Cənubi Kipr, Kipr (, tələf. Kipros, ), rəsmi adı Kipr Respublikası (, tələf. Kipriaki Dimokratia, ) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası.
Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur. Adanın əhalisinin əksəriyyətini yunanlar və türklər təşkil edir. Ölkənin iki rəsmi dili var — yunan və türk.
Kipr Respublikası Azərbaycanda, Türkiyədə və Şimali Kipr Türk Respublikasında Cənubi Kipr adı ilə adlandırılır. Ölkə şimalda Şimali Kipr Türk Respublikası ilə həmsərhəddir.
Tarixi Kipr dünyanın qədimdən məskunlaşan ərazilərindən biridir. Mütəxəssislərin fikrincə məskunlaşma neolit dövrünə təsadüf edir. Arxeoloqların adada aşkar etdikləri qədim tapıntılar eramızdan əvvəl üçüncü minilliyin ortalarına təsadüf edir. Bu qazıntılara XİX əsrin axırında alman və ingilis arxeoloqları tərəfindən başlanılmışdır. Kipr tarixi krit-miken, yunan və türk sivilizasiyalarının bir hissəsidir. Eramızdan əvvəl ikinci minillikdə Kipr yunan tayfaları tərəfindən zəbt edilir. Bu hadisə adada yunan mədəniyyəti və yunan dilinin yayılmasına səbəb olur. Arxeoloqlar Kiprdə Afroditanın çoxlu heykəl təsvirini tapırlar. Adanın qərb hissəsində Afrodita məbədinin qalıqları da qalmaqdadır. Sonralar Kipr misirlilərin, assuriyalıların, farsların, romalıların, bizanslıların təsiri altında idarə olunub. 1489–1570-ci illərdə Kipr Venesiya Respublikasının tərkibinə daxil edilmişdir. Öz gəmilərini Kiprin dəniz quldurlarının basqınından müdafiə etmək üçün Osmanlı sultanlığı 1570-ci ildə Venesiya Respublikasına qarşı müharibəyə başladı və bir il ərzində Kipri tam zəbt etdi. Adanı tutmuş təqribən 30 min türk əsgərinə tutduqları ərazidə torpaqlar bəxşiş verilirdi. Türk sərkərdələrinin bəziləri yerli feodal mülkədarlara çevrilirdilər. Kiçik Asiyadan Kiprə türk miqrasiyası sonrakı illərdə müşahidə olundu. Adada turk əhalisinin formalaşması prosesi belə başlanmışdı. 1878-ci ildə adanın coğrafi və hərbi-strateji mövqeyinin üstünlüklərindən öz xeyrinə istifadə etməyə çalışan İngiltərə Kipri işğal etdi. 1925-ci ildə isə ona rəsmən ingilis müstəmləkəsi statusu verilir və ada Boyük Britaniyanın xammal bazasına çevrilir. İkinci dünya müharibəsindən sonra güclənən milli azadlıq hərəkatı Böyük Britaniyanı Kipri müstəqil dövlət kimi tanımağa məcbur edir, lakin Kiprin Dekeliya və Akrotiri rayonlarında Böyük Britaniya hərbi bazaları (sahəsi 99 kv mil) saxlanıldı. 1960-cı il avqustun 16-da Kipr rəsmi şəkildə Böyük Britaniyadan istiqlaliyyət almışdı. Həmin ilin sentyarında o Birləşmiş Millətlər Təşkilatının üzvü seçilir. Eyni zamanda Böyük Britaniyanın rəhbərlik etdiyi "Birlik" təşkilatına daxil edildi. Az keçməmiş adadakı etnik qruplaşmalar arasında başlanan ziddiyyətlər yunan və türk mənşəli kiprlilər arasında silahlı toqquşmalara gətirib çıxardı. Son nəticədə 1974-cü ildə adanın şimal-şərq hissəsi qalan ərazidən təcrid olunmuş (Yunanıstan meyilli mülki qvardiya tərəfindən törədilən hərbi çevrilişdən sonra adanın şimal hissəsinə Türkiyə qoşunları yeridilməsi nəticəsində) və nəhayət, 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikası