Ramin Deko (tam adı: Ramin Natiq oğlu Cəbrayılzadə; ) — azərbaycanlı jurnalist və siyasi məhbus; 2008–2016-cı illərdə "Azadlıq" qəzetinin müxbiri, 2016–2023-cü illərdə Azad Avropa/Azadlıq Radiosu (RFE/RL) Azərbaycan xidmətinin müxbiri olub. 2023-cü ildən isə "Meydan TV"nin jurnalistidir.

Gənc yaşında jurnalist fəaliyyətinə başladıqdan qısa müddət sonra ağır tzyiqlərə məruz qalmışdır. 2011-ci il, aprelin 3-də naməlum şəxslər tərəfindən oğurlanaraq maşına mindirilmiş, təxminən 4 saata yaxın söhbət zamanı ondan "sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar yazmağı dayandırmaq" məsləhət görülmüş, müxalifyönlü "Azadlıq" qəzeti əvəzinə iqtidaryönlü "Yeni Azərbaycan" qəzetində işləmək ona təklif edilmişdir. Ramin Deko bu hadisəni ictimailəşdirdikdən sonra, aprelin 4-də, axşam saatlarında naməlum şəxslər tərəfindən, "sən, ağıllanmadın?" deyərək döyülmüşdür. Bu hadisə ilə bağlı cinayət işi açılsa da, jurnalistə hücum edənlər tapılmamışdır.

Jurnalist fəaliyyəti ərzində yüzlərlə reportajın müəllifi olmuşdur. 2011–2024-cü illərdə peşə fəaliyyəti ərzində davamlı olaraq daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının nümayəndələri tərəfindən saxlanılmış, döyülmüş, video-kamerası və avadanlıqları qanunsuz olaraq götürülmüşdür.

2024-cü il, dekabrın 6-da Azərbaycanda jurnalistlərin silsilə həbsləri zamanı özü və "Meydan TV"nin digər jurnalistləri ilə birlikdə polislər tərəfindən saxlanılmış, nəticədə Bakı Şəhər Baş Polis İdarəsində başladılmış cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunmuş, dekabrın 8-də isə Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunmuşdur. İbtidai istintaq dövrü ərzində həm birinci, həm də apellyasiya instansiyasında ondan çox məhkəmə iclası baş tutmuş, bu iclaslarda müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmamış, BŞBPİ müstəntiqinin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları isə birqayda olaraq təmin olunmuşdur. 29 avqust 2025-ci ildə ona Cinayət Məcəlləsinin yeddi maddəsi — 192.3.2, 193–1.3.1, 193–1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri üzrə ittiham elan edilmişdir. Bu maddələr özündə qanunsuz sahibkarlığı, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmanı, qaçaqmalçılığı, vergiləri ödəməkdən yayınmanı, rəsmi sənədləri saxtalaşdırmanı və bilə-bilə saxta sənədlərdən istifadə etməni ehtiva edirdi. Ramin Cəbrayılzadə ittihamlar üzrə özünü təqsirli bilməmişdir. Sülh və Demokratiya İnstitutu (IPD) tərəfindən o, "siyasi məhbus" elan edilmiş, bir sıra nüfuzlu beynəlxalq insan hüquqları təşkilatları — "Human Rights Watch" və "Amnesty International", həmçinin "Sərhədsiz Reportyorlar", habelə ABŞ Dövlət Departamenti və Avropa Parlamenti tərəfindən onun və digər həbs edilmiş jurnalistlərin həbsləri qınanmış, onların dərhal azadlığa buraxılması Azərbaycan hökumətindən tələb edilmişdir.

2024-cü ilin dekabr ayından 2025-ci ilin dekabr ayınadək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılıb, 2025-ci ilin dekabr ayından isə Bakı İstintaq Təcridxanasında saxlanılır.

Erkən illəri Ramin Natiq oğlu Cəbrayılzadə 1987-ci il, fevralın 18-də Liman şəhərində anadan olub.

1993–2004-cü illərdə Liman şəhər İ. İ. Mahmudov adına 1 saylı tam orta məktəbdə təhsil alıb.

2004–2008-ci illərdə Azərbaycan İctimai-Siyasi Universitetində təhsil alıb.

Jurnalist fəaliyyəti Ramin Cəbrayılzadə jurnalist fəaliyyətinə 20 yaşında "Azadlıq" qəzetinin müxbiri olaraq başlayıb.

2008–2016-cı illərdə "Azadlıq" qəzetinin müxbiri olub.

2016–2023-cü illərdə isə Azad Avropa/Azadlıq Radiosu (RFE/RL) Azərbaycan xidmətinin müxbiri olub.

2023-cü ildən həbs olunduğu günə qədər "Meydan TV"nin jurnalistidir.

Ramin Cəbrayılzadə "Barselona"nın sadiq azarkeşidir. Komandanın futbolçusu Dekodan ilhamlanaraq jurnalist fəaliyyətində "Ramin Deko" imzasından istifadə edir.

