Azərbaycanda erkən orta əsrlər dövrü — Azərbaycan tarixinin dövrlərindən biri olaraq III əsrdən XI əsrə qədər davam etmişdir. III əsrdə həm müasir Azərbaycan Respublikası ərazisi, həm də Cənubi Azərbaycan ərazisi Sasani imperiyası ərazilərinə qatılmışdılar. Həmçinin elə bu dövrdə Azərbaycan ərazisində feodalizm formalaşmağa başlamış, Qafqaz Albaniyası ərazisi Bizans və Sasani imperiyaları arasında müharibə meydanına çevrilmişdir. Sasani imperiyasının Ərəb xilafəti tərəfindən süquta uğradılmasından sonra həm keçmiş Atropatena, həm də Albaniya əraziləri Ərəb xilafətinə daxil edilmişdir. Bu zamana qədər artıq dövlətçiliyini tamamilə itirmiş Atropatenadan əlavə olaraq, Albaniyada tədricən zəifləmiş və 705-ci ildə tamamilə yox olmuşdur. Bundan sonra Ərəb xilafətinin də regoindakı hakimiyyəti tədricən zəifləmiş, bunun nəticəsində Azərbaycan ərazisində — həm cənubi, həm də şimali — yeni feodal dövlətlər ortaya çıxmışdır.
Sasani işğalı
Tarixi
Albaniya 252–253-cü illərdə Albaniya, bundan daha əvvəl isə Atropatena Sasani imperiyası tərəfindən ələ keçirildi. Atropatena tamamilə Sasani imperiyasına birləşdirilsə də, Albaniya vassal dövlətə çevrildi və özünün monarxiyasını qoruyub saxlaya bildi. Lakin Alban hökmdarının real gücü yox idi, mülki, dini və hərbi hakimiyyət əsasən Sasani canişini olan mərzbanın əlində cəmləşmişdi. 260-cı ildə Sasani şahı I Şapurun Roma ordusunu məğlub etməsindən sonra Albaniyanın ilhaq edilməsi məlumatı Nəqşi-Rüstəmdəki üçdilli abidə verilən mətndə keçməkdədir.
343-cü ildə II Şapurun (309–379) qohumu olan Urnayr Albaniyada hakimiyyətə gəldi və əvvələ nisbətən daha müstəqil xarici siyasət yetirməyə başladı. Urnayr II Şapur ilə hərbi müttəfiqlik etməklə birlikdə, Ammianus Marsellinusun verdiyi məlunata əsasən onun romalılarla müharibələrində əsasən süvarilərdən ibarət olmaqla hərbi dəstək verdi. Onun Amid döyüşündə önəmli hərbi dəstək verdiyi bəllidir. Amid döyüşündə Sasanilərin qələbəsinin nəticəsi olaraq müasir Qarabağ, Naxçıvan və Kaspi kimi Albaniyadan ələ keçirilmiş vilayətlər geri qaytarıldı. Romalı müəllif Urnayrın hərbi dəstəyinin, eləcə də Xionitlərin hərbi birləşmələrinin döyüşün taleyinin müəyyən edilməsində həlledici rol oynadığını qeyd etməkdədirlər. Bu qələbədən sonra II Şapur Albaniyadakı xristianların təqibinə başladı.
Ammianus bu döyüş barədə bunu qeyd edir:
Şapur II-nin sol tərəfində, mülayim qüvvəyə malik və bədəni xırda olan, lakin böyük bir zehniyyətə sahib və bir çox zəfərlərin şərəfi ilə tanınan Xionitlərin şahı Grumbates dayanırdı. Sağ tərəfində isə eyni dərəcədə yüksək hörmətə malik olan Albanların şahı var idi.
