Volfqanq Amadey Motsart (; ) — dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri.

Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, orqan ifaçısı və dirijor da olmuşdur. Müəllifin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur.

Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert repertuarlarının ayrılmaz parçasını təşkil edir.

Həyatı thumb|right|250px|Motsartın doğulduğu ev Volfqanq Amadey Motsart o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində dünyaya göz açmışdır. Motsartın özündən savayı sağ qalmış "Nanerl" Mariya Anna adlı bacısı da olmuşdur. Motsart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınmışdır. Bu mərasimdə körpəyə latın formasında olan İohann Xrizostom Volfqanq Amadey Motsart () adı verilmişdir. Motsart isə özünü sonralar "Volfqanq Amadey Motsart" kimi adlandırmağı üstün tutmuşdur.

Motsartın atası Leopold Motsart Salzburq arxiyepiskop sarayının kapelmeyster müavini və bəstəkar idi. O həmçinin təcrübəli müəllim olmuş və oğlunun doğum ilində "Versuch einer gründlichen Violinschule" adlı skripkada ifaya dair əsər nəşr etdirmişdir.

Qızı Nannerlin yeddi yaşı olanda Leopold ona klavişdən dərslər verməyə başlayır. Üç yaşlı Volfqanq bu musiqi alətinə heyrətlə tamaşa edərdi. Bacısı sonralar deyirdi: "Dörd yaşında atamız onu əyləndirmək naminə ona klavişdə bir-iki parça ifa etməyi öyrədərdi. Körpə bir qədər sonra bu parçaları heç bir səhvə yol vermədən və böyük nəfislikə ifa edirdi. Beş yaşında isə o özü kiçik parçalar bəstələməyə başladı və atamız heyrət içində onları nota yazırdı. Belə erkən əsərlər arasında Andante (K. 1a) və Allegro C də (K. 1b) var idi."

Motsartın bioqrafı olmuş Meynard Solomon Leopoldun uşaqlarına sidqi-ürəklə dərs verməsinə baxmayaraq, balaca Volfqanq atasının öyrətdiklərindən də uzaqlara getməyi qərarlaşdırır. Atası körpəsinin inanılmaz fitri istedadına və yaratdığı xarüqələrə sevindiyindən göz yaşlarını saxlaya bilmirdi. Nəticədə körpəsinin ilahi istedadı qarşısında atası bəstəkarlıqdan əl çəkir və özünü uşaqlarına dil və digər fənlərdən dərs deməyə həsr edir.

1762–1773: Səyahət illəri thumb|right|200px|Mosartın uşaqlıq portreti Motsartın uşaqlıq illərində ailəsi Avropa boyu bir neçə səyahətlər etmiş və Leopold Motsart bu səyahətlərdə uşaqlarının istedadını nümayiş etdirmişdir. İlk belə nümayiş Münhendə Bavariya elektor sarayında baş tutur. Növbəti belə bir konsert həmin il Vyana kral sarayında və Praqada keçirilir. Uzun konsert turları düz üç il yarım davam edir və ailəni Münhen, Manhaym, Paris, London, Haaqa və yenidən Paris kral saraylarına gətirib çıxarır. Geriyə — Vyanaya döndükdə Motsartlar ailəsi Sürix və Donoşingen şəhərlərindən də keçirlər. Bu səfərlər zamanı Motsart çox sayda musiqiçilərlə görüşür və onların əsərləri ilə tanış olur. Belə yaddaqalan görüşlərdən biri də Londonda olarkən İohann Sebastyan Baxla görüş olur. Motsartlar ailəsi 1767-ci ilin sonunda yenidən Vyanaya dönür və 1768-ci ilin dekabr ayına kimi burada qalırlar. Bu səyahət zamanı Motsart çiçək xəstəliyinə tutulur, lakin atası oğlunu peyvənd edilməsinə qəti etiraz edir və bunu Allahın iradəsi sayır.

Zalsburqda keçən bir ildən sonra növbəti illəri İtaliyaya üç səfərə çıxırlar. Lakin bu dəfə yalnız Mosart və atası səfərə yollanırlar. Bu səfərlər 1769-cu ilin dekabrından 1771-ci ilin martına, 1771-ci ilin avqustundan dekabrına qədər və 1771-ci ilin oktyabrından 1773-cü ilin martına qədər davam edir. İtaliyaya ilk səfər ilkin səyahətləri xatırladır. Bu səfərlərdə məqsəd artıq yeniyetməlik illərinə qədəm qoymuş Motsartın ifaçı və sürətlə inkişaf edən bəstəkar kimi qabiliyyət və istedadını nümayiş etdirmək idi. Motsart Boloniyada C. B. Martni ilə görüşür və məşhur Accademia Filormonica-ya üzv qəbul olunur. Romada Sikstin kapellasında Qreqorio Alleqrininin Miserere əsərini görür və onu əzbərləyərək sonradan kağız üzərinə köçürür. Bununla Motsart Vatikanın ən ciddi şəkildə mühafizə etdiyi əsərinin ilk qeyri-qanuni sürətini çıxarır.