elan edilmişdir. Uğurlu hərbi əməliyyatlar nəticəsində türk qoşunları ada ərazisinin təqribən 34 faizini tutdular. Kiprdə yaranmış vəziyyətlə əlaqədar BMT-nin Təhlükəsizlik Surası 1974-cü il qətnaməsinə əsasən bütün xarici qoşunları Kiprdən çıxarmağa çağırırdı. Qondarma Şimali Kipr respublikasını ancaq Türkiyə Respublikası tanımışdır. Zaman keçdikcə kiprli yunan və türk icmaları bir-birindən təcrid olunur və bir-birinə düşmən münasibəti bəsləyirdilər. Yeni hərbi toqquşmaların baş verməsinin qarşısını almaq üçün BMT sülh məramlı qoşun kontingentini adaya göndərməyi qərara alır. Bu gün adanın hər iki hissəsində BMT qüvvələrinin koməyilə ayırıcı xətt müəyyənləşdirilmişdir. Yaşıl xətt adanın bu xətt ada ərazisinin 4 faizini təşkil edən ensiz bufer zonası şəklindədir. Adanın yunanlar yaşayan hissəsində Böyük Britaniyanın iki hərbi bazası qorunub saxlanılır. Bu hissədə, həmçinin Yunanıstanın hərbi kontingenti də yerləşir. Türklər yaşayan hissədə isə Türkiyəyə məxsus hərbi kontingent vardır. Adanın yunanlar yaşayan hissəsi 2004-cü ildə birtərəfli qaydada Avropa İttifaqına qəbul edilmişdir. Bu hadisə türk icması tərəfindən çox pis qarşılandı.
Coğrafi mövqeyi Kipr (ölkənin adı latınca (kuprus) mis mənasını bildirir. Adada hələ qədim zamanlarda mis yataqları mövcud olmuşdur. Kipr Respublikası Aralıq dənizinin şərq hissəsində, Türkiyənin cənubunda eyniadlı adada yerləşir. Kiprdən Türkiyə sahillərinə ən yaxın məsafə 65 km, Suriya və Livana 110 km, Misirə 370 km-dir. Adanın sahəsi 9,2 min kv. km-dir. Adanın qərbdən şərqə maksimal uzunluğu 225 km, orta eni isə 60 km-dir. Adanın çox əlverişli coğrafi və hərbi-strateji mövqeyi var. Üç qitənin yaxınlığında yerləşmiş Kipr adası Avropadan Yaxın Şərqə və Şimali Afrika ölkələrinə gedən beynəlxalq dəniz və hava yolları üzərində yerləşmişdir. Ada iki hissəyə parçalandığından onun ərazisinin 3355 kv. km-i kiprli türklər, 5500 kv. km-i kiprli yunanlar tərəfindən idarə olunur.
Təbiəti thumb|right|300px|Troodos dağları qışda Kipr füsunkar təbiətə malik ölkələrdən biridir. Bütün ilboyu ada üzərində açıq günəşli səma mövcud olur. Adanın sahilləri Aralıq dənizinin ilıq suları ilə yuyulur. Ada səthinin çox hissəsi alçaq dağlar və yaylalar ilə örtülmüşdür. Şimalda Kireniya (hünd. 1000 m.) dağları uzanır. Bu dağlar çöküntü mənşəli suxurlardan, əhəng və qum daşlarından ibarətdir. Dağlar sahilə doğru maili və sıldırımlıdır. Ancaq bəzi yerlərdə qumlu çimərliklərə də rast gəlinir. Adanın cənub-qərb hissəsində Troodos adlanan daglar yerləşir. Adanın ən hündür zirvəsi də elə burdadır (Olimp dağı 1950 m). Əsasən vulkanik suxurlardan ibarət Troodos dağlarının səthi cavan süxurlarla (əhəng və qum daşları, mergenlər) örtülmüşdür. Dağlar çox da yüksək olmadığı üçün hələ qədim zamanlardan insanlar tərəfindən məskunlaşmışdır. Dağların hamar yamaclarında bağlar, üzümlükdər salınmış, mal-qara üçün otlaq kimi istifadə olunur. Dağlar arasında səthi dərə-təpəli Mesoariya düzənliyi yerləşir. Bu düzənlik ölkənin əsas kənd təsərrüfatı rayonu və Kiprin taxıl anbarı sayılır.
