Vərqa və Gülşa — XIV əsrdə yaşamış Azərbaycan şairi Yusif Məddah tərəfindən qələmə alınmış əsər. Ərəb əfsanəsi olan, buna baxmayaraq ilk dəfə İran ədəbiyyatında məsnəvi kimi görünən Vərqa və Gülşa hekayəsi Qəznəvilər dövründə Əyyuqi adlı bir şair tərəfindən qələmə alınıb. Bu mövzu İran ədəbiyyatının digər məsnəvi mövzuları kimi geniş yayılmayıb. Vərqa və Gülşa mövzusu türk ədəbiyyatında ilk dəfə 1368–1369-cu ildə Yusif Məddah tərəfindən işlənilib.

Müəllif Yusif Məddahın həyatı haqqında çox məlumat yoxdur. XIV əsrdə yaşadığı məlumdur. Lakin onun doğum və ölüm tarixi məlum deyil. Onun adı sadəcə Şeyxoğlunun "Kənzül Kübəra və Məhəkkül-Uləma" adlı əsərində çəkilir. Müəllif həmçinin əsərinə Vərqa və Gülşa məsnəvisindən aşağıdakı beyti daxil edib:

"Sənligün gedər hicab olmuş sənəSən onun üzünə onsuz baxsana"

İ. Hikmət şairi daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərviş hesab edir. Bu mülahizəni söyləyərkən о, əsasən, Yusif Məddahın fars dilində yazdığı ''Xamuşnamə'' məsnəvisindəki fikirlərə əsaslanır. Çünki burada ötəri də olsa, bu barədə məlumat verilmişdir. Sənətkar ''Vərqa və Gülşah'' pоemasının sonunda öz adını işlədərək yazır: Yusifi Məddahi-biçarə anun,

Еşqi yolunda fəda eylə canun

Çox ehtimal ki, şairin əsl adı Yusifdir, Məddah isə onun təxəllüsüdür. ''Məddah'' sözünün bir mənası Allahı, peyğəmbəri və başqa müqəddəs şəxsiyyətləri öyən, mədh edən deməkdir.

Sənətkarın ''Vərqa və Gülşa'' pоemasından əlavə 3 əsərinin olduğu da bəllidir:

1.''Xamuşnamə'';

2.''Dastani-İblis Əleyhillanə'';

3.''Məqtəl-i Hüseyn''.

Fars dilində məsnəvi formasında yazılmış ''Xamuşnamə''də susmağın hikmət və fəzilətlərindən danışılır. İkinci əsər Məhəmməd peyğəmbərlə Şeytan arasında baş verən bir əhvalatla əlaqədar məsnəvidir. Üçüncü əsər – ''Məqtəl-i Hüseyn'' isə Əbu Mihənfdən tərcümədir. Əsər 1361-ci ildə Candaroğluları hökmdarlarından Kötürüm Bəyazidə həsr olunmuşdur.

Tədqiqi Yusif Məddahın ən məşhur əsəri hesab edilən Vərqa və Gülşa məsnəvisi barədə elm aləminə ilk dəfə M. Fuad Körpülü məlumat vermişdir.Daha sonra İsmayıl Hikmət Ərtaylan əsərə yığcam giriş yazıb, sözlük tərtib etmiş, habelə Vərqa və Gülşa poemasının Türkiyədə qorunub saxlanılan hər iki nüsxəsinin fotofaksimilesini vermişdir. Bundan sonra abidə bir müddət unudulmuşdur.

1976-cı ldə Greys Martin Smit "Yusuf-ı Meddah, Varqa ve Gülşah A Fourteenth Century Anatolian Turkish Mesnevi" adlı məqaləsində adı çəkilən məsnəvinin tədqiqinə dair əhəmiyyətli məlumatlar vermişdir.

1977-ci ildə ədəbiyyatşünas alim Əliyar Səfərli Məshinin “Vərqa və Gülşa” poemasını tərtib edərkən əsərə yazdığı ön sözdə XIV əsrdə qələmə alınan bu məsnəvidən də söz edir və hər iki əsəri sənətkarlıq və bədii cəhətdən müqayisə edir.

Pоemanın dili üzərində geniş elmi araşdırma aparan C.Qəhrəmanov və Z. Hacıyeva da əsərin Azərbaycan türkcəsində yazıldığını ibarədə sübutlar təqdim etmiş, həmçinin onun əldə olan tam mətnini 1988-ci ildə geniş sözlə birlikdə Bakıda tərtib və nəşr etdirmişlər.

