Ərtoğrul Osman Osmanoğlu () — Osmanlı sülaləsinin səkkizinci rəisi və Osmanlı sülaləsinin hakimiyyətdə olduğu dövrdə dünyaya gələn sonuncu şahzadəsi.

Həyatı Şahzadə Ərtoğrul Osman Əfəndi 1912-ci ildə Nişantaşında dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin dördüncü oğlu Mehmed Burhanəddin Əfəndi, anası isə onun ikinci xanımı Aliyə Mələk Nazlıyar xanım idi. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanun çıxan əsnada 12 yaşlı Osman Əfəndi Vyanada təhsil alırdı. Bu səbəblə sürgünə vətənindən yox, Vyanadan getdi.

1933-cü ilə qədər Avropanın bir çox ölkələrində yaşasa da, sonralar ABŞ-yə köçdü və 1945-ci ildə Nyu-Yorkda daimi məskunlaşdı. Osmanlı türkcəsi ilə yanaşı, ingilis, italyan, ispan, alman və fransız dillərini də bilirdi. 1952-ci ildə Kanadada mədən sənayesi ilə məşğul olan bir firma qurdu. Bu səbəblə ailənin digər üzvləri kimi maddi çətinliklər çəkmədi.

1952-ci ildə Osmanlı sülaləsinin kişi mənsublarına çıxarılan əfv qanunundan sonra ölkəyə qayıtmadı. 1992-ci ildə Türkiyə Cümhuriyyəti tərəfindən İstanbula dəvət edildi. 2 il sonra isə əmisi oğlu Orxan Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin ailə rəisi oldu.

2004-cü ildə rəsmi olaraq Türkiyə Cümhuriyyəti vətəndaşlığını alan Osman Əfəndi 2009-cu ildə uzun müddətdir ki, əziyyət çəkdiyi böyrək çatışmazlığından vəfat etdi. Cənazə namazı Sultan Əhməd məscidində qılındı və Sultan Mahmud türbəsində dəfn olundu.

Ailəsi İlk evliliyi 20 yanvar 1947-ci ildə Gülda Tverski ilə (d. 20 mart 1915 — ö. 16 sentyabr 1985) baş tutdu. İkinci evliliyi isə 27 sentyabr 1991-ci ildə keçmiş Əfqanıstan kralı Əmənulla xanın qohumu Zeynəb Tərzi ilə (d. 16 dekabr 1940) baş tutdu. Övladı olmamışdır.

İstinadlar

Kateqoriya:Türkiyə uzunömürlüləri Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Böyrək çatışmazlığından vəfat edənlər Kateqoriya:Sultan Mahmud türbəsində dəfn olunanlar Kateqoriya:Osmanlı şahzadələri Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:Nyu-York şəxsləri