Kiprin bitki örtüyü bir qədər zəngindir. Keçmiş zamanlarda adanın hər tərəfi həmişəyaşıl hündür meşələrlə örtülü olub. Kiprdə tədarük olunan oduncağa isə qonşu ölkələrdə tələbat gündən-günə artırdı. Kipr oduncağı əsas etibarilə Misirə göndərilirdi. Qədim finikiyalılar Kiprdən gətirilən ağaclardan gəmi hazırlayırdılar. Sonralar meşələr qırılır, ağaclardan tikinti materialları, eləcə də yanacaq kimi istifadə edilirdi. Hazırda ada ərazisinin cəmi 15–16 faizi meşələr ilə örtülmüşdür. 500 metrə qədər olan dağların yamacları və düzənliklər həmişəyaşıl kolluqlarla, Kireniya və Karpas dağlarının cənub yamacları isə çöl bitkiləri ilə örtülmüşdür. Ən əhəmiyyətli meşələr Troodos dağlarının qərb hissəsində qalmışdır. Dağların yamacları hələb şamı, vələs, şabalıd, yunan qozu, püstə, sərv ağacları ilə örtülüdür. Düzənliklər və sahil bölgələri bağlar, üzümlüklər, sitrus meyvələri və zeytun ağacları ilə örtülüdür. Kiprin torpaqları məhsuldar torpaqlar hesab olunur. Humusun miqdarı çox olan bu torpaqlarda istiliksevən və quraqlığadavamlı bitkilərlə yanaşı mülayim qurşağın bitkiləri də yaxşı yetişir. Kipr öz təbiətinin qorunmasına biganə qalan ölkə deyil. Çünki ölkə iqtisadiyyatında təbii amillərin rolu böyukdur, amma adanın iki hissəyə bölünməsi, burada gedən çəkişmələr təbiətin mühafizəsini bir qədər arxa plana keçirir.
İqlimi və hidroqrafiyası thumb|right|300px|Kiprdə çimərliklər xarici turistlər arasında çox populyardır Ölkənin iqlimi subtropik, Aralıq dənizi tiplidir. Qış ayları rütubətli, mülayim, yay isə quraq və isti keçir. İyun ayının orta temperaturu müsbət 25°, yanvarınkı isə müsbət 12 °C-dir. Adaya düşən yağıntıların orta illik miqdarı düzənliklərdə 300–500 mm, dağlarda isə 800–1000 mm-dir. Ölkəyə çox nadir hallarda qar yağır. Yağıntılar əsasən noyabrdan-aprelə qədər düşür. Maydan oktyabra qədər yağıntı, demək olar ki, olmur. Aralıq dənizi hövzəsinin digər ölkələrində olduğu kimi Kiprin də yay ayları isti keçir, oktyabrdan başlayaraq isti havalar azalır. İsti iqlim və Aralıq dənizi iqlimi bütün il ərzində müxtəlif mədəni bitkilərin yetişdirilməsinə şərait yaradır. Kiprdə çimərlik mövsümü 7–8 ay davam edir. Ümumiyyətlə, Kipr xarici turistlərin çox sevdiyi bir yerdir. Çünki burada ilin orta hesabla 280 günü aydın və günəşli keçir. Kipr hökuməti təbiətin bəxş etdiyi bu nemətdən maksimum səviyyədə istifadə edərək ölkədə beynəlxalq dərəcəli onlarca turizm obyektləri-çoxulduzlu mehmanxanalar, yaxşı təchiz olunmuş iaşə müəssisələri və digər istirahət ocaqlarının tikintisinə icazə vermişdir. Dəniz sahillərinə çıxışı olan digər ölkələrdən fərqli olaraq Kiprdə istirahət etmək bir qədər ucuzdur.