Əsər Türkiyədə 2001-ci ildə türk alim Kazım Göktəkin tədqiqatı və nəşri ilə istifadəyə verilib. 2007-ci ildə Göktəkin məsnəvinin tənqidi mətnini nəşr etdirir. Burada həm dilçilik baxımından araşdırmalara həm də Yusif Məddahın həyatı və fəaliyyəti haqqında məlumatlara yer verilib.

Məzmunu Məhəmməd Pеyğəmbərin dövründə Məkkədə Bəni-Şеybə qəbiləsinin Hümam və Hilal adlı iki rəisi vardır. Bunlar qardaşdırlar. Bir gün Hümamın oğlu, Hilalın isə qızı olur. Oğlana Vərqa qıza isə Gülşah adı verirlər və onları beşikkərtmə edirlər. 5 yaşlarına çatdıqda elm və ədəb öyrənmək üçün məktəbə göndərilirlər və burada bir birlərinə aşiq olurlar. 7 yaşa çatdıqda hər ikisinə silah təlimi verilir. 12 yaşlarında qəbilə rəisləri uşaqların evləndirilməsinə qərar verirlər və toyları edilir. Bu hadisələr baş verərkən Bəni Zeyf qəbiləsinin başçısı Bəni Əmr Gülşahın gözəlliyini eşidir və ona aşiq olur. O, Gülşahı atasından istəmək üçün yola çıxır və yolda ikən toy xəbərini eşidəndə toya basqın edir və Gülşahı qaçırır.

Toy epizodu Gülşahın qaçırılması ilə başlayır. Bu bəyin altmış min əsgərinə qarşı Vərqa tayfasının on iki min əsgəri var. Vərqa hücum planını dəyişir və onlar haqqında məlumat toplamaq üçün düşmən qəbiləsinə casuslar göndərir. Bir gecə Vərqa Gülşahı qaldığı çadırdan qaçıraraq xilas edir, lakin Bəni Əmr onların arxasınca gedəndə Gülşah onunla döyüşmək üçün çıxır və yenidən əsir düşür. Sonrakı döyüşlərdə Bəni Əmr Vərqanın atası Hümamı öldürür. Son döyüşdə Vərqanın atının büdrəməsi nəticəsində Vərqa Bəni Əmr tərəfindən əsir götürülür. Gülşahın hiləsi nəticəsində Gülşah və Vərqa bir gecə Bəni Əmri öldürür və sevgililər öz qəbilələrinə qayıdırlar. Yenidən toy planlaşdırılsa da, Gülşahın anası süd haqqı istəyir, amma yetim qalan Vərqanın buna gücü çatmır. Vərqa himayəsində olan qara qulam vasitəsilə dayısı Yəmən şahına məktub göndərərək ondan bu problemin həllinə kömək etməsini xahiş edir, lakin Vərqa dayısından cavab almır. Maraqlısı budur ki, məktub gəlmədiyi kimi, qulam da gəlmir.

Vərqa dayısının yanına getmək üçün yola çıxır və yolda dayısının düşmən tayfası ilə döyüşdüyünü öyrənir. Dayısı ona məktub gəlmədiyini bildirir. Düşmən tayfasının ağası Məlik Əntərdir. Vərqa dayısına kömək etmək istəyir və igidliyi ilə dəfələrlə Məlik Ənterə qalib gəlir. Döyüşdən vaz keçən Məlik Əntərin hiyləgər vəziri intriqa planlaşdırır və Məlik Əntəri geri çəkilmək qərarından çəkindirir. Hadisələrin axarını dəyişən bu hiylə ilə Vərqa ələ keçirilir. Vərqanın ölümdən qorxmaması və Gülşahla görüşmək üçün yalvarması cəllada çox təsir edir. Söhbət edirlər və bir-birlərini tanımağa başlayırlar. Bu cəllad məktubu Vərqanın dayısına aparan qara qulamdır; O, yolda oğrular tərəfindən tutulub və ağasını utandırmamaq üçün geri qayıtmayıb. Gecə yarısı Məlik Əntər zəncinin köməyi ilə öldürülür və bu ölüm xəbəri Vərqanın dayısına çatır.