371-ci ildə romalılar ilə sasanilər arasında Dzirav döyüşü baş verdi. Albaniya bu döyüşdə də Sasani imperiyasının müttəfiqi olaraq iştirak etməkdə idi. Döyüş nəticəsində Roma ordusu qələbə qazandı. Urnayrın döyüşdə yaralanmasından əlavə, Albaniya Uti, Şakasena, Kolt (Albaniyanın qərbində yerləşən əyalət) və Girdiman vadisini itirdi. Albaniya bu tarixdə itirdiyi əyalətlərinə nəzarəti 387-ci ildə Sasani və Roma imperiyaları arasında imzalanan müqavilə şərtləri ilə geri qaytardı. 450-ci ildə Sasani ordusu Qafqazdakı xristianların üsyançı ordusu tərəfindən məğlub edildi. Bu zaman sasanilərin şahı II Yezdəgird idi və döyüş Xalxal yaxınlığında baş vermişdi. Döyüş nəticəsində Albaniyadakı Sasani qarnizonları ölkəni tərk etdilər. II Yezdəgirdin ölümündən sonra onun övladları olan Hürmüz və Firuz arasında taxt-tac uğrunda müharibə başladı. II Vache-nin xristianlığa dönüşü, onun yeni Sasani şahı I Firuz ilə münasibətlərinin pozulmasına yol açdı. II Vaçenin bu addımından sonra Firuz Haylandur hunlarını onun üzərinə hücum etməyə təşviq etdi. 462-ci ildə Albaniya hunlar tərəfindən ələ keçirildi. Nəticədə II Vaçe 463-cü ildə taxtdan imtina etdi. Bu hadisədən bəhs edən alban müəllif Musa Kalankatlı bildirir ki, 463-cü ildən sonra 30 il müdətinə Albaniya hökmdarsız qaldı. Beləliklə, Azərbaycan şimal hissəsi də cənubu kimi mərzbanlığa çevrilərək birbaşaSasani imperiyasının bir hissəsi oldu.
Kalankatlının bildirdiyinə görə, təxminən 30 ildən sonra yerli hökmdarların monarxiyası Albaniyada II Vaçenin qardaşınnı oğlu III Vaçaqan tərəfindən bərpa edildi. Mömin Vaçaqan Sasani hökmdarı Balaş (484–488) tərəfindən taxta çxıarıldı. III Vaçaqan alban çarlarının güzəştlərini bərpa etdi, vergiləri azaldıb, xristianlara azadlıqlar verdi.
Azərbaycanın şimal hissəsində yerli dövlətçilik xüsusiyyətləri 510-cu ildə Sasani imperiyası tərəfindən tamamilə ləğv edildi. Beləliklə də, 629-cu ilə qədər davam edəcək Sasani mərzbanlarının uzun hakimiyyət dövrü başladı. VI əsrin sonları və VII əsrin əvvəllərində Albaniya ərazisi yenidən Sasani və Bizans imperyaları arasında müharibə meydanına çevrildi. Üstəlik bu dəfə Xəzər imperiyası da müharibələrə daxil oldu. Çox zaman Bizans ilə Xəzər imperiyası Sasaniyə qarşı müttəfiq kimi çıxış edirdilər. 628-ci ildə, yəni Üçüncü Türk-Fars müharibəsi zamanı Xəzər ordusu Albaniyanı ələ keçirdi və onların hökmdarı Tonq Yabqu xaqan özünü Alban hökmdarı elan etdi. O, Sasani imperiyası qaydalarına uyğun olaraq tacirlərə və Kür-Araz çayları vadisində balıqçılıq edənlərə vergi müəyyənləşdirdi.
Mehranilərin sülaləsinin (630–705) hakimiyyəti Albaniyada VII əsrin əvvəllərindən formalaşmağa başladı. Sülalənin ilkin hakimiyyət yeri müasir Azərbaycanın Şəmkir-Qazan bölgəsində idi. Müasir Bərdə sülalə hakimiyyətinin mərkəzinə çevrildi. Kalankatlının bildirdiyinə görə, Mehranilər sülaləsinin əsasını qoyan şəxs Mehran (570–590) idi və onun ardıcılı Varaz Qriqor (628–642) də "Albaniya knyazı" titulunu götürmüşdü.