Kiprdə daimi axara malik olan çaylar, demək olar ki yoxdur. Mənbələrini dağlardan götürən az sulu çaylar qışda və yaz yağışları hesabına bir müddət axırlar. Çayların əksəriyyəti qısadır, ən uzun çay 50–70 km məsafədə axır. Qışda yağıntıların miqdarı çox olduğundan çaylar daşır və təsərrüfata ziyan dəyir. Yayda isə onların əksəriyyəti quruyur, qalanlarının isə suyu azalır. Kiprdə nisbətən əhəmiyyətli çaylar Akaki və onun qolu Merikidir. Troodos dağlarından cənub istiqamətində qısa və astanalı dağ çayları axır. Adada qrunt suları bir qədər dərin qatlarda yerləşdiyi üçün çayların sularından suvarma ilə yanaşı, məişətdə də istifadə olunur. Sahil düzənliklərində Larnaka körfəzi, eləcə də Limasol şəhəri yaxınlığında dayaz, şirin və şor sulu göllər var. Kiprlilər suyun qiymətini yaxşı bilirlər. Çünki ölkədə faktiki olaraq daimi axara malik olan çaylar olmadığından, dağlara yağmış qarların əriməsindən sonra əmələ gələn axar suların "ömrü" bir neçə gün, hətta bir neçə saat olduğundan su problemi son yüzilliklərdə həmişə ən kəskin problemlərdən biri olmuşdur. Suyun çatışmamasına isə digər səbəb rütubət saxlayan meşələrin vəhşicəsinə qırılması olmuşdur.
Əhali Kiprdə əhalinin sayı həm təbii yolla, həm də miqrasiya hesabına artır. 1946-cı ildə Kiprdə yaşayanların sayı 442 min, 1990-da 700 min, 2005-ci ildə təqribən 900 min nəfər olmuşdur. Ölkə üçün illik artım təqribən 1 faiz həddindədir. Əsas etnik qruplara yunanlar (ümumi əhalinin 78 faizi) və türklər (18 faiz) aid edilir. Bu etnoslar ayrı-ayrılıqda məskunlaşmışlar. Yunan icması ölkənin cənub qərbində (ərazinin 60%-i), türk icması şimal şərqində (40 faiz) məskunlaşıb. Yunan provaslav kilsəsi dindarların 78 faizini əhatə edir. İslam dininə etiqad edənlər 18 faizdir. Gözlənilən uzunömürlülük 78 ildir (kişilər üçün 74, qadınlar üçün 79 yaş). Hər 1000 nəfərə anadan olanların sayı 13, ölənlərin sayı 8 nəfərdir. Ölkənin hər km²-də orta hesabla 80 nəfər adam yaşayır. Əhalinin sıxlığı Mesoariya düzənliyində və sahil bölgələrində nisbətən sıx, Karpas və Troodos dağlıq ərazilərində nisbətən zəifdir. Ən sıx əhali paytaxt dairəsində yaşayır. Kiprdə təhsilin səviyyəsi region miqyasında yüksək hesab oluna bilər. Yaşlı əhalinin 97 faizi savadlıdır. Şəhər əhalisinin sayının sürətlə artmasına baxmayaraq Kiprin şəhərləri o qədər də böyük deyil. Bütün göstəricilərinə görə ölkənin ən böyük şəhəri Nikosiyadır. Şəhər Mesoariya düzənliyində 150 m hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir. Kipr yunanlarının Nikosiya, Kipr türklərinin Levkoşa adlandırdıqları şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır. Əlverişli mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avtomobil yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir.
İqtisadiyyatı