Subaba türbəsi — Azərbaycanın Quba rayonunun Alpan kəndində yerləşən türbə və tarix-memarlıq abidəsi. Türbə XVI əsrdə tikilib.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Erkən tarixi Subaba türbəsi Quba rayonunun Alpan kəndində yerləşir. XVI əsrdə tikilən bu türbə Səfəvilər dövründə Şah İsmayıl Xətainin qoşununun, Dərbənd yürüşü zamanı bu kənddən keçərkən vəfat etmiş sərkərdələrdən biri olan, sufi Mikayılın məzarı üzərində tikilib. Türbənin adı zaman keçdikcə Sufibaba, Sufbaba, Subbaba kimi dəyişərək Subaba adını alıb.

Azərbaycan mifoloq-türkoloqu Mirəli Seyidov isə Subaba türbəsini Sucəddim ayini ilə, suya inam ilə əlaqələndirir. "Sucəddim" ( "cəddim" "baba" mənasındadır) və "Subaba" sözləri arasındakı əlaqə də suya inamı göstərir. Həmçinin, türk xalqlarında müqəddəslərə baba deyilməsinə rast gəlinir. Subaba türbəsi Susay kəndindən başlayan çaylağın ayağındadır. "Susay" mürəkkəb sözü bir versiyaya görə "su" və "say" (saymaq, hörmət etmək) sözlərinin birləşməsindən əmələ gəlmişdir, "suya hörmət" deməkdir. Seyidova görə, su çaylağının ayağında belə bir abidənin tikilməsi təbiidir.

Müasir dövr 1918-ci ilin mart ayında erməni dəstələri Quba rayonunun Alpan kəndinə də hücum ediblər. Ermənilərdən zəif silahlanmış kənd camaatı müqavimət göstərsə də məğlub olublar. Bundan sonra ermənilər qəbiristanlığındakı baş daşlarını dağıdıb, Subaba türbəsini yandırıblar. Türbənin ətrafındakı qəbirlərin baş daşlarının üzərində güllə və qəlpə izlərinə rast gəlinir.

1980-ci illərdə azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə "Gəlin bir az düşünək" adlı məqaləsində bildirmişdir ki, Subaba türbəsi baxımsızlıq ucbatından məhv olmaq vəziyyətinə düşmüşdür.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə türbə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Uzun illər bərpa olunmayan türbə qəzalı vəziyyətdədir. Günbəzi uçub, divarları isə dağılıb.

Qalereya

Həmçinin bax Ağbil türbələri Pir-Cəlal türbəsi

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

6 əsrlik tarixi olan "Subaba" türbəsi baxımsız vəziyyətdədir - RTV, YouTube Qubada yüzlərlə tarixi abidə var. 1918-ci ildə ermənilərin dağıtdığı Subaba türbəsi onlardan biridir. İTV

Kateqoriya:Quba rayonunun abidələri Kateqoriya:Quba türbələri Kateqoriya:Azərbaycanın memarlıq abidələri Kateqoriya:XIV əsrdə yarananlar