Macarıstan krallığı (, ) — Mərkəzi Avropada mövcud olmuş tarixi dövlət. Dövlət Macarların Böyük knyazı I İştvanın (), 1000-ci və ya 1001-ci ildə taxt-taca sahib olması ilə meydana gəlmişdir. I İştvan mərkəzi hakimiyyəti möhkəmləndirdi və təbəələrinin xristianlığı qəbul etməsinə nail olmuşdur. Yazılı mənbələr bu prosesdə yalnız alman və italyan ritterlərinin və din xadimlərinin rolunu vurğulasa da, kənd təsərrüfatı və dini terminlərin əhəmiyyətli hissəsi slavyan dillərindən götürülmüşdür.
Vətəndaş müharibələri və bütpərəst üsyanlar, eləcə də Müqəddəs Roma imperatorlarının Macarıstan üzərində hökmranlığını genişləndirməyə cəhdləri yeni qurulmuş monarxiyanı təhlükə altına salmışdır. I Laslo (1077–1095) və Koloman (1095–1116) dövründə monarxiya sabitləşdi. Bu hökmdarlar yerli əhalinin dəstəyi ilə Xorvatiya və Dalmatiyanı ələ keçirdilər. Hər iki krallıq öz muxtariyyətini qoruyub saxladı.
Laslo və Kolomanın varisləri — xüsusilə II Bela (1131–1141), III Bela (1176–1196), II Andraş (1205–1235) və IV Bela (1235–1270) – Balkan yarımadasına və Karpat dağlarının şərqinə doğru ekspansiya siyasətini davam etdirərək krallığı orta əsrlərin ən böyük güclərindən birinə çevirdilər. Macarıstanın işlənməmiş torpaqları, gümüş, qızıl və duz ehtiyatları ilə zəngin olduğundan əsasən alman, italyan və fransız kolonistlərin üstünlük verdiyi məskunlaşma məntəqəsinə çevrildi. Bu mühacirlər əsasən kəndlilər idilər, lakin bəziləri sənətkar və tacir olaraq, krallığın bir çox şəhərlərinin əsasını qoydular. Onların gəlişi şəhər həyatının, adət-ənənələrin və mədəniyyətin formalaşmasında mühüm rol oynadı. Krallığın beynəlxalq ticarət yollarının kəsişməsində yerləşməsi bir neçə mədəniyyətin birgə mövcudluğunu təşviq etdi.
Roman, qotik və intibah dövrlərinə aid binalar, latın dilində yazılmış ədəbiyyat əsərləri bu mədəniyyətin əsasən Roma-katolik xarakterli olduğunu göstərir. Bununla belə, burada pravoslav və qeyri-xristian etnik azlıqlar da mövcud idi. Latın dili qanunvericilik, idarəetmə və məhkəmə sisteminin dili idi, lakin dil plüralizmi bir çox dillərin, o cümlədən müxtəlif slavyan dialektlərinin yaşamasına imkan vermişdir. Əvvəllər krallığa məxsus torpaqlar kralın üstün mövqeyini təmin etsə də, bu torpaqların əldən çıxarılması nəticəsində "kral xidmətçiləri" adlanan, özünüdərkə sahib kiçik torpaq sahibləri sinfi formalaşdı. Bu sinif II Andraşı 1222-ci ildə "Qızıl bulla" sənədini imzalamağa məcbur etmişdir. Bu sənəd, Frensis Fukuyamanın da qeyd etdiyi kimi, "Avropa monarxının səlahiyyətlərinə tətbiq olunan ilk konstitusion məhdudiyyətlərdən biri" idi.
Macarıstan 1241–1242-ci illərdəki monqol istilası nəticəsində ciddi zərbə aldı. Bundan sonra kumanlar və yasilər Mərkəzi Macarıstan düzənliklərində məskunlaşdılar. Moraviya, Polşa və digər yaxın ölkələrdən kolonistlər köçüb gəldilər. Monqolların geri çəkilməsindən sonra krallar tərəfindən təşviq edilən qalaların inşası torpaq sahiblərinin yarı muxtar "əyalətlər" yaratmasına səbəb olmuşdur. Bu əyalətlərə güclü zadəganlar rəhbərlik edirdi və bəziləri III Andraşın (1290–1301), Arpadlar sülaləsinin son kişi nümayəndəsinin hakimiyyətinə meydan oxudular. Onun ölümündən sonra bir müddət aralıq dövr və anarxiya hökm sürmüşdür. Mərkəzi hakimiyyət yalnız 1320-ci illərin əvvəlində bərpa olunmuşdur.
