Vlodzimej Antoneviç (; ) — erməniəsilli Polşa arxeoloqu. O həmçinin, Varşava Universitetinin rektoru və Polşa Elmlər Akademiyasının üzvü olmuşdur.

Vlodzimej Antoneviç elmi işində Polşa torpaqlarının tarixdən əvvəlki arxeologiyasına diqqət yetirmişdir. O, arxeoloji tədqiqatlar əsasında Polşa ərazilərinin ən qədim tarixinin təsvirini təqdim etmişdir. Antoneviç Vislitsada qurduğu arxeoloji stansiyada romanesk binalarının qalıqlarını aşkar etmişdir. Bundan əlavə, o, ilk dəfə qədim slavyanların dinlərinin sintezini təqdim etmişdir.

Həyatı Vlodzimej Antoneviç 15 iyul 1893-cü ildə Sambirdə poçt nəzarətçisi və Yanvar üsyanının iştirakçısı olmuş Polşa ermənisi Karol ilə rəssam və ictimai fəal olan Vanda Kurovskanın ailəsində anadan olmuşdur.

Orta təhsilini Lvovdakı gimnaziyada başa vurmuşdur. Lvov Universitetində, Yagellon Universitetində, həmçinin Vyana, Paris və Praqa universitetlərində arxeologiya və coğrafiya üzrə təhsil almışdır. Onun müəllimləri arasında Yevgeni Romer və Ludomir Saviçki də var idi.

1920-ci ildən Varşava Universiteti ilə fəaliyyət göstərmişdir. O, Tarixdən əvvəlki və erkən orta əsrlər arxeologiyası kafedrasının müdiri (İkinci Dünya müharibəsindən sonra Polşa arxeologiyası kafedrası adlandırılmışdır), dosent (1924-cü ildən), professor (1928-ci ildən), Humanitar elmlər fakültəsinin dekanı (1934–1936) və nəhayət rektor (1936–1939) vəzifələrində çalışmışdır. 1937-ci ilin oktyabrında universitetdə getto seqreqasiyasını tətbiq edən əmr vermişdir.

1924–1939-cu illərdə Yerazm Mayevski adına Varşava Arxeologiya Muzeyinin direktoru vəzifəsində çalışmışdır. 1945–1946-cı illərdə Polşa Milli Arxeologiya Muzeyinin direktor müavini olmuşdur.

Bundan əlavə, o, Polşa Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutu və Dini Konfessiyalar və Xalq Təhsili Nazirliyi ilə əməkdaşlıq etmişdir. 1921–1934-cü illərdə Varşavada Azad Polşa Universitetində mühazirələr oxumuşdur. 1925–1934-cü illərdə Vilnüs Universitetində də mühazirələr oxumuşdur.

Seçilmiş əsərləri Vlodzimej Antoneviç həmçinin, ensiklopediyaçı idi. O, beş cildlik "Ilustrowana encyklopedia Trzaski, Everta i Michalskiego"nun 180 redaktoru arasında yer almışdır. Antoneviç burada arxeoloji mövzularda yazılar yazmışdır.

Vlodzimej Antoneviç 300-dən çox elmi məqalə nəşr etmişdir. Bunlara aiddir:

Baba kamienna w Dźwinogrodzie (1916) Archeologia przedhistoryczna jako przedmiot nauczania (1921) Pochodzenie i gatunki bursztynu w Europie (1923) Pradzieje ziem polskich (1927) Archeologia Polski. Zarys czasów przedhistorycznych i wczesnodziejowych ziem Polski (1928) O religii dawnych Słowian (1948-1949) Historia sztuki najdawniejszych społeczeństw pierwotnych (1957) Religia dawnych Słowian (1957)

Vlodzimej Antoneviç 1959–1970-ci illərdə "Pasterstwo Tatr Polskich i Podhala" (Polşa Tatra dağlarında və Podhaledə çobanlıq) seriyasının 10 cildini nəşr etmişdir. O, həmçinin karyerası ərzində "Wiadomości Archeologiczne", "Światowid" və "Postępy Archeologii" jurnallarının redaktoru kimi fəaliyyət göstərmişdir.

Mükafatları Vlodzimej Antoneviç bir sıra mükafatlar, ordenlər və fəxri fərmanlar almışdır, o cümlədən:

"Dirçəlmiş Polşa" ordeninin komandir xaçı (1938) "Fəxri legion" ordeninin cəngavər, zabit və komandiri. Müxtəlif Bolqarıstan və İtaliya mükafatları. Yuqoslaviya fəxri adları. Londonda Arxeologiya Cəmiyyətinin fəxri müxbir üzvü. 1937-ci ildə Kembricdə Tarixdənəvvəlki Cəmiyyətin üzvü.

İstinadlar

Kateqoriya:Polşa alimləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları