İranda Azərbaycana dəstək aksiyaları — 2020-ci ildə baş vermiş Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsindən sonra cənubi azərbaycanlılar tərəfindən Azərbaycana dəstək, İrana və Ermənistana qarşı olan aksiyalar və tədbirlər.
Bir neçə şəhərdə aksiyaların keçirilməsinin qarşısı alınıb. Ondan artıq şəhərdə baş vermiş aksiyalara isə təhlükəsizlik qüvvələri müdaxilə edib, aksiyanı dağıdıb iştirakçılarını həbs ediblər. Aksiya iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirərək, Ermənistana və İrana qarşı şüarlar səsləndiriblər. Saxlanılmış yüzlərlə vətəndaşın arasında qadınlar, qocalar və uşaqlar da olub. Onların bir çoxu həbs olunarkən zorakılıqla üzləşiblər. Bəziləri aksiyalar dağıdılan zaman, bəziləri isə həbsxanada işgəncələrə və döyülmələrə məruz qalıblar. Gözdən əlil olan Səccad Colani həbs olunarkən döyülüb və burnu qırılıb. Təbrizdə saxlanılmış Fatma İbrahimzadə 13 yaşlı qızı Kövsər Nemətinin gözləri qarşısında dindirilib və işgəncəyə məruz qalıb. Ərdəbildə həbs olunmuş 74 yaşlı Pərviz Siyabi həbsxanada döyülüb. Aksiya iştirakçılarının çoxuna şallaq cəzası da verilib. Hüquq müdafiəçiləri Jalə Təbrizli və Şahin Xiyavlıya görə məhkəmələrin bu cəzanı verməkdə məqsədləri milli fəalların şərəfini alçaltmaq olub.
Oktyabr ayında Amnesty International İranda müxtəlif şəhərlərdə azərbaycanlı milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeyd-şərtsiz azad edilmələrini tələb edib. Bir qrup cənubi azərbaycanlı feminist Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayaraq, sülhün təmin edilməsi üçün BMT qərarlarının həyata keçirilməsini və işğala son verilməsini tələb ediblər. İranda yaşayan 100 azərbaycanlı kinematoqrafçı Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləməklə Qarabağın azadlığına dəstək bəyanatı yayıblar. Güney Azərbaycan Şairlər və Yazıçılar Birliyinin təşkilatçılığı ilə İranda yaşayan 669 türk şair, yazıçı və alimlər Azərbaycanı dəstəkləyən bəyanat veriblər. Azərbaycan Tələbə Hərəkatı da Azərbaycana dəstək bəyanatı yayıb. Tələbə Hərəkatının bəyanatını Təbriz, Həmədan, Urmiya, Gilan, Zəncan, Ərdəbil və Tehran kimi şəhərlərdə yerləşən universitetlərdə fəaliyyət göstərən cənubi azərbaycanlılar tərəfindən yaradılmış müxtəlif tələbə təşkilatları, jurnalları və dərnəkləri imzalayıblar
2021-ci il oktyabr ayının 14-də Azərbaycan Respublikasında yaşayan hüquq müdafiəçiləri cənubi azərbaycanlı fəalların həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə, "Amnesty İnternational" təşkilatına və İrana müraciət ünvanlayıblar. Onlar aksiyalar zamanı milli fəallara təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsini, onlara qarşı qeyri-insani tərzdə davranmalarını, onların həbs edilmələrinin insan hüquqlarının pozulması kimi pisləyərək ciddi narazılıqlarını bildirib, onların dərhal azadlığa buraxılmasını tələb ediblər.
Tarixi Həm Birinci Qarabağ müharibəsi dövründə, həm də Qarabağ işğalda olduğu dövrdə illərlə İranın Ermənistana eləcə də Qarabağdakı qondarma rejimə yardım etməsinə qarşı etiraz edilib. Bu etirazlar müxtəlif vaxtlarda Azərbaycan vətəndaşları tərəfindən, dövlət səviyyəsində və ya dünya azərbaycanlıları eləcə də cənubi azərbaycanlılar tərəfindən edilib. Bundan başqa Azərbaycanda müxtəlif vaxtlarda baş verən hadisələr cənubi azərbaycanlılar tərəfindən dəstəklənib. Çox vaxt bu dəstək aksiyaları dağıdılıb, orada iştirak edənlər isə ya həbs olunub işgəncələrə məruz qalıblar ya da təqib olunublar. 200px|thumb|right|Abbas Lisani Birinci Qarabağ müharibəsi dövründə Tehran Universitetinin türk tələbələri Ermənistana qarşı etiraz yürüşü keçiriblər. Onlar əvvəlcə universitetin həyətində toplaşıblar. Daha sonra isə universiteti tərk edərək Ermənistan səfirliyinin qarşısına qədər yürüş etmək istəyiblər. Universitet rəhbərliyi isə onları buraxmamaq üçün qapıları bağlatdırıb. Nəticədə tələbələr universitetin qapılarını qıraraq İnqilab küçəsi boyunca yürüş keçiriblər. Onlar üzərində "Azərbaycan tək deyilsən, biz də varıq" və "Canım gözüm Qarabağ, şirin sözüm Qarabağ" yazılmış plakatlar qaldırıblar. Daha sonra Ermənistan səfirliyinin qarşısına çatıb, burada onların işğalçı addımlarını pisləyib, buna etiraz ediblər.