Əvvəlki dövr Madyarlar və ya macarlar, IX və X əsrlərin sərhədində Karpat hövzəsini fəth etdilər. Burada əsasən slavyan dilli əhali yaşayırdı. Yeni vətənlərindən macarlar Şərqi Frakiya, İtaliya və digər Avropa bölgələrinə talan yürüşləri təşkil etdilər. Bu hücumlara son qoyan Müqəddəs Roma imperatoru I Otto olmuşdur; o, macarları 955-ci ildə Lex döyüşündə məğlub etmişdir. Macarlar ata xətti üzrə təşkil olunmuş ailələrdə yaşayırdılar. Bu ailələr tayfa ittifaqları təşkil edirdi. İttifaqa həmişə Arpad sülaləsindən olan böyük knyaz başçılıq edirdi. Müasir müəlliflər macarları köçəri kimi təsvir etsələr də, İbn Rüstə və başqaları onların əkinçiliklə də məşğul olduqlarını qeyd ediblər.
Slavyan dillərindən götürülən çoxsaylı sözlər göstərir ki, macarlar yeni metodları və oturaq həyat tərzini mənimsəmişdilər. Macarların yerli etnoslarla birgə yaşayışı, X əsrin ortalarında yaranmış “Bielo-Brdo mədəniyyəti” kompleksində də öz əksini tapır. Arxeoloji tapıntılar – qısa yazılar olan bəzi əşyalar – orta əsr Macarıstanda xüsusi runik yazının istifadə edildiyini göstərir. Bu yazılar deşifrə olunmayıb və ehtimal olunur ki, inzibati və hüquqi məqsədlər üçün istifadə edilməyib. Macarlar bütpərəst olsalar da, xristianlara, yəhudilərə və müsəlmanlara qarşı tolerant münasibət sərgiləyirdilər. Müsəlman, yəhudi və macar tacirlər Praqa yarmarkalarına gedir, qızıl və Bizans sikkələrini qul, qalay və kürklə dəyişirdilər. Aşağı Dunayda yerləşən Pereyaslavetsdə, vacib ticarət mərkəzində macarlar atlar və gümüş alveri edirdilər.
Xristianlığı ilk qəbul edən macar rəhbərləri Bizans kilsəsi tərəfindən missionerlik yolu ilə çevrilmişdi: 948-ci ildə horka, təxminən 952-ci ildə isə gyula Konstantinopolda vəftiz olunmuşdu. Əvəzində, böyük knyaz Qeza, təxminən 970-ci illərdə Latın kilsəsinə daxil olmu.dur. O, qalalar inşa etdirdi və ağır süvari ordusu qurmaq üçün xarici döyüşçüləri ölkəyə dəvət etmişdir. Qeza həmçinin oğlu İştvanı Müqəddəs Roma imperatorlarının nəslindən olan Bavariyalı Qizela ilə evləndirmişdir. Qeza 997-ci ildə vəfat etdikdə, oğlu taxta keçmək üçün Arpad sülaləsinin digər nümayəndəsi Koppanla mübarizə aparmalı olmuşdur. Alman ağır süvarələrinin dəstəyi ilə İştvan 998-ci ildə həlledici döyüşdə qələbə qazanmışdır. O, Roma Papası II Silvestrə (999–1003-cü illərdə hökmranlıq etmiş) krallıq tacı üçün müraciət etmişdir. Papa, III Ottonun razılığı ilə onun istəyini yerinə yetirmişdir.
Krallığın mülklərinin inkişafı Qızıl bullalar dövrü (11961241)
III Belanın oğlu və varisi İmre, kiçik qardaşı Andraş tərəfindən qaldırılan üsyanlarla üzləşdi. Bundan əlavə, Venesiya doju Enriko Dandolonun təşviqi ilə Dördüncü Səlib yürüşünün orduları 1202-ci ildə Zadarı ələ keçirdilər. 1204-cü ildə İmreni azyaşlı oğlu III Laslo əvəzlədi. Gənc kral bir il sonra vəfat etdikdə, taxta onun əmisi Andraş çıxmışdır. O, “padşahın hədiyyəsinin ən yaxşı ölçüsü onun ölçülməzliyidir” deyərək, böyük miqdarda krallıq torpaqlarını öz tərəfdarları arasında payladı. Bu torpaqlarda yaşayan azad insanlar birbaşa hökmdarla əlaqəni itirdilər, bu isə onların hüquqi statusunu təhlükə altına salmışdır. Krallığın gəlirləri azaldı və bunun nəticəsində, yeni vergilərin tətbiqinə və onların müsəlmanlara və yəhudilərə verilməsinə gətirib çıxardı. Krallıq xəzinəsi üçün tətbiq olunan yeni vergi toplama üsulları ölkədə kütləvi narazılıq yaratmışdır.
II Andraş həyat yoldaşı, Meraniya knyazlığından olan Getrudanın təsiri altında idi. Getruda açıq şəkildə alman həmvətənlərinə üstünlük verirdi. Bu isə yerli zadəganlar tərəfindən 1213-cü ildə onun öldürülməsi ilə nəticələndi. 1217–1218-ci illərdə kral Müqəddəs torpaqda səlib yürüşündə olarkən ölkədə yenidən üsyan baş vermişdir. Nəhayət, faktiki olaraq padşaha tabe olan azad torpaq sahibləri – "kral xidmətçiləri" – hərəkata başlayaraq II Andraşı 1222-ci ildə “Qızıl bulla” sənədini imzalamağa məcbur etdilər. Bu sənəd kral xidmətçilərinin azadlıqlarını, o cümlədən vergi ödəməkdən azad olmalarını təsdiqləyirdi. Sənədin son maddəsi həm səkkulyar (dünyəvi), həm də ruhani zadəganlara hökmdara qarşı “vətənə xəyanətdə ittiham olunmadan müqavimət göstərmək və ona qarşı çıxmaq” hüququ verirdi. Təxminən bu dövrdə, torpaq hədiyyə sənədlərinin strukturu dəyişdi və sənədlərə bəxşiş alanların kral xidmətində göstərdikləri qəhrəmanlıqları əks etdirən nəqledici hissə əlavə olunmuşdur. Bu geniş təsvirlər, XIII əsr Macarıstan tarixi haqqında xronikalardan daha çox məlumat verir.
Qızıl bulla həmçinin müsəlmanların və yəhudilərin kral administrasiyasında işləməsini qadağan edirdi. Bu qadağa, 1221-ci ildə kralın təşviqi ilə Esterqom arxiyepiskopu tərəfindən təsdiqlənərək 1231-ci ildə yenidən Qızıl bulla formasında dərc edilmişdir. Yeni sənəd arxiyepiskopa, kral onun müddəalarından kənara çıxdıqda onu kilsədən çıxarmağa səlahiyyət verirdi. 1232-ci ildə, kral sarayında çalışan qeyri-xristianlar səbəbilə arxiyepiskop Robert bütün krallığa interdikt (kilsə qadağası) qoydu. II Andraş ruhani sinfin imtiyazlarını tanıyacağına və yəhudi və müsəlman məmurları işdən azad edəcəyinə and içməyə məcbur olmuşdur. Katolik olmayanlara qarşı artan dözümsüzlük, 1221-ci ildə Vişeqrad pravoslav monastırının benediktinlərə verilməsi ilə də özünü göstərdi.
II Andraş, Qaliç knyazlığını işğal etmək üçün bir neçə uğursuz cəhd etmişdir. Oğlu Bela, 1228-ci ildə bir qrup polovetsin (kumanların) Andraşın hakimiyyətini tanımasına nail olmuşdur və 1231-ci ildə Olteniyada (indiki Severinli Banat) yeni bir sərhəd markı yaratmışdır. IV Bela atasının ölümündən sonra 1235-ci ildə hakimiyyətə gəlmişdir. O, əvvəlki hökmdarlar tərəfindən paylanmış kral torpaqlarını geri qaytarmağa çalışdı və bu, monarxla zadəganlar arasında dərin qarşıdurmaya səbəb olmuşdur — məhz bu zaman monqollar Avrasiya çöllərində qərbə doğru irəliləyirdilər.
Kral ilk dəfə monqol təhlükəsi haqqında 1235-ci ildə, "Böyük Macarıstan"da macar dilli əhalini ziyarət edən dominikli keşiş Yulian vasitəsilə xəbər tutmuşdur. Sonrakı illərdə monqollar Avrasiyanın qərb hissələrində hökmranlıq edən polovetsləri darmadağın etdilər. Polovets lideri Kotyan xan, IV Belanın hakimiyyətini tanımağa razı olmuşdur və nəticədə onun xalqına Böyük Macarıstan düzənliyində məskunlaşmağa icazə verildi. Lakin onların köçəri həyat tərzi yerli icmalarla bir çox qarşıdurmalara səbəb olmuşdur. Hətta yerli əhali polovetsləri monqolların müttəfiqi hesab edirdi.
Monqol istilası (1241-1242)
1240-cı ildə Şərqi Avropaya hücum edən monqol ordularının baş komandanı olan Batı xan, IV Beladan döyüşsüz təslim olmağı tələb etmişdir. Ancaq kral bu tələbi rədd etmişdir və baronlarına göstəriş verdi ki, öz dəstələri ilə birlikdə Peşt şəhərindəki onun düşərgəsində toplaşsınlar. Burada qıpçaqlara qarşı üsyan başladı və izdiham onların başçısı Koteni öldürmüşdür. Qıpçaqlar tezliklə ölkədən çıxdılar və krallığın mərkəzi bölgələrini qarət etdilər. Əsas monqol ordusu 1241-ci ilin martında Karpat dağlarının şimal-şərq keçidlərindən keçərək Macarıstana daxil olmuşdur. Kral ordusu düşmən qüvvələri ilə Şayo çayı yaxınlığında qarşılaşdı. 11 aprel 1241-ci ildə baş vermiş Mohi döyüşündə monqollar həlledici qələbə qazandılar. Döyüş meydanından kral IV Bela əvvəlcə Avstriyaya qaçmışdır, burada Avstriya hersoqu II Fridrix onu girov götürüb fidyə tələb etmişdir. Daha sonra kral və ailəsi Dalmasiyada yerləşən Ktiş qalasında sığınacaq tapdılar. Monqollar əvvəlcə Dunay çayının şərqindəki əraziləri işğal etdilər və ciddi şəkildə qarət etdilər. Buna baxmayaraq, krallıq mövcudluğunu davam etdirmişdir. Batı xan, böyük xan Ögedeyin ölüm xəbərini aldıqdan sonra 1242-ci ilin martında bütün ordusunu geri çağırmışdır. Ancaq bu işğal və onun ardınca gələn aclıq fəlakətli demoqrafik nəticələrə səbəb oldu: əhalinin azı 15 faizi ya ölmüş, ya da yoxa çıxmışdır.
Qitələrarası ticarət yolları dağılaraq, Baç (indiki Serbiya), Unqvar (indiki Ujqorod, Ukrayna) və digər ənənəvi ticarət mərkəzləri tənəzzülə uğramışdır. Yerli müsəlman icmaları demək olar ki, tamamilə yox olmuşdur; bu isə onların işğal zamanı xüsusilə ağır itkilər verdiyini göstərir. Kiçik kəndlər də məhv olmuşdur, lakin arxeoloji sübutlar göstərir ki, yaşayış məntəqələrinin tamamilə məhv edilməsi əvvəllər düşünüləndən daha az baş vermişdir. XIII əsrin ikinci yarısında düzgün sənədləşdirilmiş kəndlərin tərk edilməsi isə uzun müddətli birləşmə prosesinin nəticəsi idi — kəndlilər kiçik kəndləri tərk edib, daha böyük yaşayış məntəqələrinə köç edirdilər.
Sonuncu Arpadlar (12421301)