Vərqanın dayısı  Məlik Ənterdən qazandığı qənimətləri Vərqaya hədiyyə edir və nişan məclislərindən sonra ona çoxlu sayda əsgər verərək bacısı oğlunu yola salır. Vərqanın mübarizələrlə dolu Yəmən macərası zamanı Məkkədə bəzi hadisələr baş verir. Şam ölkəsində Məlik Möhsün adlı bir hökmdar Gülşahın gözəlliyini eşidib ona aşiq olur və böyük hədiyyələr və əsgərlərlə yola düşür. Məqsədi Gülşahı atasından istəməkdir. Hilal ölmüş qardaşının oğluna söz verdiyini bildirir və qızını hökmdara vermək istəmir. Hilalın arvadı deyir ki, aylar keçsə də Vərqa gəlməyib. Gülşahın anası Şam hökmdarının qüdrətinə və sərvətinə heyran qalaraq, Hilalı razı salmaq üçün hiyləyə əl atır. Vərqanı Gülşahın öldüyünə inandırmaq üçün qoyun kəsib məzara basdırırlar. Hökmdarla evli olan Gülşah yola düşməzdən əvvəl üzüyünü sirdaşına verib, Vərqaya çatdırmasını xahiş edir. Dəməşqdə toy gecəsindən əvvəl Gülşah xəncəri çıxararaq Məlik Möhsünə deyir ki onu toxunsa ihtihar edəcək. Həmçinin Vərqaya olan eşindən bəhs edir. Məlik Möhsün bundan sonra onu bacısı kimi qəbul edir.

Vərqa Məkkəyə qayıdanda qəbiləni qara geyinib yas içində görür. Vərqaya Gülşahın öldüyü deyilir və Vərqanı məzarına aparırlar. Vərqanın bütün silahları onun öz həyatına qəsd etməsinin qarşısını almaq üçün ondan alınır. Gülşahın sirdaşı səfalət içində qıvrılan Vərqanın köməyinə gəlir və üzüyü ona verib hiylədən danışır. Vərqa qəbri qazır və bir qoyun meyitinə rast gəlir.

Beləliklə, Vərqanın ikinci səyahəti başlayır. Vərqa yolda qırx nəfərlik oğru dəstəsinə rast gəlir və onlarla toqquşur. Ç oxunu öldürsə də, özü yaralı halda ağacın altında huşunu itirir. Bir gün gəzintiyə çıxan Məlik Möhsün və əsgərləri onu tapırlar. Vərqa bu adamın hökmdar olduğunu təxmin edir, özünü tacir kimi təqdim edir və yolda oğrular tərəfindən qəsb edildiyini deyir. Məlik Möhsün onu sarayına gətirir, müalicə etdirir. Məlik Möhsün Vərqanın simasını Gülşahın simasına bənzədir və bu onda şübhə doğurur. Məlik Möhsün bu hadisəni Gülşaha danışır. Bir gün Vərqa baxıcı vasitəsilə üzüyü Gülşaha çatdırır.  Gülşah üzüyü alandan sonra sarayın bağçasında Vərqanı görür və huşunu itirir. Aşiqlərin görüşdüyünə şahid olan Məlik Möhsün bu vəziyyətə çox sevinir. Vərqaya təzə paltar geyindirir, onların macərasını dinləyir.

Aylar keçir və Vərqa qəbiləsini ziyarət etmək üçün qayıtmaq qərarına gəlir. Gülşah buna mane olmaq istəyir və bir müddət daha qalmasına nail olur. Vərqa təkrar getmək istədikdə Məlik Möhsün onları evləndirmək istədiyini bildirir. Lakin Vərqa qulamla birlikdə yola düşür.

