Əbdüləziz ibn Əhməd ibn Nəsr əl-Halvani əl-Buxari (; ) — Hənəfi məzhəbinin fəqihi, Buxara alimlərinin imamı.

Bioqrafiyası Atası halva bişirdiyi üçün "Halvani" (bəzi mənbələrdə "Halvai") nisbəsi ilə məşhurlaşmışdır. Ləqəbləri "Şəmsəddin" və "Şəmsül-Əimmə"dir. Halvani, fiqh elmini Əbu Əli ən-Nəsəfidən, hədis elmini Məhəmməd ibn Salehdən öyrənmişdir. Bundan başqa müxtəlif alimlərlə də görüşüb, onlarla söhbətlər etmişdir. Ondan da Səraxsi, Əbül-Fəzl Zərnicəri və başqa şəxslər elm öyrəniblər. Mənbələrə görə, Buxarada, dövrünün alimlərinin imamı, ən yüksəyi olub. Ömürünün sonuna doğru Keş şəhərinə gedib və orada vəfat edib. Sonradan Buxaraya nəql edildiyi də söylənmişdir. Halvaninin fiqhdən başqa hədis və digər elmlərdə də mahir olduğu deyilib. Halvaninin vəfat yeri və tarixi ilə bağlı müxtəlif versiyalar vardır:

Tələbəsi Əbdüləziz ibn Məhəmməd Nəhşəbiyə görə o hicri 452-ci ildə Şaban ayında (sentyabr 1060-cı il) Keşdə vəfat etmişdir. Səmaniyə görə Halvani hicri 448-ci (1056) və ya 449-cu ildə (1057) Keşdə vəfat etmiş, nəşi Buxaraya aparılaraq Kəlabaz məhəlləsində dəfn edilmişdir. Zəhəbiyə görə isə 456-cı ilin Şaban ayında (avqust 1064) Buxarada vəfat etmişdir.

Əsərləri Əl-Məbsut. Fiqhə dair olan bu əsərin Süleymaniyə Kitabxanasında bir nüsxəsi saxlanılır. (Ayasofiya, № 1381). Məclis min məcalisi Şəmsil-əimmə əl-Halvani fi sifəti əşrətis-səə və məkəmətil-qiyamə. Bu kitabın iki nüsxəsi məlumdur.

Katib Çələbi, Halvaninin "Fətəva" adlı bir əsərinin də olduğu yazmışdır. Katib Çələbi Halvaninin aşağıdakı əsərlərindən də bəhs edir:

Şərhu Ədəbil-qadi li-Əbi Yusif, Şərhul-Camiil-kəbir, Şərhul-Hiyəl lil-Xəssaf, Şərhus-Siyəril-kəbir, Əş-Şürut, Əl-Fəvaid, Kitabül-Kəsb, Kitabün-Nəfəqat, Əl-Vaqiat.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Sünni imamları Kateqoriya:Hənəfilər Kateqoriya:Matüridilər