Feldyeger rabitəsi — dövlət orqanlarının xüsusi əhəmiyyətli, məxfi və xidməti korrespondensiyalarının, həmçinin diplomatik poçtun ölkə daxilində və xaricdə müvafiq ünvanlara çatdırılmasını təmin edən xüsusi rabitə növü.
Azərbaycanda feldyeger rabitəsi hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsi tərəfindən həyata keçirilir.
Tarixi Azərbaycanda feldyeger xidməti müxtəlif dövrlərdə rabitə, daxili işlər və digər dövlət orqanlarının tərkibində fəaliyyət göstərmişdir.
12 aprel 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Dövlət Feldyeger Xidmətinin əsasında Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti yaradılmışdır.
24 noyabr 2016-cı ildə Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş və Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi kimi fəaliyyət göstərmişdir. 9 fevral 2017-ci ildə idarənin əsasnaməsi təsdiq olunmuşdur.
16 mart 2020-ci ildə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edildikdən sonra feldyeger rabitəsi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturuna daxil edilmiş və qurum Feldyeger Rabitəsi Baş İdarəsinə çevrilmişdir.
Fəaliyyəti Feldyeger rabitəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının məxfi və xidməti sənədlərinin, eləcə də diplomatik korrespondensiyaların çatdırılmasını həyata keçirir. Müəyyən hallarda müəssisə və təşkilatların texniki sənədləri və sənaye məmulatlarının nümunələri də bu rabitə vasitəsilə daşına bilər.
Göndərişlərin çatdırılması üçün daimi və xüsusi marşrutlardan istifadə olunur. Feldyeger rabitəsi ilə daşınan korrespondensiyalar və digər göndərişlər toxunulmazdır. Onlar açıla, yoxlanıla və ya həbs edilə bilməz.
Feldyeger rabitəsindən hərbi sahədə də istifadə olunur. Ləğv edilmiş hərbi hissələrin döyüş bayraqları və onlarla bağlı sənədlər feldyeger rabitəsi ilə Müdafiə Nazirliyinin muzeyinə göndərilir. Təmirə ehtiyacı olan döyüş bayraqlarının emalatxanaya göndərilməsi də bu qaydada həyata keçirilir.
Rütbələr 2004–2018-ci illərdə feldyeger rabitəsi orqanında ayrıca xüsusi rütbə sistemi mövcud olmuşdur. Rütbələr aşağıdakı kateqoriyalara bölünürdü:
Kiçik rəis heyəti feldyeger xidməti kiçik çavuşu; feldyeger xidməti çavuşu; feldyeger xidməti baş çavuşu.
Orta rəis heyəti feldyeger xidməti kiçik leytenantı; feldyeger xidməti leytenantı; feldyeger xidməti baş leytenantı; feldyeger xidməti kapitanı.
Böyük rəis heyəti feldyeger xidməti mayoru; feldyeger xidməti polkovnik-leytenantı; feldyeger xidməti polkovniki.
Ali rəis heyəti feldyeger xidməti general-mayoru; feldyeger xidməti general-leytenantı.
Kiçik, orta və böyük rəis heyətinin rütbələri feldyeger rabitəsi orqanı, ali xüsusi rütbələr isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilirdi. Hazırda qurumun əməkdaşları və rəhbər heyəti hərbi rütbələr daşıyır.
Rəhbərlik Feldyeger xidməti general-leytenantı Ədalət Paşayev (15 may 2009 – 24 noyabr 2016) Feldyeger xidməti general-mayoru / general-mayor Elmar Novruzov (28 avqust 2023 – 14 iyul 2025) Polkovnik Emin Qəmərli (12 fevral 2026 – )
İstinadlar
Kateqoriya:Azərbaycanda rabitə