Şəxsiyyətlər Muzeyi – Azərbaycanın Xaçmaz şəhərində yerləşən açıq səma altında muzey.

Tarixi Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılmışdır. Muzey 2006-cı ildə Xaçmazda tikilmiş 5 yeni muzeydən biri olmuşdur. Layihəsini rayon icra hakimiyyətinin başçısı və ixtisasca memar olan Şəmsəddin Xanbabayev vermişdir. 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulmuşdur. Azərbaycan prezidenti İlham Əliyev 2006 və 2011-ci illərdə muzeyi ziyarət etmişdir.

Xüsusiyyətlər Açıq səma altında yerləşən muzeydə Azərbaycanın tarixi şəxsiyyətlərinə aid heykəl və büstlər sərgilənir. Muzey yaradılarkən burada Nizami Gəncəvi heykəli ilə yanaşı, Azərbaycanın daha 14 tarixi şəxsiyyətinin büstü yerləşirdi. 2010-cu ildə aparılmış yenidənqurma işlərindən sonra muzeydə Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulmuşdur. 11 mart 2019-cu ildə muzeydə Hacı Zeynalabdin Tağıyevin büstü qoyulmuş, beləcə, muzeydəki tarixi şəxsiyyətlərin büstlərinin sayı 60-a çatmışdır. Muzeydə Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyov, Əliağa Vahid, Süleyman Rüstəm, Həzi Aslanov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Şövkət Ələkbərova, Nəsibə Zeynalova, Habil Əliyev, Molla Vəli Vidadi, Hacıbaba Bağırov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Əliağa Ağayev, Aşıq Ədalət, Əlibaba Məmmədov kimi şəxsiyyətlərin büstləri yerləşir.

Muzey Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin ön tərəfində yerləşir və ümumi sahəsi 2 hektardır. Burada beş fəvvarə və bulaq kompleksi yerləşir. Muzeyin hasarlarında tar, kamança, sazın şəkilləri həkk olunmuşdur.

İstinadlar

Xarici keçidlər İctimai TV-də reportaj

Kateqoriya:Xaçmaz rayonundakı muzeylər Kateqoriya:Azərbaycandakı açıq səma altında muzeylər Kateqoriya:Heykəl parkları Kateqoriya:Xaçmazdakı binalar və tikililər