Bərdə Varaz Qriqorun oğlu Cavanşirin hakimiyyəti (642–681) dövründə Albaniyanın paytaxt şəhərinə çevrildi. Cavanşir hakimiyyətinin birinci dövründə Sasani hökmdarı III Yezdəgirdə tabe olduğunu elan etmişdi. O, Alban ordusunun komandanı və 636–642-ci illər boyunca da III Yezdəgirdin müttəfiqi idi. Kadisiyya döyüşündə ərəblərin qələbə qazanmasına baxmayaraq, Cavanşir Sasani imperiyasının müttəfiqi kimi o döyüşdə iştirak etdi. 651-ci ildə Sasani imperiyasının ərəblər tərəfindən tamamilə süquta uğradılmasından sonra Cavanşir özünün siyasətini dəyişdirdi və 654-cü ildə Bizans imperiyası tərəfə keçdi. Bundan sonra Bizans imperatoru olan II Konstantin Cavanşiri öz himayəsi altına götürdüyünü elan etdi. Bununla da, Bizans himayəsi ilə Cavanşir Alban hökmdarına çevrildi. 662-ci ildə Cavanşir Kür çayı sahilinə qədər gəlmiş olan Xəzər ordusunu məğlub etdi. 665-ci ildə xəzərlər yenidən Albaniyaya hücum etdilər. Onların bu hücumunda əvvəlki ilə müqayisədə daha çox qüvvə iştirak etməkdə idi. Elə buna görə də onlar Cavanşir üzərində qələbə qazandılar. Cavanşir ilə Xəzər hökmdarı arasında imzalanan razılaşmağa görə Albaniya hər il vergi ödəməyə məcbur oldu. Bunun qarşılığında Xəzər ordusu ələ keçirdiyi hər bir kəsi azad etməyi, yağmaladıqları sürüləri geri qaytarmağı öz üzərilərinə götürdülər. Bundan sonra Cavanşir Ərəb xəlifəsi ilə diplomatik münasibətlər qurmağa başladı. Bunda məqsədi ölkəsini Xəzər dənizi tərəfdən gələn hücumlardan qorumaq idi. O, bu məqsəd üçün Dəməşqə getdi və 667, 670-ci illərdə Xəlifə Müaviyyə ilə görüşdü. Nəticə olaraq xilafət Albaniyanın muxtariyyətinə toxunmadı və Cavanşirin müraciəti əsasında Albaniyanın ödədiyi vergi 3/1-ə qədər azaldıldı. Cavanşir 681-ci ildə Bizanspərəst feodallar tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Onun ölümündən sonra Xəzər ordusu hücuma keçdi və Albaniyanı yağmaladılar. 705-ci ildə Albaniyaya ərəb ordusu daxil oldu və Cavanşirin son vəliəhdini Dəməşqə apararaq edam etdi. Bununla da, Mehranilər sülaləsinin Albaniyadakə hakimiyyəti 705-ci ildə sonlandı, Albaniyanın daxili müstəqilliyi ləğv edildi. Bundan sonra uzun müddət Albaniya Ərəb xilafətinin təyin etdiyi canişinlər tərəfindən idarə edildi.
Atropatena Parfiya sülaləsi ilə Sasanilər arasında müharibə gedərkən Atropatenanın həm yuxarı, həm də sıravi sakinləri daha çox sonuncuları dəstəkləməkdə idilər. Beləliklə atropatenalılar Parfiya hökmdarı IV Artabanusa (216–224) qarsı I Ərdəşiri (224–242) dəstəkləməkdə idilər. Ərdəşirin Hormizdegan döyüşündə IV Artabanusu məğlub edib öldürməsindən sonra Atropatena da kiçik müqavimət ilə qarşılaşdı. Ərdəşir və onun varisi olan oğlu Şapur Salmas yaxınlığında qaya üzərində təsvir edilmişdirlər. Bir çoxları bunu Atropatenanın Sasani sülaləsinə tabe olmasının nümunəsi kimi dəyərləndirir. Atropatena sakinlərindən ən çox yuxarı təbəqə Sasaniləri dəstəkləməkdə idi. Bu dəstək onların yenidən dövlətin sabitliyi qorumağa nail ola bilmə istəkləri ilə bağlı idi. Eyni zamanda digər dinlərə qarşı daha mülayim olan Parfiya hakimiyyəti altında olan ruhani kəsim də özlərini daha çox zərdüştlüklə əlaqələndirən Sasaniləri dəstəkləməkdə idilər.
Din Yerli ənənəyə görə, xristianlıq Qafqaz Albaniyaslna I əsrdə Edessalı Müqəddəs Thaddeusun şagirdi Albaniyalı Müqəddəs Yelisey vasitəsilə gəlmişdir. Cənubi Qafqazdakı ilk xristian kilsəsi, Şimali Azərbaycanın şimal-qərbindəki müasir Şəki rayonuna daxil olan tarixi Uti bölgəsindəki Kiş kəndində Müqəddəs Yelisey tərəfindən Qafqaz Albanıyasında təsis edilib. Bu kilsə Qafqaz Albaniyasının sakinləri tərəfindən "ana kilsə" kimi qəbul edilirdi və krallıqda yayılmış xristianlığın təməli hesab olunurdu. IV əsrin əvvəlində monofizit Alban kilsəsi apostol kilsəsi olaraq dövlət təsisatı halına gəldi. Müqəddəs Qriqori tərəfindən xristianlığa qəbul edilən Urnayrın hakimiyyəti dövrdə, Qafqaz Albaniyası rəsmi olaraq xristianlığı qəbul etdi və bu, tədricən yayıldı. Moisey Klankatlu yazmışdı ki, "şahənşahın sərt əmrinə görə biz öz dinimizi tərk etməli və maqların pərəstiş etdiyi bütpərəst dini qəbul etməli olduq".
V əsrin ortalarında II Yezdəgirdin bacısının oğlu II Vaçenin dövründə Albaniya rəsmi şəkildə xristianlıqdan imtina edərək Zərdüştlüyə keçdiyini bildirdi. Bunda Sasani təsiri həlledici rol oynamışdı. Bundan sonra xristian dini tikililəri zərdüştlük mərkəzlərinə çevrildilər və xristianlar təqiblərə məruz qalmağa başladılar. 457-ci ildə II Yezdəgirdin ölümündən sonra II Vaçe zərdüştlükdən imtina etdi və xristianlığa geri döndü. O, xristianlığın Albaniyada yayılmasına nail olmaqla bölgədəki Sasani hakimiyyətini zəifltəməyə və onun tabeliyindən çıxmağa çalışırdı. III Mömin Vaçaqanın hakimiyyəti dövründə, müasir Azərbaycanın Ağdam bölgəsində 498-ci ildə toplanan Aquen kilsə məclisi toplandı. Vaçaqan tərəfində çağırılan kilsə məclisi xristianlığın Albaniyada daha da möhkəmləndirilməsi üçün qanunlar qəbul etməli idi. Məclis, Kilsənin strukturunu, funksiyalarını, dövlətlə münasibətlərini və hüquqi statusunu rəsmi şəkildə tənzimləyən iyirmi bir bənddən ibarət bir kodeks hazırladı. III Vaçaqan, Qafqaz Albaniyasını xristianlaşdırmaqda və krallığının hər tərəfindəki monastırlara ruhani heyət təyin etməkdə fəal iştirak etdi.
Atropatenaya xristianlıq çox az təsir göstərmişdir. Bura Zərdüştün meydana çıxmasından etibarən zərdüştlük dininə etiqad edən insanların mərkəzlərindən birinə çevrilmişdi. Zərdüştlüyün qədimliyi, Avestanın coğrafiyası haqqında məlumatın az olması kimi faktlar Zərdüştün doğulma yeri haqqında qeyri-müəyyənliyə səbəb olmuşdur. Nəticədə, bəziləri onun doğum yeri olaraq Atropatenanı irəli sürmüşdülər. Nəticədə bu iddialar Zərdüştün doğu yeri olaraq onun ortaya çıxdığı yer olan şərqdə deyil, Atropatenanın göstərilməsinə yol açdı.
Eyni zamanda Atropatena Zərdüştlüyün yaranmasından ərəb işğallarının başlamasına qədər keçən zaman ərzində fasiləsiz olaraq Zərdüştlük hakimiyyəti altında qalan yeganə yer hesab edilir. Bu dövr ərzindö yeganə istisna kimi Makedoniyalı İsgəndərin qısamüddətli hakimiyyəti göstərilə bilər. Sasani sülaləsinin hakimiyyətə gəlməsindən sonra Parf ənənələri yerinə Midiya ənənələrini üstün tutan yeni şahlar Atropatenaya xüsusi önəm verdilər. Çünki Midiya və Zərdüştlük ənənəsində Atropatena xüsusi yer almaqda idi.
Sosio-iqtisadi və mədəni həyat