Anar Eminov () — azərbaycanlı iqtisadçı, pedaqoq. İqtisad üzrə fəlsəfə doktoru, dosent. Mingəçevir Dövlət Universitetinin rektorudur.

Həyatı və fəaliyyəti Anar Nazim oğlu Eminov 1992–1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil almışdır.

1999–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq ticarət" ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

Təhsilini Türkiyədə davam etdirərək, 2003–2004-cü illərdə Egey Universitetində, 2004–2006-cı illərdə isə Dokuz Eylül Universitetində magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisasına yiyələnmişdir.

2003–2006-cı illərdə Türkiyədə təhsil aldığı dövrdə Türkiyə Gənc Girişimcilər Birliyinin üzvü olmuş, Azərbaycan Marketinq Cəmiyyətinin Türkiyə üzrə rəhbəri kimi fəaliyyət göstərmişdir.

2012-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Dünya iqtisadiyyatı” ixtisası üzrə dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 2016-cı ildə dosent elmi adına layiq görülmüşdür. 2015–2020-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində “Sahə iqtisadiyyatı” ixtisası üzrə elmlər doktorluğu proqramında təhsil almışdır.

2006–2010-cu illərdə Qərb Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almış, 2006–2007-ci illərdə isə Beynəlxalq Ticarət İnstitutunun "Elektron ticarət" ixtisasını distant formada tamamlamışdır.

2025-ci ildə London Universitetində "Menecerin əsas idarəetmə alətləri" istiqaməti üzrə kursu bitirmişdir.

9 aprel 2025-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

Elmi fəaliyyəti Anar Eminov 2012-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2016-cı ildə isə dosent elmi adını almışdır. O, sosial sahələrə yönəldilmiş investisiya layihələrinin effektivliyi mövzusunda tədqiqatlar aparır. 200-ə yaxın elmi məqalənin, 5 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir.

Peşəkar fəaliyyəti

2018-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru vəzifəsində çalışmışdır. 2023-cü ildə Azərbaycan Texniki Universitetinin Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra isə universitetin Yüksək Təhsil İnstitutunun direktoru olmuşdur.

9 aprel 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilmişdir.

İstinadlar

Xarici keçidlər Anar Eminov

Kateqoriya:Mingəçevir Dövlət Universitetinin rektorları