Sonrakı illərdə də cənubi azərbaycanlıların yaşadıqları bölgələrdə daim Qarabağ mövzusu gündəmdə saxlanılıb. 2004-cü ilin iyun ayında Ermənistanın dövlət nümayəndələri iqtisadi əməkdaşlıq məqsədilə Ərdəbilə gəliblər. Ermənistandan gələn heyətin tərkibində Qondarma Dağlıq Qarabağ Respublikasından da nümayəndələrin olması aşkar edildikdən sonra yerli əhali buna etiraz edib. Bu nəticə vermədikdə isə onlar Ərdəbilin Sərçeşmə məscidində bəstə oturublar. Məscidə hücum edən təhlükəsizlik qüvvələri bəstə oturan insanları döyərək həbs ediblər. Milli mədəni fəal Abbas Lisanini döyərək, huşunu itirənə qədər ağzını adyalla örtüblər. Bu döyülmə nəticəsində onun bir neçə qabırğası və burnu sınıb, ağ ciyəri və böyrəyi zədələnib. Daha sonra həbs olunaraq 2 gün naməlum yerdə tək nəfərlik kamerada saxlanılıb. Ərdəbil İnqilab Məhkəməsinin 7-ci şöbəsinə aparıldıqdan sonra daha 1 ay saxlanılması haqqında qərar verilib. Bundan sonra Lisani Ərdəbil həbsxanasında tək nəfərlik kamerada saxlanılıb. Burada dəfələrlə tibbi yardım üçün müraciət etsə də, bunun üçün aclıq aksiyası keçirsə də onun istəyi təmin edilməyib. 2004-cü il iyulun 22-də 200 milyon rial girov qoyulması müqabilində azadlığa buraxılıb. Sonradan 800 min rial dəyərində cərimə olunub və "ictimai asayişi pozduğuna görə" 15 şallaq cəzasına məhkum edilib.
2019-cu il fevralın 27-də Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda Ararat idman kompleksində erməni icması ilə görüşüb. Bu görüşündə o, üstündə "Qarabağ Ermənistandır və son" şüarı yazılmış banerlə şəkil çəkdirib. Daha sonra həm Azərbaycan Respublikasında həm də cənubi azərbaycanlılar arasına buna qarşı etirazlar oldu. 2019-cu il martın 1-də fəallar tərəfindən Tehranda yerləşən həmin kompleksin divarına "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır" şüarı yazılıb. 250px|thumb|left|"Traktor" futbol klubunun azarkeşləri Xocalı soyqırımını anırlar. 26 fevral 2010-cu il. 2019-cu il martın 1-də "Traktor" və "Sepahan" futbol klubları arasında Təbrizdə keçiriləcək qarşılaşmanı izləmək üçün gələn Ehsan İsmayıldoxt, Mehdi Həmzei və Babək Siyami adlı 3 Sulduz sakini həbs olunublar. Buna səbəb onların Azərbaycana dəstək məqsədilə üzlərinə "Qarabağ" yazmaqları olub. 1 ay 10 günlük həbsdən sonra azadlığa çıxan Ehsan İsmayıldoxt ölkəni tərk edib və daha sonra belindəki işgəncə izlərinin şəklini çəkərək paylaşıb. Oyun davam etdiyi müddətdə stadionda olan azarkeşlər "Qarabağ bizimdir, bizim olacaq!" şüarını səsləndiriblər. Bundan başqa üzərində ingiliscə "Qarabağ Azərbaycan torpağıdır", "Qarabağ bizimdir, bizim olacaq!" yazılmış 2 baner və Azərbaycan bayrağı qaldırıblar. Oyun bitdikdən sonra banerləri və bayrağı qaldırmaqda təqsirləndirilən 29 nəfər cənubi azərbaycanlı stadiondan çıxarkən həbs olunublar.
2019-cu il martın 2-də Ermənistanın Tehrandakı konsulluğunun binasının divarlarına güney azərbaycanlı fəallar tərəfindən üstündə "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır" yazılmış vərəqlər yapışdırılıb.
2019-cu il martın 9-da Urmiyada "90" futbol klubu ilə "Şahin" futbol klubları arasında baş tutmuş qarşılaşmada eləcə də 2019-cu il martın 14-də və aprelin 5-də Təbrizdə baş tutmuş "Traktor" futbol klubunun oyunlarında azarkeşlər qadağalara və təqiblərə baxmayaraq "Qarabağ bizimdir, bizim olacaq!" şüarlarından istifadə ediblər.
