Duzlu göl və ya Qızılı göl – Bakının Suraxanı rayonunda, Zığ–Hövsan avtomagistralının yaxınlığında yerləşən göl. Göldə çimmək qadağan olunsa da, gölü şəfa mənbəyi hesab edən insanlar yayda gölə axın etməyə davam edirlər.
Xüsusiyyətlər Gölün suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün göldə çimirlər. Ziyarətçilər gölün dibindən yığılmış palçığı bədənlərinə sürtürlər, daha sonra günəş vannası qəbul edirlər.
Gölü əsasən yaşlılar və Bakıya gələn turistlər ziyarət edirlər. Ruslar, ərəblər, Rusiya azərbaycanlıları göldə çimməyə gəlirlər. Gölün ətrafında 1993-cü ildən Zəngilan, Füzuli və Qubadlıdan olan məcburi köçkün ailələri yaşayır. Onlar gölün ətrafında tikdikləri duş, yeməkxana kimi obyektlərindən qazanc əldə edirlər.
Çimmək qadağası Göl suyunun bakterioloji vəziyyəti pis olduğu üçün və göldə antisanitariya şəraiti hökm sürdüyü üçün 2006-cı ildə baş dövlət sanitar həkiminin müavini tərəfindən imzalanan 25 saylı qərara əsasən göldə çimmək qadağan olunub. Gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmışdır. Buna baxmayaraq, gölə giriş məhdudlaşdırılmadığı üçün insanlar göldə çimməyə davam edirlər. Bəzi şəxslər göldə çimdikdən sonra yeni dəri xəstəliklərinə yoluxduqlarını iddia edirlər.
Yodlu göl Duzlu gölün 200–300 metr yaxınlığında Yodlu göl yerləşir. Bəzi ziyarətçilər Yodlu gölün Duzlu göldən daha müalicəvi olduğunu düşündükləri üçün bu göldə çimməyə üstünlük verirlər. İnsanlar bədənlərinə, ağrıyan nahiyələrə yodlu palçıq çəkirlər.
İstinadlar
Xarici keçidlər Duzlu göldən fotoreportaj
Kateqoriya:Suraxanı rayonunun gölləri Kateqoriya:Zığ Kateqoriya:Duzlu göllər Kateqoriya:Alternativ tibb Kateqoriya:Tibbi turizm