Angeliki Panayotatu (; ) — Yunanıstan həkimi və mikrobioloq. O, müasir Yunanıstanda Yunanıstan universitetini bitirmiş ilk qadın həkim hesab olunur. Onun sələfi Mariya Kalaposakes isə Yunanıstanın xaricdə ixtisaslaşan ilk qadın həkimidir.
Həyatı Angeliki Yunanıstanda anadan olub. O və bacısı Aleksandra Arsakion məktəbini fərqlənmə ilə bitiriblər. Bacılar universitetə daxil olmaq üçün Varvakio məktəbinin diplomunu aldıqdan və Yunanıstanda qadınların universitetdə oxumasını qadağan edən rəsmi qanunun olmadığını sübut etdikdən sonra 1893-cü ildə Afina Universitetinin Tibb fakültəsinə qəbul edilən ilk qız tələbələr idilər. 1897-ci ildə Angeliki Afinadakı Tibb fakültəsini bitirən ilk qadın oldu.
Fəaliyyəti Təhsilini Almaniyada davam etdirən Angeliki məzun olduqdan sonra Afina Universitetinə müəllim kimi qayıtdı və universitetin tibb fakültəsinin gigiyena laboratoriyasında dərs deyən ilk qadın müəllim oldu. Lakin tələbələr buna etiraz etdilər və qadın olduğu üçün Angelikinin dərslərinə girməkdən imtina etdilər, buna görə də Panayotatu işdən çıxmaq məcburiyyətində qaldı. Bu hadisələrdən sonra Misirə köçən Angeliki Qahirə Universitetində tropik xəstəliklər üzrə ixtisaslaşan mikrobiologiya professoru oldu və İsgəndəriyyə xəstəxanasının direktoru kimi fəaliyyət göstərdi. Əməyinə görə o, 1902-ci ildə "Nil" ordeni ilə təltif edilmişdir.
Panayotatu Misirdə Angel Nayo təxəllüsü ilə "Fironların məzarlarında" kitabını nəşr etdirdi. O, 1934-cü ildə İsgəndəriyyə Yunan Qadınlarının Filologiya Cəmiyyətini qurdu və cəmiyyətin sədri oldu. İsgəndəriyyə şəhərində ilk yunan filoloji təşkilatı olan bu qurum Angelikinin ölümünə qədər fəaliyyət göstərdi.Καγκελάρη, Παναγιώτη Δ.: Αγγελική Παναγιωτάτου - Αικατερίνη Καγγελάρη, Δύο Κεφαλονίτισσες στην Αλεξάνδρεια και τα Φιλολογικά τους Σαλόνια , Πρακτικά Ε' Διεθνούς Πανιονίου Συνεδρίου, Ε.Κ.Ι.Ε., τόμ. 4, Αργοστόλι 1991, σελ. 361-366.
İsgəndəriyyədə məskunlaşdıqdan sonra Angeliki geniş spektrli elmi, mədəni və xeyriyyəçilik fəaliyyətini inkişaf etdirdi. O, 1942-1944-cü illərdə prezidenti olduğu, 1908-ci ildə yaradılmış "Birinci Ptolemey" Yunan Alimləri Assosiasiyasının fəaliyyətində fəal iştirak etmişdi.
Angeliki Panayotatu 1938-ci ildə Yunanıstana qayıtdı və Afina Universitetinin Tibb fakültəsinin professoru oldu. Sonralar Angeliki Yunanıstanda Gigiyena və Tropik Tibb üzrə birinci professor köməkçisi, 1947-ci ildə Afina Universitetinin Tibb fakültəsinin fəxri professoru, 1950-ci ildə isə Afina Akademiyasının ilk qadın üzvü oldu.
12 yanvar 1954-cü ildə, ölümündən on iki gün əvvəl, Angeliki vəsiyyət tərtib edərək, İsgəndəriyyədəki malikanəsini bundan sonra həmin mülkdə "Birinci Ptolemey" Assosiasiyasının yerləşməsi şərti ilə İsgəndəriyyənin yunan icmasına bağışlamışdı. 1961-ci ilin yanvarında vəfatının 7-ci ildönümü ilə əlaqədar malikanədə Angeliki Panayotatunun anım mərasimi keçirilmişdi. O vaxtdan bəri həmin binada onun ofisi, şəxsi və ailə xatirələri və əşyaları, eləcə də bütün kitabxanası muzey kimi qorunub saxlanılır.
İstinadlar
Kateqoriya:Professorlar Kateqoriya:Mikrobioloqlar