Yolda Vərqa qulamdan atları otarmağı xahiş edir və bir az uzaqlaşır. Canını almaq üçün Allaha dua edən Vərqanın duası qəbul olur və yerindəcə dünyasını dəyişir. Qulam bu hala kədərlənir. Yoldan keçən iki sərnişindən kömək istəyir və  üçü birlikdə Vərqanı basdırırlar. Qulam aşiqin məzarı başında gözləyir. Digər iki sərnişin isə bu ölüm xəbərini Gülşaha çatdırır. Bir qrup insan Məlik Möhsün və Gülşahla birlikdə yola düşərək Vərqanın məzarına gəlirlər. Gülşah Məlik Möhsündən icazə alıb Vərqanın məzarına gedib dua edir. Daha sonra isə məzar başında intihar edir. Məlik Möhsün iki sevgilini bir-birini qucaqlamış şəkildə dəfn edir və qəbri məqbərəyə çevirir. Bir müddət sonra Hz. Məhəmməd, Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman, Hz. Əli və yoldaşları səfərdən qayıdarkən Məlik Möhsünin qonağı olurlar. Hz. Peyğəmbər Məlik Möhsündən hamının niyə qara geyindiyini soruşduqda, Məlik Möhsün baş verənləri izah edir. Sonra aşiqlərin məzarına gedirlər. Səhabələr Məhəmməd peyğəmbərdən bu iki sevgilinin dirilməsi üçün dua etməsini xahiş edir. Peyğəmbər qəbul edir. Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli ömrünün on ilini bu sevgililərə bağışlayır. Allah, Peyğəmbər Məhəmmədin duasını qəbul edir və oradakı insanlar “Amin!” deyirlər. Bunu deyəndə aşiqlər qəbirdən çıxıb dirilirlər. Hz. Məhəmməd bu iki sevgilinin nikahını həyata keçirir. Vərqa ilə Gülşah qırx il xoşbəxt yaşayırlar.

Əsas xüsusiyyətləri

Mövzu Vərqa və Gülşa poemasının mövzusunun haradan alınması və hansı xalqın təfəkkürünün məhsulu olması ilə bağlı bir çox fikir irəli sürülmüşdür. Məsələn Ə. Atəşin fikrincə əfsanə ərəb ədəbiyyatından, ərəb folklorundan gəlir. Lakin bu mövzunu türk xalqlarının şifahi xalq ədəbiyyatı ilə bağlayanlar da var. Əliyar Səfərli bu barədə yazır:

"Vərqa və Gülşa hekayəsi türk xalqlarının şifahi xalq yaradıcılığı ilə bağlı olmuş və yaxun ənənələr üzərində yüksəlmişdir. Əfsanə buradan baş alaraq Yaxın Şərqə yayılmışdır."

Qəhrəmanov-Hacıyeva da bu fikri təsdiqləyir və poemanın "Arzı Qəmbər" adlı kərkük xalq dastanı ilə eyni motivlər üzərində qurulduğunu bildirirlər.

Yaqub Babayevə görə ''Arzı Qəmbər'' dastanı ilə ''Vərqa və Gülşa'' arasında ciddi mövzu və süjet yaxınlığı vardır. Hadisələrin çoxu oxşardır və hər iki əsərdə üstüstə düşən motivlər kifayət qədər qabarıqdır.

H. Ərtaylanın fikrincə, əsərin mövzusu islami və təsəvvüf mahiyyətindədir və əsərdəki bəzi ifadələr sufi baxışı və düşüncəsini ifadə etsə də, Peyğəmbərin duası ilə dirilmə motivi təsəvvüflə uyğun gəlmir. Bu baxımdan əsər özünəməxsus xüsusiyyəti olan bir məsnəvidir. Smit Ərtaylanın fikrini qəbul edir və hesab edir ki, əsərdə mistik mövzu kiçik yer tutsa da, əsər tam mistik povest kimi qəbul edilə bilməz və buna görə də əsərdə "eşq və müharibə" mövzusu üstünlük təşkil edir. Qəhrəmanov-Hacıyeva əsərdə təsəvvüf elementlərinin çox az olduğunu bildirir. Çələbioğlu əsəri belə dəyərləndirir: "Vərqa və Gülşah məsnəvisi ara-sıra öyüd-nəsihət qoşmalarından ibarət olsa da, islami ləzzətli, bəzi təsəvvüf motivləri və ilahi eşq qoxusu daşısa da, mahiyyətcə insani bir sevgi hekayəsidir". Qocatürk isə bu əsərin bəzi çağdaş əsərlərdən daha inkişaf etmiş mistik ab-havaya malik olduğu qənaətindədir.

Quruluşu ''Vərqa və Gülşa'' məclislər şəklindədir. Bu ənənə XIII–XIV əsr epik abidələrinin çoxuna xas bir bədii formadır. Görünür, bu epik əsərləri xalq arasında, məclislərdə söyləmək, nağıl etmək ənənəsi ilə əlaqədar olmuşdur. Əsər orta əsr pоemalarına məxsus bir bədii formada – məsnəvi formasında qələmə alınmışdır, altı məclisdən və qəhrəmanların bir birinə söylədiyi 12 qəzəldən ibarətdir. Məclislərin adı ərəbcə verilmişdir: