Çarlz Qodfri Liland (; ) — amerikalı folklorşünas, tərcüməçi və jurnalist. Liland jurnalist kimi çalışmış, çox səyahət etmiş və folklorşünaslıqla, xalq dilləri ilə maraqlanmışdır. O, Amerika və Avropa dilləri, xalq ənənələri haqqında kitablar və məqalələr nəşr etmişdir. Liland "Aradia, və ya Cadugərlərin İncili" adlı kitabı yazmışdır. Bu əsər yarım əsr sonra Vikkan dini və digər neopaqan cərəyanlarının əsas ilham mənbəyinə çevrilmişdir.

Bioqrafiyası Çarlz Qodfri Liland 15 avqust 1824-cü ildə Filadelfiyada komisiyon ticarətçi Çarlz Liland və Şarlotta Qodfrinin ailəsində dünyaya gəlmişdir. Onun anası Hanna Adamsın himayəsində idi. Çarlz özünü məşhur Con Liland və digər ingilis antikvarlarının nəslindən hesab edirdi. Liland iddia edirdi ki, uşaqlıqda Jilber Lafayet, Nikola Quin Düfif və Fredrika Bremerin Qonşular əsəri ona güclü təsir göstərmişdir. Çarlzın sözlərinə görə, anadan olduqdan qısa müddət sonra holland dayəsi onu ailənin çardağına apararaq xüsusi ayin icra etmişdir. Bu ritualda İncil, açar, bıçaq, yanan şamlar, pul və duzdan istifadə olunmuşdu. Məqsəd, onun uzun ömür sürməsini və alim, sehrbaz kimi yetişməsini təmin etmək idi. Biqorafları bu hadisəni onun xalq ənənələrinə və magiyaya olan marağının ilkin göstəricisi kimi qiymətləndirirlər. Onun ömürlük dostu Corc Henri Boker, sinif yoldaşı isə Corc Makklelan olmuşdur. cited in

Liland təhsilini Prinston Universitetində almışdır. O, universitetdə oxuduğu müddətdə dilləri öyrənmiş, şeirlər yazmış və hermetizm, neoplatonizm, həmçinin Rablenin və Viyonun əsərlərinə maraq göstərmişdir. Universiteti bitirdikdən sonra Çarlz təhsilini davam etdirmək üçün Avropaya yola düşmüşdür. O, əvvəlcə Almaniyanın Heydelberq və Münhen şəhərlərində, 1848-ci ildə isə Parisdə, Sorbonna Universitetində oxumuşdur. Həmin il baş verən Fransa inqilabı zamanı Liland kral ordusuna qarşı döyüşərək barrikadalarda kapitan rütbəsi ilə vuruşmuşdur.

Karyerası Jurnalistika Liland atasının verdiyi pul tükəndikdən sonra Amerikaya qayıtmış və Pensilvaniya ştatında hüquq imtahanlarını müvəffəqiyyətlə vermişdir. Lakin hüquqşünas kimi fəaliyyət göstərmək əvəzinə, jurnalistika sahəsində çalışmağa başlamışdır. O, The Illustrated News (Nyu-York), Philadelphia Bulletin (Filadelfiya) kimi qəzetlərdə yazılar yazmış və sonda Graham’s Magazine və Philadelphia Press jurnallarının redaktoru olmuşdur. 1856-cı ildə Liland Elizabet Belli Fişerlə evlənmişdir. O, həmçinin Continental Monthly jurnalının redaktoru olmuşdur. Bu jurnal Amerika vətəndaş müharibəsi dövründə Şimal (İttifaq) tərəfdarlarının nəşri idi. 1863-cü ildə Liland Şimal ordusuna qoşulmuş və Gettisberq döyüşündə iştirak etmişdir.

Folklor araşdırmaları Liland 1869-cu ildə yenidən Avropaya qayıtmış və uzun illər səyahət etdikdən sonra Londonda məskunlaşmışdır. Onun həyatı boyu qazandığı məşhurluq əsasən 'Hans Breytmanın balladaları' () (1871) adlı yumoristik şeirlər toplusu ilə bağlı olmuşdur. Bu şeirlər İngilis və Alman dillərinin qarışığından istifadə edilərək yazılmışdır və tez-tez Pensilvaniya alman dili ilə səhv salınmışdır. Sonrakı dövrdə onun bütpərəst ənənələr və xalq mədəniyyətinə dair araşdırmaları daha geniş tanınmağa başlamışdır. Liland səyyah olduğu illərdə çingenelərin həyatını öyrənmiş və bu mövzuda bir neçə kitab yazmışdır. O, həmçinin etnoqrafiya, folklor və dillə bağlı bir sıra kitablar nəşr etdirmişdir.

O, "Yeni İngiltərənin Alqonkin Əfsanələri" adlı kitabında Vabanaki tayfasının mədəniyyətini və tarixini vikinqlərlə əlaqələndirməyə çalışmışdır. Ancaq müasir tədqiqatçılar müəyyən ediblər ki, Liland öz nəzəriyyələrini təsdiqləmək üçün bəzi nağılları dəyişdirərək yazmışdır. Bundan başqa, o, 1882-ci ildə "Çingenelər" adlı kitabında Şelta adlı "beşinci Kelt dili"nin mövcud olduğunu iddia etmişdir. Ancaq müasir dilçilər bunun sadəcə İrland köçərilərinin jarqonu olduğunu müəyyən ediblər. 1888-ci ildə Liland İngiltərə Çingenelər Tarixi Cəmiyyətinin prezidenti seçilmişdir. On bir il sonra, 1899-cu ildə o, "Aradia, və ya Cadugərlərin İncili" adlı kitabını nəşr etdirmişdir. Bu kitab, iddiaya görə, İtalyan cadugərlərinin ənənəvi inanclarını ehtiva edirdi və ona Maddalena adlı bir qadının təqdim etdiyi əlyazmadan götürülmüşdü. Lakin kitabın dəqiqliyi mübahisəli olmuşdur və bəzi tədqiqatçılar onu XIX əsrdə İtaliyadakı cadugərlik ənənələrinin araşdırılması üçün istifadə etmişdirlər. See Leland's description in the appendix.

İncəsənət fəaliyyəti

Liland həm də incəsənət və dizayn təhsili sahəsində öncüllərdən biri olmuş və Arts and Crafts Movement (İncəsənət və Sənətkarlıq Hərəkatı) üzərində böyük təsir göstərmişdir.Stansky, P., Redesigning the World, Princeton University Press, 1985, p. 106 O, "Piroqrafiya və ya yanan ağac üzərində oyma" adlı kitabın həmmüəllifi olmuşdur. Daha vacib olan isə, o, Filadelfiyada İctimai Sənaye Sənəti Məktəbinin əsasını qoymuş və onun ilk direktoru olmuşdur. Bu məktəb kasıb ailələrin uşaqlarına sənətkarlıq sahəsində təhsil vermək üçün yaradılmışdır. Məktəb qısa zamanda məşhurlaşmışdır və Oskar Vayld tərəfindən yüksək qiymətləndirilmişdir.The Public Schools of Philadelphia: Historical, Biographical, Statistical. Philadelphia: Burk & McFetridge Co., 1897, p. 201-213

Tərcümələri Liland alman romantik şairi Henrix Heynenin toplu əsərlərini ingilis dilinə tərcümə etmişdir.The Works of Heinrich Heine. Translated from the German by Charles Godfrey Leland (Hans Breitmann). London: William Heinemann. 1893 Vol 1-12 and Vol 13-20 O, həmçinin Yozef Viktor fon Şeffelin şeirlərini və Yozef fon Eyxendorfun "Bir avara həyatından" əsərini "Tənbəlin xatirələri" adı ilə ingilis dilinə çevirmişdir.

Seçilmiş əsərləri Hans Breitmann’s Ballads (1871) The Gypsies (1882) Algonquin Legends of New England (1884) Gypsy Sorcery and Fortune Telling (1891) Etruscan Roman Remains in Popular Tradition (1892) Aradia, or the Gospel of the Witches (1899)

İrsi Lilandın bioqrafiyası onun qohumu və yazıçı Elizabet Robins Pennell tərəfindən yazılmışdır. Liland gənc yaşlarında onun yazıçı kimi karyera qurmasını təşviq etmişdir və o, uğurla bu sahədə fəaliyyət göstərmişdir.

İstinadlar

Ədəbiyyat Pennell, Elizabeth Robbins (1906). Charles Godfrey Leland: a Biography. Boston: Houghton, Mifflin and Co.

Edwards, Adrian S. (2016). "The Charles G. Leland Collection of Romani Books and Manuscripts". Electronic British Library Journal. 2016 (9): 1-23.

Xarici keçidlər

Charles Godfrey Leland — An article on Leland and Italian Witchcraft Hans Breitmann's Barty by C.G.Leland - A folk rock version of Leland's ballad "Hans Breitmann's Barty"

Kateqoriya:XIX əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ jurnalistləri