2020-ci il sentyabrın 3-də Tehranda İran kubokunun final oyunu keçirilib. Təbrizin "Traktor" futbol klubu Tehranın "İstiqlal" futbol klubunu məğlub etdikdən sonra qələbəni qeyd edən azarkeşlər Tehran küçələrində "Qarabağ bizimdir, bizim olacaq" şüarını səsləndiriblər.
2020-ci ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında olan Xankəndidə çəkilmiş video kadrlar Azərbaycanda etirazlara səbəb olub. Bu görüntülərdə erməni fəallar İrana aid yanacaq daşıyan avtomobilləri videoya çəkərək onların Xankəndinə gəlməsinə etiraz ediblər. Onlar bildiriblər ki qondarma rejim İrandan ucuz və keyfiyyətsiz yanacaq alır. Bundan sonra Azərbaycan İrandan rəsmi araşdırma tələb edib, İran isə bu iddiaları rədd edib.
2020-ci ilin iyun ayında müsahibə verən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Rusiyanın Ermənistana verdiyi silahların İran vasitəsilə çatdırıldığını qeyd edib.
İkinci Qarabağ müharibəsi başladıqdan sonra sosial şəbəkələrdə cənubi azərbaycanlılar tərəfindən çəkilmiş video kadrlar və şəkillər yayılıb. Bu kadrlarda Rusiyadan alınmış silah-sursat və hərbi texnikanın İran ərazisində yerləşən Nordüz sərhəd keçid məntəqəsi vasitəsilə Ermənistana daşındığını göstərilib. Bu isə cənubi azərbaycanlıların etirazlarına səbəb olub. 29 sentyabrda İran Xarici İşlər Nazirliyi bu iddiaları rədd edib. Daha sonra Azərbaycanda fəaliyyət göstərən KİV-lər hərbi texnikanın İran ərazisindən Ermənistana aparıldığını göstərən videogörüntüləri paylaşıblar. Azərbaycanlı millət vəkili Sabir Rüstəmxanlı İranın müxtəlif ölkələrdən Ermənistana silah daşınması ilə məşğul olduğunu bildirib. İran Prezidentinin İşlər İdarəsinin rəisi Mahmud Vaezi, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında iddiaları rədd edib və bu şayiələrin iki ölkə arasındaki münasibətləri pozmağa yönəldiyini bildirib. Oktyabrın 5-də isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə Tehranda keçirilən mətbuat konfransında İranın öz sərhəddindən Ermənistana silah və hərbi maşınların keçirilməsinə yol vermədiyini qeyd edib. Sonradan İran dövlətinə bağlı KİV-lər bu məsələ ilə bağlı ayrıca reportajlar hazırlayaraq kadrlarda əks olunan yük maşınlarının Ermənistan hökumətinin əvvəllər Rusiyadan aldığı Kamaz markalı yük maşınları olduğunu bildirdilər. Halbuki kadrlarda göstərilən Kamaz markalı maşınların mülki yox hərbi təyinatlı maşın olduğu da göstərilib. Reportajlarda həmin yük maşınlarının 670 ədəd olduğu qeyd olunub.
Tovuz döyüşləri dövründə 2020-ci il 12 iyul tarixində başlamış Tovuz döyüşlərindən sonra İranda yaşayan azərbaycanlılar Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Sulduz və Tehran şəhərlərində Azərbaycana dəstək aksiyaları keçirilməsi haqqında çağırış etdilər. Aksiya təyin olunduğu gündən əvvəl İran təhlükəsizlik qüvvələri bu şəhərlərdəki bəzi milli fəallara zəng edərək, bəzilərini isə çağıraraq hədələyib və mitinqdə iştirak etməkdən imtina etmələrini tələb edib. Mitinqdə iştirak edən və öncədən müəyyən edilmiş məkanlarda toplaşan vətəndaşlar çox sərt reaksiyaya məruz qalaraq döyülüblər, yürüşə isə icazə verilməyib. Buna baxmayaraq bir neçə şəhərdə aksiyalar baş tutub.
16 iyulda Təbrizdəki Azərbaycan konsulluğunun qarşısında yerli əhali tərəfindən Azərbaycana dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları Ermənistanın işğalçı siyasəti qınayıb, "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Qarabağ bizimdir, bizim olacaq!" şüarları səsləndiriblər. Aksiyada saxlanılmış Həkimə Əhmədi, Yasəmən Zəfəri, Sədullah Sasaniyan, Rəhim Sasaniyan və Mehdi Purəli 2021-ci ilin yanvar ayında Təbriz İkinci cəza Məhkəməsinin 112 saylı şöbəsi tərəfindən "ictimai asayişi pozmaq", "qanunsuz toplanışlarda iştirak edərək ictimai asayişi pozmaq" və " zabitlərə qarşı üsyan etmək" ittihamı ilə hər biri bir il həbs və 60 şallaq cəzasına məhkum ediliblər.