Meri Dorin Arçer, Ueston-syuper-Mer Baronezi (d. 22 dekabr, 1944) britaniyalı alimdir və günəş enerjisinin çevrilməsi sahəsində ixtisaslaşmışdır. O, Mühafizəkarlar partiyasının keçmiş sədr müavini Cefri Arçer ilə evlidir. Hazırda Bukingem Universitetinin kansleri vəzifəsində işləyir.

Həyatı və təhsili Meri Viden 22 dekabr 1944-cü ildə İngiltərənin Surrey qraflığının Epsom şəhərində anadan olmuşdur. O, mühasib Harold N. Viden və Dorin Koksun kiçik qızıdır. Çeltnem Qadın kollecində təhsil aldıqdan sonra Oksford Universitetinin Müqəddəs Anna Kollecində kimya ixtisası üzrə bakalavr təhsili almışdır. Daha sonra Londonun İmperial Kollecində fiziki kimya üzrə doktorluq dərəcəsi qazanmışdır. O "Qeyri-homogen kataliz və qeyri-üzvi əvəzlənmə reaksiyaları" adlı dissertasiyasını 1968-ci ildə müdafiəyə təqdim emişdir.

Fəaliyyəti Arçer 1968–1971-ci illərdə Oksford Universitetinin Müqəddəs Hilda Kollecində gənc tədqiqatçı kimi çalışmışdır. 1971/72-ci tədris ilində isə Oksfordun Somerville Kollecində kimya üzrə müvəqqəti müəllim olmuşdur. Oksforddan sonra o, Londondakı Kral İnstitutunda Corc Porter rəhbərliyi altında elmi tədqiqatçı kimi fəaliyyət göstərmişdir. Məhz bu dövrdə fotoelektrokimya ilə maraqlanmağa başlamış və o vaxtdan etibarən bu mövzuda geniş elmi məqalələr yazmış və mühazirələr oxumuşdur. 1970-ci illərin ortalarında, o, Beynəlxalq Günəş Enerjisi Cəmiyyətinin idarə heyətinin üzvü təyin edilmişdir. 1976–1986-cı illərdə, o, Kembric Universitetinin Triniti Kollecində kimya müəllimi və Nyunhem Kollecinin üzvü olmuşdur. 1984–1991-ci illərdə, o, Kembricdə Fitzuilyam Muzeyi Fondunun direktoru kimi fəaliyyət göstərmişdir. 1988–1995-ci illərdə Mid Anqlia Radiosunun qeyri-icraçı direktoru olmuşdur. O, alto səs diapazonunda ifadə edərək 1992-ci ildə "A Christmas Carol" adlı Milad nəğmələrindən ibarət CD buraxmışdır. 1988-ci ildə Arçer, Lloyd Sığorta Şirkətinin Şurasına qoşulmuş və 1989-cu ildə Lloyd Hardşip Komitəsinin sədri olmuşdur. O, 1977-ci ildən bəri Lloydun "Name" üzvlərindən biri olmuşdur. 1988–2000-ci illərdə, o, binalarda Eenerjidən istifadənin təkmilləşdirilməsi üzrə Milli Enerji Fondunun sədri olmuşdur. Daha sonra bu təşkilatın prezidenti olmuş və hazırda himayədarıdır. O, eyni zamanda Böyük Britaniya Günəş enerjisi cəmiyyətinin (UK-ISES) prezidenti və Enerji İnstitutunun fəxri üzvüdür. 2002-ci ildə ona Melçett Medalı təqdim olunmuşdur.

O, günəş enerjisi ilə bağlı müxtəlif elmi əsərlər yazmış və bir çox kitabların hazırlanmasına töhfə vermişdir. Bunlar arasında Günəş Enerjisinin Çevrilməsinə Fotokimyəvi və Fotoelektrokimyəvi Yanaşmalar" adlı kitab xüsusilə diqqətçəkəndir, çünki onun yazılması 15 il davam etmişdir. Bundan əlavə, o, aşağıdakı kitabların həmmüəllifi və redaktoru olmuşdur:

"Fotovoltaiklərdən təmiz elektrik enerjisi" (2001) "Molekulyar səviyyədən qlobal fotosintezə" (2004) "Kembricdə 1702-ci il Kimya kürsüsü: dəyişiklik və inkişaf" (2005) "Günəş fotonlarının çevrilməsi üçün nanoquruluşlu və fotoelektrokimyəvi sistemlər" (2008).

1994-cü ildə xanım Arçer Anglia televiziya kanalının qeyri-icraçı direktoru olmuşdur. Həmin dövrdə kanal səhmlərin satın alınması üçün hədəf seçilmişdi. London Fond Birjasının hesabatlarından sonra, Ticarət və Sənaye Nazirliyi 8 fevral 1994-cü ildə bəzi şəxslərin, o cümlədən onun həyat yoldaşının, daxili ticarət qaydalarını pozduğunu araşdırmaq üçün müfəttişlər təyin etdi. Lakin heç kimə qarşı rəsmi ittiham irəli sürülmədi.

Arçer 10 il boyunca Kembric Universitet Xəstəxanaları idarə heyətinin sədri olmuşdur. O, daha əvvəl Addenbruk Xəstəxanasında qeyri-icraçı direktor (1993–1999) və sədr müavini (1999–2002) kimi fəaliyyət göstərmişdir. 2005–2008-ci illərdə, o, lokallaşmış prostat xərçəngi və xoşxassəli prostat hiperplaziyası xəstələri üçün Milli Səhiyyə Xidməti tərəfindən maliyyələşdirilən qabaqcıl bir təşəbbüsə rəhbərlik etmişdir. 2007-ci ildə İrlandiya Kimya İnstitutu tərəfindən Eva Filbin Mükafatına layiq görülmüşdür. 2009–2012-ci illərdə, o, Kembric Universiteti Səhiyyə Partnyorlarının təsisçi direktoru olmuşdur. 1997–2015-ci illərdə o, Addenbruk Xeyriyyəçi Fondunun sədr müavini kimi çalışmışdır. Hazırda o, Addenbruk Xəstəxanasında və Anglia Xərçəng Şəbəkəsində sidik kisəsi xərçəngi xəstələri üçün onlayn qərarvermə alətləri və məlumatlandırıcı resurslar yaratmaq üzrə bir layihəyə rəhbərlik edir.

24 fevral 2020-ci ildə Arçer Bukingem Universitetinin kansleri vəzifəsinə təyin edilmişdir. Arçer 1990–2000-ci illərdə Elm Muzeyləri Qrupunun qəyyumu olmuş və 2015-ci ildə həmin qurumun sədri təyin edilmişdir.

İstinadlar Kateqoriya:Alimlər