Milanda Motsart Mitridate Re di Ponto(Pont çarı Mitridat) adlı operanı müvəffəqiyyətlə nümayiş etdirir. Bu operadan sonra Motsarta opera yazmaq sifarişləri daxil olur. Leopold və Volfqanq iki dəfə Ascano in Alba (1771) və Lucio Silla (1772) operalarını bəstələmək və premyerasında iştirak etmək üçün Zalsburqdan Milana qayıdırlar.

İtaliyaya sonuncu səfərinin sonlarında Motsart "Exsulate jubilate", K. 165 solo kantatasını yazır.

1773–1777-ci illər: Zalsburq sarayı thumb|right|250px|Leopold, Volfqanq və Nannerl

İtaliyaya sonuncu səfərindən (13 mart 1773-cü il) sonra Motsart Zalsburq hakimi şahzadə-arxiyepiskop İeronim Kolloredonun saray musiqiçisi kimi işə götürülür. Motsart Zalsburqda özünə çox sayda dost və pərəstişkar toplayır. O musiqinin bir çox janrlarında simfoniya, sonata, simli kvartet, serenada və ara-sıra opera əsərləri yazır. Bu ilkin dövrdə yaratdığı əsərləri indi də ifa olunmaqdadır. Məsələn, 1775-ci ilin aprel-dekabr ayları arasında Motsartda skripka üçün konsert yazmaq arzusu baş qaldırır və o hər biri əvvəlkindən mükəmməl olmaqla beş belə konsert bəstələyir. Bunlardan sonuncu üçü (K. 216, K. 218, K. 219) repertuarların əsas nömrələri sayılır. K. 271 E bemol piano konserti, başlanğıcda solist tərəfindən orkestranın gözlənilməz fasiləsi ilə klassik musiqinin kəşfi sayılır.

Bununla belə, Mosart tədricən Zalsburqu tərk edib başqa yerdə iş axtarmaq qərarına gəlir. Buna səbəb kimi qazandığı 150 florinlik az məvacibi görünür. Bundan əlavə, Mosart operalar yazmağı çox sevir və Zalsburq buna ən yaxşı halda nadir imkanlar yaradırdı. Vəziyyət 1775-ci ildə saray teatrının bağlanması ilə daha da gərginləşir. Şəhərin digər teatrları isə səfər truppalarını qəbul etmək üçün olduqca dar idi.

İki uzun müddətli səfər axtarışları onların Zalsburqda uzun müddətli yaşayışlarında fasilə yaradır: Volfqanq və Leopold 1773-cü ilin 14 iyulundan 12 sentyabrına kimi Vyanaya və 1774-cü ilin 6 dekabrına 1775-ci ilin martına qədər Münhenə səfər edirlər. Hər iki səfərin müvəffəqiyyətsiz nəticələnməsinə baxmayaraq, Motsart Münhendə "La finta giardiniera" adlı operasının premyerasını böyük uğurla həyata keçirir.

1777–1778-ci illər: Paris səfərləri 1777-ci ilin 23 sentyabrında Motsart bu dəfə anasının müşayiəti ilə başqa bir turneyə çıxır. Bu dəfəki turneyə Münhen, Manheym və Paris şəhərləri daxil idi. Manheymdə Motsart o vaxtlar Avropanın ən yaxşı orkestri hesab olunan Manheym orkestrinin üzvləri ilə tanış olur. O həmçinin bu şəhərin musiqiçi ailələrinin birinin qızı Aloysa Veberə aşiq olur. Motsart buradan Parisə gedir və orada iş axtarışlarını davam etdirir. Lakin Paris səfəri uğursuz olur (bununla belə, Versalda ona orqanist işi təklif olunur, lakin bu iş xoşuna gəlmədiyi üçün imtina edir). Parisə səfərinin digər xoşagəlməz nəticəsi anasının xəstələnməsi və ölümü olur. Zalsburqa qayıdarkən Motsart yenidən Münhendə qərar tutur və artıq opera səhnəsində ifaçı olmuş Aloysa ilə görüşür. Lakin bu dəfə qız Motsarta heç bir maraq göstəmir. Motsartın Salzburqdakı narazıçılıqla dolu günləri onun bu səfərlərindən sonra da davam edir.

Belə bir sual meydana çıxır ki, Motsart bütün istedadlarına baxmayaraq niyə səfərləri zamanı iş tapa bilmir. Meynard Solomonun fikrincə, problem Motsartın atası ilə iş barədə razılığa gələ bilməməsində olmuşdur. Belə ki, atası Motsartın bütün ailəni saxlaya biləcək əmək haqqı almasına israr etmişdir, Motsart isə böyük şəhərlərin birində azad musiqiçi kimi fəaliyyət göstərib vacib bir işə lazım bilinən qədər aristokrat ailələrlə dostluq saxlamaq barədə düşünürdü. Bu strategiyadan vaxtilə Haydn uğurla istifadə edə bilmişdi. Görünür, Leopoldun planı və Motsartın gəncliyi onun bu istəklərini həyata keçirməyə imkan verməmişdir.