Ramin Deko 2008-ci ildən yüzlərlə xəbərin və reportajın müəllifi olmuş, prezident, parlament və bələdiyyə seçimləri zamanı seçki pozuntularını ictimailəşdirmiş, mitinq və aksiyaları, həmçinin sosial etirazları, xüsusilə vətəndaşların evlərinin qanunsuz sökülməsi hadisələrini işıqlandırmışdır.

2013-cü ilin fevralında əsgər Seymur Allahverdiyevin müəmmalı ölümü hadisəsi zamanı dövlət rəsmiləri əsgərin intihar etməsi faktını bildirsələr də, Ramin Deko əsgərin meyidinin video-görüntülərini lentə alaraq hadisənin əslində intihar yox, cinayət olduğunu ictimaiyyətin diqqətinə çatdırmış, bu hadisə ölkədə geniş rezonans doğurmuşdu.

Jurnalist fəaliyyəti ərzində bir neçə dəfə polislər tərəfindən saxlanılmış, oğurlanmış, döyülmüş, təqibə məruz qalmışdır. Müəllifi olduğu yazılara görə dəfələrlə cərimələnmişdir.

2015-ci ilin sentyabrında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində "Meydan TV"nin fəaliyyəti ilə bağlı dindirilmişdir.

2021-ci ilin iyun ayında Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) və tərəfdaş qurumların apardığı beynəlxalq araşdırmada Azərbaycan hökumətinin jurnalistlərə, siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı İsrailin "NSO Group" şirkətinə məxsus "Pegasus" casus proqramından istifadə etdiyi iddia bildirilmişdir. Sızdırılmış siyahıda 80-dən çox azərbaycanlının, o cümlədən Ramin Dekonun da adı olmuşdur.

2011-ci ildə oğurlanması və döyülməsi 2011-ci il, aprelin 3-də, saat 10:00 radələrində Ramin Deko köşkdən qəzet alıb evə gedən zaman üç mülki geyimli şəxs ona yaxınlaşıb, onlarla getməyini istədilər. Ramin Dekonun sözlərinə görə "onlar dedilər ki, boş yerə səs-küy salmaq lazım deyil, çünki istənilən halda məni aparacaqlar. Soruşdum, "kimsiniz?", dedilər ki, "sonra bilərsən". Məni ağ rəngli "VAZ-2107" markalı maşına mindirdilər. Telefonla zəng eləmək istəyəndə əlimdən alıb söndürdülər. Heç bir problemin olmayacağını, tezliklə buraxılacağımı söylədilər. Yol boyu niyə bu qədər "aktiv olmağımdan", "insanları üsyana səsləməyimdən", "sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar yazmağımdan" danışdılar. Dedilər ki, bunlar yaxşı şeylər deyil və "dövlətçiliyə ziyandır". Sonra məni Maştağa istiqamətinə apardılar. Orada da eyni məzmunlu söhbət etdilər. Bir qədər də irəli gedib Heydər Əliyev (keçmiş Azərbaycan Prezidenti və hazırkı prezident İlham Əliyevin atası) haqda söhbət etdilər. Onun Azərbaycan üçün elədiklərini mənə başa salmağa çalışırdılar". Ramin Deko həmçinin bildirdi ki, yuxusuzluq və yorğunluq ona əziyyət verdiyi üçün həmin şəxslər danışdıqca yuxulamağa başlayıb. Onun sözlərinə görə, hətta bir neçə dəfə onu oyadaraq, "öyüd-nəsihət verdiklərini" diqqətinə çatdırıblar: "Mənə davamlı olaraq ağıllı olmağı məsləhət görürdülər. Məsləhət kimi bildirdilər, "Azadlıq" qəzetində işləməkdənsə, "Yeni Azərbaycan", "Xalq" qəzetlərində işləmək daha məqbuldur (müvafiq olaraq hakim Yeni Azərbaycan Partiyasının və Azərbaycan Prezidentinin rəsmi nəşri orqanlarıdır). Təxminən 4 saata yaxın söhbətdən sonra məni geri qaytardılar. Bu dəfə qara rəngli maşın idi. Onlara getmək istəmədiyimi bildirdim. Bunun mümkün olmadığını diqqətimə çatdırıb yenə zorla maşına mindirdilər. Dəfələrlə "ağıllı" olmağı məsləhət verdilər. Hətta "ağıllı" olacağım təqdirdə mənim də belə maşına sahiblənəcəyimi, daha evə gedəndə avtobus gözləməyəcəyimi vurğuladılar. Mən onlarla mübahisə etmədim, çünki heç bir mənası yox idi". Naməlum şəxslər saat 14:00 radələrində Ramin Dekonu Nərimanov rayonu ərazisində maşından düşürdüb, telefonunu qaytarıb, sərbəst buraxıblar.

