Yaxın Şərqə səfər etməmişdi. O, hətta Avstraliyanın "Extreme Records" səsyazma şirkətinin xərcləri ödəməklə Fələstini ziyarət etmək təklifini rədd etmiş, işğal olunmuş əraziyə getməyəcəyini bildirmişdi.
Musiqiçinin öz sözlərinə görə, o, musiqisində kompüter, sempler və s. kimi rəqəmsal avadanlıqlardan istifadə etməmiç, analoq avadanlıqlarla işləmiş və çox vaxt özünün çaldığı perkussiyalardan istifadə etmişdir. Canlı səsyazmalar aparır, sonra onları redaktə edirdi. Onun musiqisində səsin kəskin təhrifləri, gözlənilməz səs yüksəlmələri və ya sükut anları tez-tez rast gəlinirdi.
30 dekabr 1998-ci ildə Brin Cons naməlum xəstəliklə Mançester xəstəxanasına yerləşdirilmişdir. Məlum olmuşdur ki, o, nadir qan xəstəliyindən əziyyət çəkirdi və bu, ağır pnevmoniyaya səbəb olmuşdu. Müalicə nəticəsiz qalmış və 14 yanvar 1999-cu ildə Brin Cons vəfat etmişdir.
Diskoqrafiyası "Muslimgauze"un diskoqrafiyası çox genişdir. 32 leybldə 90-dan çox orijinal albom mövcuddur. Ümumi diskoqrafiyası 150-dən çox reliz və təqribən 2000 kompozisiyanı əhatə edir. Brin Cons elektron musiqi səhnəsinin inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Cons nadir hallarda canlı çıxışlar edirdi, ümumilikdə 10-dan az konsert vermişdi.
Ölümündən sonra çoxlu sayda nəşr olunmamış material qalmışdır və albomlar hazırda da nəşr olunmağa davam edir.
İstinadlar
Xarici keçidlər Muslimgauze: The Messenger official site Muslimgauze: The Messenger Facebook group Arabbox fansite
Muslimgauze at Rate Your Music Muslimgauze at Bandcamp
Kateqoriya:Britaniya musiqiçiləri Kateqoriya:Antisionizm Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:İngiltərə musiqiçiləri