1781-ci il: Vyana 1781-ci ilin yanvarında Motsartın Idomeneo operası Münhendə böyük uğurla səhnəyə qoyulur. Həmin ilin martında isə bəstəkar Vyanaya çağırılır. Bu vaxt Motsartın bir vaxtlar sarayında işlədiyi Salzburq şahzadəsi imperator II İosifin tacqoyma mərasimində iştirak edir. Münhendə qazandığı uğurlar fonunda arxiyepiskopun onunla nökər kimi davranmasından və ələlxüsus qrafinya Tunun qonağı olan imperator qarşısında ifa etməsini qadağan etməsindən bərk qeyzlənir (belə ki, yalnız bu görüşdən əldə edə biləcəyi mənfəət onun Salzburqda qazandığı məvacibin tən yarısı qədər ola bilərdi). May ayında bu mübahisə daha da intensivləşir. Motsart işindən çıxmaq istəyir, lakin rədd cavabı alır. Buna baxmayaraq növbəti ay o, nəhayət ki, işindən azad edilir. Lakin bu olduqca xoşagəlməz bir halda baş verir. Belə ki, Motsart arxiyepiskopun eşikağası qraf Arko tərəfindən təşkil olunmuş qaydada alçaldıcı tərzdə saraydan qovulur. Bu arada Motsart Vyanaya getmək və orada yaxşı məvacib almağın mümkünlüyü barədə düşünür.

Arxiyepiskopla mübahisənin onun üçün ağrıdıcı tərəfi atasının arxiyepiksopu dəstəkləməsi olur. Atası nəyin bahasına olursa olsun, Motsartın əvvəlki iş yerinə qayıtmasını və arxiyepiskopla barışmağı israr edir. Volfqanq isə eyni inadkarlıqla öz fikirlərində israr edib gələcəyini təkbaşına, özü də Vyanada davam etdirəcəyini bildirir. Mübahisə Motsartın əzazil arxiyepiskopun caynaqlarından qurtulması və atasının dönmək tələblərinə rədd cavabı verməsilə bitir. Bunu Motsartın bioqrafı Solomon "inqilabi addım" kimi səciyyələndirir və bu addımın onun gələcək həyatına böyük təsir göstərəcəyini yazır.

Vyanadakı ilk illər Motsartın Vyanaya gəlişi çox uğurlu alınır. O əvvəlcə piano ifaçısı kimi çıxış edir və 1781-ci ilin 24 dekabrında İmperator sarayında təşkil olunmuş piano müsabiqəsində Muzio Klementi ilə yarışır və tezliklə özünü mahir piano ifaçısı kimi doğruldur. Motsart bəstəkar kimi də böyük nailiyyətlərə imza atır. 1781–1782-ci illər arasında Die Entgührung aus dem Serail operasını yazır. Bu əsər 16 iyul 1782-ci ildə səhnəyə qoyulur və müəllifə böyük uğur gətirir. Əsər tezliklə Avropanın alman dilli bölgələrində də nümayiş etdirilir və Motsartın bəstəkarlıq şöhrətini daha da artırır.

Motsart bu arada arxiyepiskop Kolloradoyla münaqişələrinin kulminasiyasına yaxın Manheymdən Vyanaya köçmüş Veberlər ailəsi ilə yaşayır. Ailənin başçısı Fridoplin Veber vəfat etmiş, Veberlər ailəsi evlərini kirayə verməklə dolanırdılar. Motsartın sevgisindən imtina etmiş Aloysa isə Jozef Lanj adlı aktyorla evlənmişdi. Motsart bu dəfə Veberlər ailəsinin üçüncü qızı Konstansiya ilə maraqlanmağa başlayır. Cütlük 1782-ci ilin 4 avqustunda atası Leopoldun həvəssiz razılığı ilə evlənirlər. Konstansiyanın Motsartdan altı uşağı dünyaya gəlir. Körpələrdən yalnız ikisi sağ qalır: Karl Tomas (1784–1858) və Franz Xaver Volfqanq (1791–1844). Sonuncu özü də bəstəkar olur.

1782–1783-cü illərdə Motsart barokko musiqiçilərinin əsərlərinin əlyazmalarının əksəriyyətinə sahib çıxmış baron Qotfrid van Süitenin təkidiylə Bax və Handelin əsərləri ilə yaxından tanış olur. Motsartın bu bəstəkarların əsərlərini öyrənməsi ilk əvvəl onun barokko janrını təqlid etməsi, daha sonralar isə öz şəxsi üslubunu kəşf etməsinə təsir göstərir. "Sehrli fleyta" (Die Zauberflote) əsərində və 41-ci simfoniyasının sonundakı fyuqal keçidlər buna misaldır.

1783-cü ildə Volfqanq və Konstansiya Salzburqa, Motsartlar ailəsinə baş çəkirlər. Lakin səfər uğursuz alınır. Belə ki, Leopold və Nannerl ən yaxşı halda Konstansiyaya qarşı mülayim davranırlar. Bununla belə Salzburqa səfər Mosartın ən gözəl liturgik parçalarından biri olan C minorda mass kompozisiyasının yaranması ilə yadda qalır. Əsər tamamlanmasa da, Salzburqda səhnəyə qoyulur və əsərin premyerasında Konstansiya ifa edir.