Ramin Deko bu hadisəni ictimailəşdirdikdən sonra – aprelin 4-də, saat 21:10 radələrində redaksiyadan evə gedərkən Azərbaycan Milli Elmlər Akademiyasının yanında iki nəfər tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan müxbir qaçmaqla canını qurtarıb. Ramin Dekonun sözlərinə görə, hücum edənlər onu vurduqca "ağıllanmadın, ay eşşək?" deyirmişlər. Aprelin 5-də Mətbuat Şurasının sədri Əflatun Amaşov Ramin Cəbrayılzadənin döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. DİN müraciətə cavab olaraq bildirib ki, BMCMİ rəisi Mirqafar Seyidov tərəfindən Ramin Cəbrayılzadənin fiziki təzyiqlə əlaqədar müvafiq araşdırmalar aparılıb və BMCMİ-nin istintaq şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanılıb. Ramin Deko bununla bağlı bir neçə dəfə ifadə və izahat versə də, sonda istintaq orqanı onu döyənlərin şəxsiyyətini müəyyən edə bilməyib.

Reportajlarına görə təqiblər 2011-ci ilin dekabr ayında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov "Azadlıq" qəzetinin 26 oktyabr 2011-ci il tarixli sayında dərc olunmuş "Nazir İvanovkada evləri 80 mindən alır" başlıqlı reportaja görə, reportajın müəllifi Ramin Deko barəsində Mülki Məcəllənin 23-cü maddəsinə əsasən "işgüzar nüfuzu ləkələmə" iddiası ilə məhkəməyə müraciət etmişdir. Aslanovun iddiasına görə, Ramin Deko heç bir mənbəyə istinad etmədən bu reportajı hazırlamışdır. Novruz Aslanov məhkəməyə müraciət etməzdən öncə jurnalistdən ona müsahibə verən İvanovka kənd sakinlərinin adlarını və səs yazısını verməyi təklif etmiş, Ramin Deko isə bunun jurnalistika prinsiplərinə zidd olduğunu deyərək rədd cavabı vermişdir. Aslanov reportajda yer alan "…kənd camaatı Novruzəli Aslanovdan şikayətçidir. Deputat onların problemləri ilə maraqlanmır…" ifadələrindən narazı qaldığı üçün məhkəməyə müraciət etmişdir. Deputatın iddiasında, "həmin ifadələrin deputatın şərəf və ləyaqətini aşağıladığı, onun dərin mənəvi sarsıntılar keçirməsinə səbəb olduğu" bildirilmişdir. 2012-ci ilin may ayında Lənkəran Rayon Məhkəməsi Ramin Cəbrayılzadənin 3 000 manat məbləğində cərimə edilməsi barədə qətnamə qəbul etmişdir. Onun müdafiəçisi Fariz Namazlı bu qətnaməni qanunsuz adlandırmışdır.

2012-ci ilin avqust ayında "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova 7 iyul 2012-ci ildə "Azadlıq" qəzetində dərc olunmuş "Kəbirə Məmmədovanın "Eurovizyon əməliyyatı"" başlıqlı məqalənin onun işgüzar nüfuzunu ləkələdiyi iddiası ilə məhkəməyə müraciət etmişdir. Məqalədə Kəbirə Məmmədova Azərbaycanda həmin ilin may ayında baş tutan Avroviziya Mahnı Müsabiqəsinə görə Binə Ticarət Mərkəzində sahibkarlardan pul yığıldığı iddia edilmişdir. Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə məqalənin müəllifi Ramin Deko 2 000 manat məbləğində cərimə edilmişdir. Ramin Deko bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmişdir. 21 noyabr 2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi Azadlıq qəzeti və Ramin Cəbrayılzadə Azərbaycana qarşı işi üzrə qərarını elan etmişdir. AİHM Yasamal Rayon Məhkəməsinin "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiasını təmin etməsi barədə qərarını Konvensiyasının 10-cu maddəsinin (fikri ifadə etmək azadlığı) pozulduğunu müəyyən etmiş və Ramin Cəbrayılzadəyə 2 min avro və məhkəmə xərclərinin ödənilməsi üçün ərizəçiyə 1500 avro kompensasiya təyin etmişdir.

14 oktyabr 2025-ci ildə isə AİHM Ramin Cəbrayılzadə Azərbaycana qarşı işi üzrə qərarını elan etmişdir. Ramin Deko 2012-ci ildə Prezident Administasiyasına sorğu göndərərək dövlət başçısının sərəncamları ilə mənzil verilmiş tanınmış şəxslərin — mədəniyyət, incəsənət, bədən tərbiyəsi, idman, elm və dövlət xadimlərinin siyahısını, həmçinin həmin mənzillərin maliyyə mənbələrini tələb etmişdir. Prezident Administasiyası jurnalistin sorğusunu cavablandırmamışdır. Bununla bağlı Ramin Deko məhkəməyə müraciət etmiş, lakin ölkədaxili məhkəmələrdə onun iddiası təmin edilməmişdir. AİHM-nin qərarına əsasən, Prezident Administrasiyasının bu davranışı "qanunla nəzərdə tutulmayıb" və jurnalistin informasiya azadlığına müdaxilə təşkil etmişdir. Beləliklə, AİHM Konvensiyasının 10-cu (fikri ifadə etmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozulduğunu tanımışdır.

Siyasi motivli həbs illəri (2024–)

Saxlanması və istintaq dövrü